07 iyul 2017 18:42
481

SOCAR və Çinin CNPC şirkətinin prezidentləri görüşüb

İyulun 7-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çin Xalq Respublikasının Milli Neft Şirkətinin (CNPC) Bakıda səfərdə olan prezidenti Vanq Yilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev SOCAR ilə CNPC arasında faydalı əməkdaşlığın mövcud olduğunu və bu əməkdaşlığın dövlətlərarası münasibətlərin möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyini bildirmiş, qeyd etmişdir ki, qarşılıqlı səfərlər və görüşlər əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanlar açır. Görüş zamanı Çin Xalq Respublikasının prezidenti cənab Si Tszinpinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü və onun çərçivəsində müntəzəm olaraq keçirilən “İpək Yolu” zirvə görüşlərinin əhəmiyyəti vurğulanmış, Azərbaycanın neft-qaz sektorunun bu təşəbbüsə verə biləcəyi töhfə müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan tərəfi SOCAR GPC layihəsində Çin investorları və şirkətlərinin aktiv iştirakını hərtərəfli dəstəkləyir. 


Səmimi qəbul üçün təşəkkürünü bildirən və Azərbaycana səfərindən məmnunluğunu ifadə edən CNPC şirkətinin prezidenti Vanq Yilin qeyd etmişdir ki, Çin və Azərbaycanın dövlət rəhbərləri iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə böyük önəm verirlər və bu istiqamətdə şirkətlərarası əməkdaşlığın dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakının qədim neft diyarı olduğunu və Azərbaycanın təbii sərvətlərlə zənginliyini vurğulayan qonaq CNPC şirkətinin müxtəlif sahələrdə SOCAR ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu söyləmişdir. O, bildirmişdir ki, CNPC spesifik müasir texnologiyalara malikdir və bu texnologiyaların Azərbaycanda həyata keçirilən layihələrə tətbiq edilməsi ölkənin təbii sərvətlərinin effektiv reallaşdırılmasına xidmət edə bilər. SOCAR və CNPC arasında GPC layihəsi üzrə imzalanan memorandumun bu layihənin inkişafına təkan verdiyini xatırladan Vanq Yilin Çin hökumətinin GPC-yə mühüm əhəmiyyət verdiyini vurğulamışdır. 

Görüş iştirakçıları GPC layihəsinə dair Çin dilində videotəqdimatı izləmişlər. Təqdimatdan sonra SOCAR prezidenti Rövnəq Abdullayev GPC-nin SOCAR və CNPC-i birləşdirən mühüm layihə olduğunu qeyd etmiş, bildirmişdir ki, bu istiqamətdə böyük yol qət olunmuşdur, amma dayanmaq olmaz, daim irəliləmək lazımdır. O, SOCAR-ın CNPC-ni maraqlandıran sahələrdə əməkdaşlığa hazır olduğunu söyləmiş, ölkəmizdə xarici investorlar üçün yaradılmış əlverişli imkanlardan söz açmışdır. 

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunmuşdur.