Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, əgər biz inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyimizi ortaya qoymuşuqsa, müasirləşmə, yeniləşmə dövlət siyasətinin ana xəttini təşkil etməklə yanaşı, yeni təcrübələrin tətbiqi prioritet təşkil etməli, bir sözlə, Azərbaycan hər sahədə nümunəvi olmalıdır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində dövlətimizin atdığı addımlar, tətbiq etdiyi yeniliklər beynəlxalq səviyyədə də təqdir olunur. Bu günümüzün əsas çağırışı olaraq işsizlik, məşğulluq problemlərinin həllinə xidmət edən tədbirlər diqqətdən kənarda qalmır.
Dövlətimizin başçısı İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” Fərmanı da bu məqsədə xidmət edir. Sənəddə qeyd edildiyi kimi, məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır.
“ABAD” publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elvin Şirinovla söhbətimizdə də bu kimi məsələlərə aydınlıq gətirmək istədik.
“İlkin mərhələdə pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Pilot layihə uğurla başa çatdırıldıqdan sonra növbəti mərhələdə “ABAD”ın coğrafiyasının genişləndirilməsi prioritetdir” söyləyən E.Şirinov bildirdi:
- Bu məqsədlə pilot layihə qismində Masallıda 1 saylı regional “ABAD mərkəz” yaradıldı. “ABAD mərkəz”lərin fəaliyyətini tənzimləmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs təsis edildi. Bu addımın atılmasında məqsəd adından da göründüyü kimi, ailə biznesinə asan dəstək göstərməkdir. Bu zərurəti şərtləndirən amillər bunlardır. Azərbaycanda iqtisadiyyatın bir çox sahələrində ailə təsərrüfatları fəaliyyət göstərir. Onların qarşılaşdığı ən böyük çətinliklərdən biri dövrün tələblərinə uyğunlaşa bilməmələri idi. Yəni həmin ailə təsərrüfatları keyfiyyətli məhsul istehsal edib bazarlarda yer tutmağa layiq olsalar da, bazar şərtlərinə cavab vermədiklərinə görə yalnız məhdud sayda alıcı cəlb edə bilirdilər. Təbii ki, keyfiyyəti təsdiqləyən sənədin olması əsas şərtdir. Sertifikatı olmayan məhsulların böyük bazarlara çıxma imkanları məhdud idi. “ABAD”ın yaradılmasında məqsəd bu istiqamətdə ailələrə dəstək olmaq, Səhiyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə göstərilən xidmətlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müəyyən etdiyi qaydada “bir pəncərə” prinsipi əsasında təşkilini həyata keçirməkdir. İkinci bir tərəfdən ailələrin qarşılaşdığı mühüm problemlərdən biri zəruri istehsal avadanlıqlarının olmaması idi. Bu gün “ABAD” ailələri zəruri avadanlıqlarla təmin edir. Digər tərəfdən, qanunvericiliyə uyğun olaraq məhsulun sertifikatlaşdırılması üçün onun istehsal olunduğu avadanlığın da sertifikatı olmalıdır. Əlbəttə ailələrin kustar üsulu ilə istehsal etdikləri avadanlıqların sertifikatı yox idi. Ailələrə zəruri avadanlıqların verilməsi bu prosesi də sürətləndirdi. Digər mühüm məsələ məhsulların marketinq araşdırılmasının aparılmasıdır. Buna görə də “ABAD” tərəfindən mərkəzləşdirilmiş qaydada marketinq xidmətləri göstərilir. Bazarda hansı məhsula hansı həcmdə tələbat olduğu müəyyənləşdirilir və ailənin məhsulu həmin şərtlər əsasında bazara çıxarılır. “ABAD”ın xidmətləri sırasında dizayn işlərini xüsusi qeyd etmək istərdim. Bir çox hallarda ailə məhsulları bazara üzərində heç bir etiket olmadan çıxarılırdı. Əvvəllər insanlar ənənəvi bazarlara üz tuturdular. Amma bugünkü