10 iyul 2017 20:27
568

SOCAR və İNPEX şirkətləri arasında əməkdaşlıq davam edir

Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında SOCAR-ın gənc mühəndisləri üçün Tokio şəhərində həyata keçirilən təlim proqramlarına və İNPEX şirkəti ilə əməkdaşlığa dair tədbir keçirilib.Tədbirdə SOCAR-ın vitse-prezidentləri Xalik Məmmədov, Bəhram Hüseynov və Yaşar Lətifov, İNPEX şirkətinin vitse-prezidenti Akihiko Kuraşina, eləcə də bu proqramlara cəlb olunmuş gənc mütəxəssislər iştirak etmişlər. 

Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori qonaqları səmimi salamlamış, Yaponiya və Azərbaycan əlaqələrinin daha da güclənməsində belə görüşlərin əhəmiyyətini vurğulamışdır. SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov 2016-cı ilin aprel-iyun aylarında Tokio şəhərində SOCAR-ın gənc mütəxəssisləri üçün layların işlənməsi ilə bağlı təşkil edilmiş texniki təlim proqramı haqqında danışmış, kursların keçirilməsinə dəstək olmuş İNPEX şirkətinə təşəkkürünü bildirmişdir. Bildirilmişdir ki, təlim müddətində Yaponiyanın zəngin mədəni irsi nümayiş etdirilmiş, maraqlı ekskursiyalar təşkil olunmuşdur. Qeyd olunmuşdur ki, 2017-ci ilin avqust-oktyabr aylarında da SOCAR-ın daha 4 gənc mütəxəssisi üçün bu cür təlimlərin təşkili nəzərdə tutulur. Tədbirdə SOCAR-ın vitse-prezidentləri Xalik Məmmədov və Yaşar Lətifov, İNPEX şirkətinin vitse-prezidenti Akihiko Kuraşina iki şirkət arasında yaranmış əlaqələrdən, həyata keçirilən bilik mübadiləsindən məmnunluq ifadə etmiş, əməkdaşlığın davamlı olacağına inandıqlarını bildirmişlər. Sonda xatirə şəkilləri çəkilmişdir.