22 iyun 2017 20:08
1275

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

İyunun 22-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2017-ci il buraxılışı münasibəti ilə tədbir keçirilib.

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kursantları salamlayıb, Heydər Əliyev adına Hərbi Lisey kursantlarının 17-ci buraxılışı - məzun günü münasibətilə liseyin kursant, zabit və müəllimlərini, valideynləri təbrik edərək deyib: Builki məzunlar da nəzərə alınmaqla ötən dövr ərzində Heydər Əliyev adına Hərbi Liseyi 2353 kursant bitirmişdir. Hazırda onlardan 1300-dən çoxu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir. Bu, Ulu Öndərimizin adını daşıyan hərbi təhsil müəssisəsinin müstəqil dövlətimizdə ordu quruculuğuna mühüm töhfəsidir. Ötən dövrdə hərbi lisey böyük inkişaf yolu keçmişdir. 19 il əvvəl 56 kursantla fəaliyyətə başlayan liseydə bu gün 625 kursant təhsil alır. Kursantların ən müasir tələblər səviyyəsində təhsil alması, onların sağlamlığı və fiziki tərbiyəsi üçün lazım olan bütün tədbirlər görülmüşdür.

Ali Məclisin Sədri demişdir: Bu gün bizim ən böyük milli dəyərimiz dövlət müstəqilliyimiz və vətən məhəbbətidir. Azərbaycan ordusunun zabiti olmağın şərəf və məsuliyyəti də məhz bundan ibarətdir. Zabit təkcə peşə vərdişi və nəzəri hazırlığı ilə yox, eyni zamanda mənəvi keyfiyyətləri ilə də seçilməli, nümunə göstərməyi bacarmalıdır. Sizin bir çoxunuz gələcəkdə hərbi hissələrin komandiri olacaq, hərbi təlimlərə başçılıq edəcək, şəxsi heyətlərin vətənpərvərlik tərbiyəsi ilə məşğul olacaqsınız. Bu işə indidən hazır olun! Milli dəyərlərimizi, tariximizi və qəhrəmanlıq ənənələrimizi yaxşı öyrənin. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi: “Heydər Əliyev adına Hərbi Liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu liseydə təhsil alan gənclər Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar”.

Ali Məclisin Sədri bundan sonrakı təhsildə və hərbi xidmət dövründə liseyin bütün kursantlarına və məzunlarına uğurlar arzulayıb.

Hərbi liseyin rəisi, general-mayor Elman Orucov çıxış edərək deyib ki, ötən dövrdə hərbi liseydə yaradılmış maddi-tədris bazasından səmərəli istifadə olunub, məzun olan 214 kursanta hərtərəfli bilik verilib, onlar dövlətçiliyimizə və milli dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunublar. Liseydə tədrisin və təlim - tərbiyənin keyfiyyətini yüksəltmək, kursantların fiziki və mənəvi-psixoloji cəhətdən tam hazır olmaları üçün daim yeni metodlar tətbiq olunur. Kursantlar il ərzində şəhər və muxtar respublika miqyaslı fənn olimpiadalarında, idman yarışlarında, bədii özfəaliyyət baxış - müsabiqələrində müntəzəm    iştirak edərək layiqli yerlər tutublar. 2017-ci ildə 670 gənc hərbi liseyə qəbul olunmaq üçün müraciət edib. Bu gün liseydə muxtar respublika ilə yanaşı, ölkəmizin digər bölgələrindən olan gənclər də təhsil alır. Heydər Əliyev adına Hərbi Lisey bundan sonra da peşəkar və vətənpərvər hərbi kadrların yetişdirilməsi işinə öz layiqli töhfəsini verəcəkdir.

Tədbirdə çıxış edən valideyn Ariz Ağayev deyib: Mən xoşbəxtəm ki,  övladım hərbi peşəni seçib. Həm də ona görə xoşbəxtəm ki, övladım Heydər Əliyev adına Hərbi liseyin məzunudur. Burada yaradılan şərait, övladlarımıza göstərilən qayğı bütün valideynlər tərəfindən razılıq və minnətdarlıqla qarşılanır. Bir də ona görə xoşbəxtəm ki, övladım dövlət müstəqilliyimizin qarantı olan və hər gün qüdrətini daha da artıran Azərbaycan ordusunda zabit kimi xidmət edəcəkdir. Övladlarımız bundan sonra da ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiq qalacaq, onlara göstərilən etimadı layiqincə doğruldacaqlar.

Kursant Eldəniz Nağıyev deyib: Ordumuza bilikli və peşəkar zabitlər gərəkdir.Bu məqsədə nail olmaq üçün əzmlə çalışacaq və ərazi bütövlüyümüzün müdafiəsi naminə bütün qüvvələrimizi səfərbər edəcəyik. Biz Azərbaycanın gələcək sərkərdələriyik. Tədrisin düzgün təşkili imkan verdi ki, kursantlar yaxşı təhsil almaqla yanaşı, həm də əsl zabit kimi vətənpərvər, qorxmaz, cəsur və qəhrəman yetişsinlər. Ulu Öndərimizin ümidlərini, arzularını doğruldacaq, Ali Baş Komandanımız cənab İlham Əliyevin hər bir əmrinə hazır olacağıq:

Düşmənlərdən intiqamı özüm almaq istəyirəm,

Məsləkimi bilsin hamı, zabit olmaq istəyirəm.

Torpağını öz canından, varlığından əziz tutan,

Hər atəşi hədəfinə düz tuşlayıb sərbəst atan

Zabit olmaq istəyirəm.

Mərd əllərdə iti kəsən, ovxalanmış qılınc səsi

Haqq yolunda mətinləşən, fədakarlıq nümunəsi,

Zabit olmaq istəyirəm.

Eldəniz Nağıyev liseydə hərtərəfli təhsil üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə bütün kursantlar adından minnətdarlığını bildirib.

Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.

Kursant Elşad Cəfərov təhsil ocağının rəmzi kötüyünə xatirə birkasını vurub.

Orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.

Sonra Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib.

Ali Məclisin Sədri yeməkxanada olub, kursantların qidalanması ilə maraqlanıb, valideynlərlə görüşüb.

Valideyn Naibə Nəbiyeva Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: Hərbi liseydə kursantların hərtərəfli təhsil alması, dövlətimizə, xalqımıza layiqli övlad kimi yetişməsi üçün bütün şərait yaradılıb. Lisey inkişaf edərək mətinlik məktəbinə çevrilib. Hər bir valideyn qürur duyur ki, övladı Heydər Əliyev adına Hərbi Liseydə təhsil alır, hərb sənətini öyrənir. Fəxr edirik ki, övladlarımız qüdrətli və yenilməz ordumuzun zabiti olacaq, müstəqil Azərbaycanın müdafiəsində ayıq-sayıq dayanacaqlar. Daim onların qələbə sədasını eşitmək bir ana, valideyn olaraq bizim ən böyük arzumuzdur.

Liseyin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: Müəllimlərin fəaliyyətinin nəticəsi olaraq bu il liseyin 214 kursantı Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. Bu, gələcəkdə ordumuzda xidmət edəcək 214 zabit deməkdir. Ordunun möhkəmliyi, ordunun inkişafı zabit hazırlığından başlayır. Heydər Əliyev adına Hərbi Liseyin müəllimləri gələcəyin zabitini yetişdirməklə yanaşı, həm də ölkəmizin sərhədlərinin etibarlı müdafiəsinə zəmin yaradırlar. Ona görə də hər bir kursant hərtərəfli hazırlanmalı, ölkəsinin tarixini bilməli, milli dəyərlərinə hörmət etməlidir. Heydər Əliyev adına Hərbi Liseydə kursantların təhsili, təlim-tərbiyəsi və vətənpərvər yetişməsinə ciddi diqqət yetirilir. Bütün bunların nəticəsidir ki, liseyin məzunları ali hərbi məktəblərdə təhsillərini uğurla başa vururlar.  

Ali Məclisin Sədri Heydər Əliyev adına Hərbi Liseydə tədrisin və təlim-tərbiyənin hərtərəfli təşkilinə görə kollektivə təşəkkür edib.