gündə bizə sual versələr ki, sonuncu dəfə nə zaman bazarda olmuşuq, düşünürəm ki, çətinlik çəkəcəyik. Çünki insanların böyük əksəriyyəti supermarketlər şəbəkəsindən bəhrələnir. Düşünürəm ki, “ABAD”ın dəstəyi ilə ailə təsərrüfatlarının məhsullarını yaxın zamanlarda supermarketlərdə görəcəyik. Artıq hər bir ailənin məhsulu öz adı ilə bazarlarda tanınacaq. Fərmanda da qeyd edildiyi kimi, bu, rəqabətqabiliyyətli ailə təsərrüfatının yaradılması yönümündə atılmış mühüm addımlardan biridir. Ailə öz adı uğrunda mübarizə aparacaq, ailəsinin adını daşıyan məhsulun bazarda yer tutması üçün səylər göstərəcək. Keyfiyyətin daha yüksək olmasına çalışaq ki, məhsulunun alıcısı gündən-günə artsın. Ailələrin rastlaşdığı digər çətinliklərdən biri hüquqi yardımdır. “ABAD” bu sahədə də iştirakçı ailələrə təlimlər keçir. Göstərilən xidmətlər sırasında maliyyə-mühasibatlıqdır, məhsulların regionlardan satış mərkəzlərinə daşınmasıdır. “ABAD”ın əməkdaşlıq etdiyi şirkət tərəfindən məhsullar toplanır, vahid mərkəzlərdən satış yerlərinə çatdırılır. Son mərhələ satışın təşkilidir. Artıq bu istiqamətdə işlər gedir. İnanıram ki, çox keyfiyyətli məhsulların dadına baxa biləcəyik.
- “ABAD” keyfiyyətin yüksək səviyyədə formalaşdırılmasına necə dəstək olur?
- “ABAD”ın texnoloqları tərəfindən ailələrə təlimlər keçirilir. Məhsulların tərkibə uyğun hazırlanması üçün ailələr məlumatlandırılır. Məsələn, ailə əgər bir növ pendir istehsal edirdisə, “ABAD”ın dəstəyi ailələrə bu imkanlarını genişləndirməyə geniş yol açır. Bir faktı qeyd etmək istərdim ki, Masallının Şərəfə kəndində İlkin Şükürovun ailəsinə dəstək göstərilib, ailə artıq bazara 3 növdə pendir çıxaracaq. Təbii ki, bu ailənin biznesinin şaxələndirilməsi deməkdir.
- Qiymətlərin müəyyənləşdirilməsi necə həyata keçirilir?
- Qiymətlər bazar araşdırılması əsasında həyata keçirilir. Məhsulun hazırlanmasına çəkilən xərclər, ailənin zəhməti, “ABAD” tərəfindən çəkilən xərclər hesablanır. Çünki publik hüquqi şəxs öz fəaliyyətini özü maliyyələşdirir. Göstərilən xidmətlərə görə həmin məhsulun satışından ümumi dövriyyədə müəyyən faiz “ABAD”ın hesabına daxil olur. Bununla “ABAD” öz fəaliyyətini tənzimləyir, yeni-yeni ailələri əməkdaşlığa cəlb edir, avadanlıqlar alır. Yəni qiymətləndirmə bu prinsip əsasında həyata keçirilir. Burada bir məsələni qeyd etmək lazımdır ki, “ABAD” məhsulları qiymət baxımından digərlərindən fərqli ola bilər. Bunun da səbəbi təbii ki, yuxarıda qeyd etdiyim faktorlardır. Ekoloji cəhətdən yüksək standartlara cavab verən məhsulların qiymətlərində fərqin olması qaçılmazdır.
- “ABAD”ın coğrafiyasını genişləndirməsi gözlənilirmi?
-Əvvəldə də qeyd etdiyim kimi, ilkin mərhələdə “ABAD” öz fəaliyyətinə Masallı rayonunda başladı. İkinci pilot rayon kimi Balakən seçildi. Bu, “ABAD”ın SOCAR-la birgə əməkdaşlığı nəticəsində baş tutdu. SOCAR sosial layihələrə hər zaman dəstək göstərir. Balakəndə seçilən 12 ailəyə zəruri istehsal avadanlıqları təqdim edildi. Hazırda bu rayonda SOCAR-ın dəstəyi ilə ikinci regional “ABAD mərkəz”in tikintisi istiqamətində işlər aparılır. İki region bu gün aktiv olaraq işləyir. Seçilmiş ailələr üçün texnoloqlar təyin olunub. Hazırda Masallıda işlərini başa çatdıran texnoloqlar Balakəndə seçilmiş ailələrə təlimlər keçirlər. Ailələr üçün sertifikatların hazırlanması prosesi başa çatmaq üzrədir.
Bəli, düşünürük ki, gələcəkdə bir neçə başqa regionda müvafiq “ABAD” regional mərkəzlər fəaliyyətə başlasın. Bu istiqamətdə işlər aparılır. “ABAD” İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq edir. Regionların potensialı öyrənilir, dəyərləndirilir. Bir sözlə, “ABAD” öz fəaliyyətini genişləndirməyi qarşısına məqsəd qoyub. İki regionun pilot seçilməsi “ABAD” təcrübəsinin ilk dəfə tətbiq olunmasından irəli gəlir. Bu regionlarda işi lazımi səviyyədə qurduqdan sonra düşünürəm ki, digər bölgələrdə çətinlik olmayacaq.
- “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətlərindən biri dekorativ-tətbiqi xalq sənətkarlığıdır. Bu sahədə işlər hansı səviyyədədir?
- Azərbaycanın zəngin tarixi var. Azərbaycan sənətkarlar diyarı kimi tanınıb. Bacarığı, əl qabiliyyəti olan vətəndaşlarımızın sayı yüzlərlə, minlərlədir. Lakin bir çox ailələr bazarın tələbini bilmirdilər. Bazarın tələbləri fonunda “ABAD” bu ailələrə öz dəstəyini göstərmək yolunu tutdu. Əvvəllər ölkəmizə tarixi özündə əks etdirən suvenirlər başqa ölkələrdən gətirilirdi. Azərbaycanın sənətkarları olduğu halda suvenirlərin xaricdən gətirilməsi təbii ki, o dərəcədə qəbulolunan deyil. “ABAD” ailələrə dəstəyini göstərdi. İcərişəhərdə “ABAD” sənətkarlıq mərkəzi fəaliyyət göstərməyə başladı. Qeyd edək ki, sənətkarlıq üzrə bütün regionlardan müraciətlər daxil oldu. “ABAD” sənətkarlıq mərkəzində ilkin mərhələdə 62 ailənin 500 adda əl işi satışa çıxarıldı. Amma “ABAD” sənətkarlıq mərkəzinin fəaliyyətinin 3 ayı tamam olanda ailələrin sayı artıq 100-ü ötmüşdü. Bu sahəyə tələbatın böyüklüyü, eyni zamanda turistlərin marağı nəzərə alınaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında ikinci “ABAD mərkəz”in fəaliyyətə başlaması qərara alındı.
“ABAD” tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ailələrə dəstəkdən bəhs edərkən, birinci əsas tələb həmin ailələrin məhsullarının satışının təşkil olunmasıdır. İki istiqamətdə həmin ailələrə dövrün tələblərinə uyğun dizaynların təqdim edilməsi həyata keçirilir. Biz “ABAD”çılara sənətkarlıq işlərində neft buruqlarının, eyni zamanda, hazırlanan mis qabların üzərində paytaxt Bakının, həmçinin onun simvoluna çevrilmiş Qız Qalasının, tarixi yerlərimizin təsvirinə geniş yer vermələrini təklif etdik. Bu məhsullar turistlər tərəfindən də böyük rəğbətlə qarşılanır. Ailələrə təlimlər keçirilir. Müəyyən ailələr “ABAD”a müraciət edərkən onların əl işləri tələblərə uyğun olduğundan sənətkarlıq mərkəzində satışa çıxarılır. Lakin bəzi hallarda məhsulları tələbata cavab verməyən ailələr də vardır. Bu məqsədlə həmin ailələrə təlimlər keçirilir. Bu prosesdən sonra onların istehsal etdikləri məhsullar əmtəə görünüşünü aldıqdan sonra satışa çıxarılır. Digər tərəfdən, ailələrin qarşılaşdığı çətinliklərdən biri kimi xammalın alınması ilə bağlı investorlarla danışıqlar aparılır, kənardan maliyyə cəlb olunur, ailələrin ehtiyacları müəyyənləşdirilir və onlara zəruri köməklik göstərilir ki, bazarın tələbatına uyğun daha çox sayda məhsul istehsal etsinlər.
- “ABAD”ın sakinləri asan dəstəyi necə qarşılayırlar?
- Bunu konkret adlar əsasında qeyd etmək istərdim. Məsələn, Balakən rayonunda Nazim müəllimin ailəsini qeyd etmək istərdim. Oymaçıdır. Taxta üzərində işləyir. “ABAD” tərəfindən bu ailəyə zəruri avadanlıqlar verildi. Ailə aldığı avadanlıqdan məmnunluğunu belə ifadə etdi:
- Əvvəllər də bu işlə məşğul idim. Amma gəlirim az idi. Bu gün isə mənə təqdim olunan avadanlığın köməkliyi ilə daha çox məhsul istehsal edəcəyəm, bazarda öz yerimi daha yaxşı tuta biləcəyəm.
Balakən rayonunda Seyfulla Kərimov pendir istehsalı ilə məşğul olacaq. Ailə əvvəllər də kustar üsulu ilə pendir istehsal edib. Qarşılaşdığı ən böyük problem yayda məhsulun satışını təşkil edə bilməməsidir. Saxlamaq üçün yer, eyni zamanda qablaşma yox idi. Çətinliklər olduğundan heyvandarlığın inkişafına o qədər də diqqət yetirmirmiş. “ABAD”ın dəstəyi bu ailəyə sözün həqiqi mənasında hərtərəfli dəstək olub.
Bu kimi faktları xeyli sayda sadalamaq olar. “ABAD”ın üzvləri öz məhsullarını bazara çıxaracaqları günü səbirsizliklə gözləyir.
- Təbii ki, atılan addımların son nəticəsi ailə büdcəsinin zənginləşməsidir...
- “ABAD”la əməkdaşlıq edən hər bir ailə üçün bütün ödəmə şəffaf şəkildə həyata keçirilir. Məhsulun satışındın əldə olunan vəsait birbaşa həmin şəxsin bank hesabına köçürülür. “ABAD”ın saytına daxil olan hər bir “ABAD”çı öz kodunu daxil etməklə nə qədər məhsul təhvil verdiyini, nə qədər məhsul satıldığını, nə qədər vəsait əldə edəcəyini görəcək. Üstünlük bundadır ki, “ABAD”çı işləyir, olduğu regiondan uzaqlaşmır, məhsulundan əldə olunan vəsait hesabına köçürülür.
- “ABAD”ın beynəlxalq əməkdaşlığı hansı səviyyədədir?
- “ABAD” Avropa İttifaqının layihələrində iştirak edir. BMT-nin Ərzaq Təşkilatı, bp şirkəti ilə əməkdaşlıq edir. Təbii ki, hər bir əməkdaşlıq fəaliyyətimizə bir töhfədir.
- Elvin müəllim, uğurlu başlanğıc növbəti uğurların açarıdır...
- Əlbəttə, “ABAD”ın qısa müddətdə - 9 ayda keçdiyi yola nəzər salsaq, bu dövr təşkilati məsələlərə həsr olunmalı idi. Mart ayından “ABAD” öz istiqaməti üzrə fəaliyyətə başlayıb. Deyərdim ki, kifayət qədər uğurları vardır. Düşünürük ki, ailə məhsulları qısa müddətdə bazara çıxarıldıqdan sonra “ABAD”ın işinə daha böyük stimul olacaq. Vətəndaşlarımız həmin məhsulları aldıqdan sonra onun keyfiyyətinə tam əmin olacaqlar. Bu məhsullar inanırıq ki, bazarda öz layiqli yerini tutacaq. “ABAD”çılar bilirlər ki, onların məhsullarının bazarlarda yer tutmasının əsas şərti keyfiyyətdir. Keyfiyyət standartlarını qorumaq “ABAD”ın əsas tələbidir. “ABAD” davamlı inkişaf yolunda addımlayan Azərbaycanın uğurlarına öz töhfəsini verməyə çalışır. Bu məqsədə necə nail olmuşuq, təbii ki, zaman keçdikcə bunu məhsullarımızın keyfiyyəti, alıcı rəyləri təsdiqləyəcək.
Yeganə Əliyeva, “İki sahil”
Naxçıvanın ölkə enerjisisteminə qoşulması üçün işlər sürətlə davam edir - FOTO/VİDEO
Təbiət hadisələrinin qarşısını almaq olmaz, yeganə yol vurduğu zərəri qarşılamaqdır - MÜSAHİBƏ