10 iyul 2017 17:58
338

SOCAR prezidenti 22-cü Dünya Neft Konqresində çıxış edib

İyulun 9-da İstanbulda 22-ci Dünya Neft Konqresi işə başlamışdır. Dövlət və hökumət başçılarının, enerji nazirlərinin, dünyanın aparıcı neft və qaz şirkətləri rəhbərlərinin, nüfuzlu ekspertlərin təmsil olunduğu forum dünya enerji təchizatının gələcəyi mövzusuna həsr olunmuşdur.Konqresin rəsmi açılışında Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ-ın dövlət katibi Reks Tillerson və başqaları çıxış etmişlər. İştirakçılar Dünya Neft Konqresinin əhəmiyyətindən danışmış, Türkiyədə keçirilən 22-ci konqresin yüksək peşəkarlıqla təşkil olunduğunu vurğulamışlar. İstehsalçı və istehlakçı ölkələr arasında açıq dialoq üçün platforma rolunu oynayan konqresdə neft-qaz yataqlarına aid kəşfiyyat işləri, karbohidrogen ehtiyatların emalı, hazır məhsulların daşınması, onların alıcılara təhlükəsiz çatdırılması və digər məsələlər diqqət mərkəzində olacaqdır. 

İyulun 10-da keçirilən ilk plenar sessiyada bir sıra ölkələrin enerji nazirləri və neft-qaz şirkətlərinin rəhbərləri iştirak etmişlər. SOCAR-ın prezidenti Rövnəq Abdullayev sessiyada çıxış etmişdir. Azərbaycanın qədim neft diyarı olduğunu və dünya neft-qaz sənayesinin inkişafında mühüm rol oynamış ilk təcrübələrin məhz ölkəmizdə həyata keçirildiyini qeyd edən Rövnəq Abdullayev ötən əsrin 90-cı illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna səyləri nəticəsində xarici investorların ölkəmizə cəlb olunduğunu, 1994-cü ildə dünyanın aparıcı neft şirkətəri ilə “Əsrin kontraktı”nın imzalandığını və bununla da Azərbaycanda yeni enerji strategiyasının əsasının qoyulduğunu diqqətə çatdırmışdır. SOCAR prezidenti ötən dövr ərzində həyata keçirilən irimiqyaslı layihələr və əldə olunan nailliyyətlər barədə sessiya iştirakçılarına ətraflı məlumat vermiş, gələcək planlardan danışmışdır. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin Türkiyə və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı vurğulanmışdır. Rövnəq Abdullayev SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrdən danışmış, iki qardaş xalqın rifahı naminə irihəcmli sərmayə layihələrinin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. 

Konqres iyulun 13-dək davam edəcəkdir. Qeyd edək ki, 1933-cü ildə Londonda təsis edilən Dünya Neft Konqresi 70 ölkəni özündə birləşdirir və dünyada enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Türkiyə ilk dəfədir ki, Dünya Neft Konqresinə ev sahibliyi edir.