SOCAR-ın “Azneft” İstehsalat Birliyi Qaz Anbarlarının İstismarı İdarəsi (QAİİ) respublikamızın ən mühüm strateji obyektlərindən biri kimi əhalinin payız-qış aylarında qaza olan tələbatının tənzimlənməsində, magistral və ixrac qaz kəmərlərinin fasiləsiz istismarında mühüm rol oynayır. Prezident İlham Əliyevin 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı Dövlət Proqramı”nın 33-cü bəndində mövcud yeraltı qaz anbarlarının (YQA) aktiv qaz həcminin genişləndirilməsi və mərhələlər üzrə qaz tutumunun 5 milyard kubmetrə çatdırılması qarşıda duran əsas hədəflərdəndir.
Qaz Anbarlarının İstismarı İdarəsinin kollektivi 2017-ci ilin birinci yarısını uğurla başa vurub. İdarənin rəisi Rövşən Qarayevin sözlərinə görə, bu ilin yanvar-iyun aylarında istehsalat xərclərinin azaldılması, cari və əsaslı təmir işlərinin vaxtında və keyfiyyətlə aparılması, işçilərin iş şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik və ekologiya sahələri üzrə mühüm tədbirlər həyata keçirilib. Belə ki, 2016-2017-ci illərin qazgötürmə mövsümünü aprel ayının əvvəllərində uğurla başa çatdıraraq YQA-lardan 2 milyard 83 milyon kubmetr qaz çıxarılaraq ölkəmizin qaz təchizatı sisteminə nəql olunub. Bu ilin qış mövsümündə YQA-lardan gündəlik 20-26 milyon kubmetr qazın çıxarılması ölkəmizin əhalisinin qaza olan tələbatının ödənilməsində Qaz Anbarlarının İstismarı İdarəsinin əvəzsiz yer tutduğunu bir daha sübut edir. Qeyd olunan göstərici qazgötürmə mövsümlərində YQA-lardan çıxarılan qazın gündəlik ən yüksək göstəricisi kimi qeydə alınıb.
2017-ci ilin dövlət tapşırığını yerinə yetirmək məqsədilə qazvurma mövsümü Qalmaz YQA üzrə 30.03.2017-ci il tarixdən, Qaradağ YQA üzrə 10.04.2017-ci il tarixdən başlanıb. R.Qarayev bildirdi ki, hazırda YQA-lara qazın vurulması prosesinin qızğın çağıdır. Belə ki, YQA-lara gündəlik vurulan qaz həcmləri 14-15 milyon kubmetr təşkil edir. 03.07.2017-ci il tarixə QAİİ üzrə 927,7 milyon kubmetr, o cümlədən Qalmaz YQA üzrə 427,7 milyon m3, Qaradağ YQA üzrə 500 milyon kubmetr qaz anbarlara vurulub və qazvurma mövsümü mütəşəkkil qaydada davam etməkdədir. Hazırda ötən mövsümlərdən qalan qalıq qazla birlikdə aktiv qazın həcmi 1 milyard 716 milyon kubmetr təşkil edir.
01.07.2017-ci il tarixə Qaz Anbarlarının İstismarı İdarəsinin istismar quyu fondu 161 quyudan ibarətdir. QAİİ-nin quyu fondunda 17 fəaliyyətsiz, 14 müşahidə quyusu, 9 uducu quyu və 227 ləvğ edilmiş quyu var. 3 quyu Tumbul sahəsində qazmadan çıxıb və konservasiyadadır. 9 quyu ləğv gözləyən quyu fondundadır. YQA-larda aktiv qaz həcminin artırılması məqsədilə quyu fondu daim təhlil olunur və araşdırılır, YQA-larda yeni quyular qazılır, yataqların hermetikliyini təmin etmək məqsədi ilə ləğv və təkrar ləğvetmə işləri aparılır. QƏ və YTS-də 3 əsaslı təmir briqadası fəaliyyət göstərir ki, bunlardan 2 briqada Qaradağ QSS-də, 1 briqada isə Qalmaz QSS-də quyularda təmir işləri aparır. 2017-ci ilin 6 ayı ərzində 26 quyuda əsaslı, 1 quyuda cari təmir işləri, 8 quyuda təkrar ləğvetmə işləri aparılıb. İlin əvvəlindən Qaradağ YQA-da 2 quyu qazılaraq istismara verilib, 2 quyuda isə qazma işləri davam edir.
Rövşən Qarayev qeyd etdi ki, unikal obyektlərdən sayılan və dövlətin mühüm strateji obyektlərindən olan yeraltı qaz anbarlarının yenidən qurulması, qorunub saxlanması, yeraltı qaz anbarlarının düzgün istismarında, qabaqcıl texnologiyaların tətbiqində böyük nailiyyətlər əldə olunub. İdarədə nəql olunan qazı tələblərə uyğun hazırlamaq məqsədilə bir sıra zəruri tədbirlər görülür. Qalmaz qazsaxlama sahəsinin qazpaylama məntəqəsinin qazvurma-qazgötürmə imkanlarını artırmaq məqsədilə əlavə 5 quyuluq manifold sisteminin tikintisi sona çatdırılıb. Burada 5 quyuluq manifold qovşağı tikilib, quyulara şleyf xətləri çəkilib və mövcud sistemlə əlaqələndirilib.
İdarə rəisi onu da vurğuladı ki, Qaradağ qazsaxlama sahəsində SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən işlənmiş layihəyə əsasən qazpaylama məntəqəsinin genişləndirilməsi işlərinə başlanılıb. Burada yeni 12 quyuluq qazpaylama məntəqəsi tikilib, quyulara 18700 metr şleyf xətləri və əlaqələndirici xətlər çəkilərək mövcud sistemlə əlaqələndirilib. Manifold xətlərində donmaların qarşısını almaq üçün 46 ədəd dozator nasosu quraşdırılacaq nasosxana inşa olunub. Hazırda dozator nasoslarının quyuların manifold xətləri ilə əlaqələndirilməsi işləri görülür.
QAİİ üzrə 5 milyard kubmetr qazın saxlanması üçün aktiv qaz həcminin mərhələli artırılması planlaşdırılır. Bu məqsədlə Qaradağ və Qalmaz YQA-larda yeni quyuların qazılması, Qaradağ YQA-da yüksək işçi təzyiqi olan yeni kompressor stansiyasının inşası kimi təkliflər araşdırılır və texniki-iqtisadi əsaslandırma işləri aparılır. İdarədə əmək şəraitinin yaxşılaşdırılması, istehsalatda baş verə biləcək qəzaların, yanğınların, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə aparılmış işlərin nəticəsi olaraq son 5 ildə heç bir bədbəxt hadisə baş verməyib.
Qeyd edək ki, Qaz Anbarlarının İstismarı İdarəsində istehsalatda əldə olunmuş uğurlarla yanaşı, ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində də daim mühüm tədbirlər həyata keçirilir. Belə ki, təkcə 2017-ci ilin 6 ayı ərzində qazgötürmə mövsümündə çıxarılan qazla birlikdə hasil edilən 9490 kubmetr lay suları xüsusi quyular vasitəsilə utilizasiya olunub, ekoloji mövzularda maarifləndirmə işi aparılıb, xüsusi tullantılar, turşulu istehsalat suları, qara metal və işlənmiş sürtkü yağları müqavilə əsasında digər təşkilatlara təhvil verilib. Sahələrdə müxtəlif vaxtlarda vaxtaşırı iməciliklər keçirilib, 1000-ə yaxın ağac, 300-dən çox gül əkilib və onlara müvafiq qulluq göstərilir.
Qaz Anbarlarının İstismarı İdarəsinin kollektivi əldə olunan nailiyyətlərlə kifayətlənmir və üzərilərinə düşən böyük məsuliyyəti tam miqyası ilə dərk edərək, bundan sonra da daim ölkəmizin əhalisini payız-qış mövsümlərində, kəskin soyuq hava şəraitində “mavi yanacaq”la etibarlı təmin etmək üçün əzmkarlıqla çalışırlar.
Nail Rəhimzadə, “İki sahil”
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb