“Naxçıvan- 2018”: İslam mədəniyyətinin paytaxtı
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakıda keçirilən VI konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin Paytaxtı elan olunmuş, Prezident İlham Əliyev 2 iyun 2016-cı ildə “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalamışdır.
Sərəncamda qeyd olunduğu kimi, İƏT-in bu qərarı sivilizasiyalararası dialoqa mühüm töhfələr verən, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə verilən yüksək qiymətin təzahürüdür.
Dövlət başçısının Sərəncamı ilə 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi ili” elan edilməsi, bütün müsəlman dövlətlərinin birlik rəmzi olan IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın mənəvi və islami dəyərlərə sadiqliyinin nümunəsidir.
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun başçılığı ilə bu möhtəşəm, əlamətdar hadisəyə, tariximizin öyrənilməsinə, milli mənəvi dəyərlərimizin təbliğinə ciddi hazırlıq görülür.
Tarixi mənbələrdə qeyd olunduğu kimi, türk və ya türkəsillilərə məxsus coğrafiyalarda tanınan, tarixi abidələri, məscidləri ilə şan-şöhrət qazanan Naxçıvan müdafiə məqsədilə inşa olunan qalaları, qədim tikililəri ilə məşhurdur. Dünya memarlıq sənətinə bəxş etdiyi nümunələri ilə sayılıb-seçilən Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əmirəddin Məsud Naxçıvani, Əyyub oğlu əl- Hafiz Naxçıvani, Xacə Cəmaləddin, Şeyx Cühənnah oğlu, Hacı Məhəmmədnəqi, İmamqulu Nəzərəli oğlu kimi tanınmış memarların vətəni sayılan Naxçıvanda tarixi abidələrin çoxluq təşkil etməsi və görkəminə görə diqqət çəkməsi təsadüfi deyil.
İslamın qəbulu ilə Azərbaycanın bölgələrində inşa olunan qədim ənənələrə xas memarlıq sənətinə məxsus abidələrə Naxçıvanda da rast gəlinir.
Mənbələrdən aydın olur ki, XVI əsrin sonlarına yaxın Naxçıvan şəhərində 3 came, 10 məscid olmuşdur. Məşhur türk səyyahı Övliya Çələbi XVII əsrdə Naxçıvanda 70 came və ibadət yerinin, 40 məhəllə məscidinin olduğunu qeyd edir.
Müstəqillik illərində muxtar respublikanın şəhər və kəndlərində müasir memarlığın tələblərinə uyğun məscidlər inşa olunmuş, təmirə ehtiyacı olanlarda bərpa işləri aparılmışdır. Möminə Xatun, Atabəylər memarlıq kompleksi, Zaviyə mədrəsəsi, Əshabul-kəhf ziyarətgahı bu gün də gözəlliyini, əzəmətini saxlayır. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada aparılan quruculuq işlərinə, tarixi abidələrin bərpasına göstərdiyi qayğı nəticəsində siması gözəlləşən bu qədim diyar tarixi yaşadan memarlıq inciləri ilə diqqəti cəlb edir.
Naxçıvanın günümüzə qədər gəlib çatan İslam mədəniyyəti nümunələri- məscidlər, türbələr, imamzadələr, qədim körpülər, hamamlar, buzxanalar muxtar respublikaya gələn qonaqları heyrətləndirir. Yusif ibn-Küseyir, Nuh, Gülüstan, Xaraba Gilan, Qarabağlar, Əlincəçay xanəgahı kimi türbələr, kitabələrin hər biri dövrünün, zamanının yadigarı, bugünkü nəslə ərmağan olunan qiymətli miras kimi qorunur. Qədim mənbələrdə qeyd olunduğu kimi, insanların görüş, istirahət yeri olan hamamların sayı da Naxçıvanda çox olmuşdur. Hazırda onlardan bəziləri bərpa edilərək tarixi abidə kimi qorunur.
Muxtar respublikada Qız qalası və Oğlan qalası adı ilə tanınan bir çox tikililərə də rast gəlinir. Araşdırmalardan məlum olur ki, Qız qalası əsasən türkəsilli xalqların ərazisində yayılmışdır. Az sayda olsa da Oğlanqala adı verilən qalalar da var. Respublikamızdan kənarda çox sayda Qız qalasının olmasına baxmayaraq Oğlanqala yalnız Azərbaycana məxsusdur. Bunun ən möhtəşəmi isə Naxçıvandadır. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmmədin həmin qalalarla bağlı açıqlamaları maraqlıdır. “Naxçıvanda Oğlanqala ilə bərabər bir neçə Qız qalasına (Şərur rayonu Aşağı Yaycı və Havuş kəndlərində, Babək rayonu Payız kəndində və s.) da rast gəlirik. Qız qala və Oğlanqala adlarının paralel mövcudluğu bunların ikisinin birlikdə hansısa bir inanc və ya mifik başlanğıcdan törəməsi ehtimalını yaradır” söyləyən Tahirə Məmməd bu qalaların mənşəyi haqqında da məlumat verir:
- Naxçıvanın qədim yurd və ilkin məskən kimi dəyərləndirilməsi (Nuhçıxan) haqda görüşlər, türklərin Nuhun oğlanlarından olan Yafəsdən törəməsi haqda rəvayət, bu diyarın bir çox toponimlərinin mifoloji məzmun daşıması oğlanqala və qızqalanın mifoloji konstruksiya kimi qəbul edilməsinə və türk mifologiyası ilə izahına əsas yaradır. Qız qalasının mifoloji başlanğıcı haqda artıq bir neçə mənbədə göstərilmiş və ata başlanğıcın qurd qəbul edilməsi ilə bağlı uyğur əfsanəsi ilkin arxetip kimi müəyyənləşdirilmişdir. Oğlanqala və qızqalanı bir-birini tamamlayan qarşı tərəf kimi götürsək o zaman Qız qalasının ilkin arxetipi uyğurların bozqurd və xaqan qızı ilə bağlı əfsanəsinə bağlandığı kimi, Oğlanqalanın da ilk arxetipinin formalaşması bozqurdun Göytürklərdəki versiyası ilə izah oluna bilər.
Qalalar əsasən müdafiə məqsədilə tikilir və tikildiyi yerin də adı ilə adlandırılır. Əlincə qalası, Qars qalası, Ani qalası, Dərbənd qalası və s.
Naxçıvanda mövcud olan Oğlanqala və Qız qalaları, sözsüz ki, tarixin fərqli çağlarında müdafiə məqsədi ilə tikilsə də, xalqın bu qalalara Oğlanqala və Qız qalası adlarını verməsi tarixi mənbələrdən günümüzə qədər süzülüb gələn inaclarla bağlıdır.
Qalanın oğlan və ya qız qalası adlandırılması sözsüz ki, müstəqim mənada deyil. İçərisində oğlan və ya qız saxlanmadığı üçün adın məcazi məna daşıma ehtimalı güclənir və bu məcazilik öz yozumu istiqamətində əfsanələri formalaşdırır. Qız qalalarının yayıldığı ərazilər əsasən türk coğrafiyası ilə əlaqədardır. Türk mifologiyası və folklorunda Qız qalası ətrafında yaradılan əfsanə və rəvayətlərdə o, müqəddəsliyin, toxunulmazlığın, cəsurluğun simvolu kimi mənalandırılır. Bunu məlum olan ilkin nümunədən başlayaraq bütün əfsanə və rəvayətlərdə izləyə bilərik. Xalqımız üçün qızın, ananın namusunun müqəddəsliyindəndir ki, toxunulmaz, uğrunda ölümə gediləsi qalalar “qız qalası”” adlandırılır və qızların qorunması ilə əfsanələşir. Maraqlıdır ki, əfsanələrdə qızlar türk qızlarıdırsa, sonunacan qorunur və qorunması mümkün deyilsə özünü öldürür.
Qız başqa xalqın nümayəndəsidirsə, onu bizim qəhrəmanlardan qoruyurlarsa, qala alınır və qız qaçırılır. Qız qalası Azərbaycan folklorunda o qədər geniş və maraqlı süjetlərlə yayılmışdır ki, ətrafında yaranan əfsanələr yazılı ədəbiyyata da keçmiş, C.Cabbarı, Rəsul Rza kimi sənətkarlar bu əsasda eyniadlı poemalar yazmışlar.
Bir çox qalalar birbaşa qız qalası yox, qızların adı ilə də tanınır. Gülüstan, Zarina və s... Yuxarıda qeyd etdiyimiz kimi, qız qalalarına bir çox yerlərdə rastlaşsaq da oğlanqala yalnız Azərbaycan ərazisində, onun da ən qədim və istehkam qurğusu kimi mükəmməli Naxçıvandadır.
Oğlanqala Şərur rayonunda, Arpaçay sahilindəki Qaratəpə dağındadır. Əfsanələr Oğlanqalanın adlandırılmasındakı qala ifadəsini qız qalasında olduğu kimi qalmaq feili ilə, yəni oğlan qalmaq, nakam ölmək feili ilə əlaqələndirir.
Qala haqqında yaranan əfsanə barədə məlumat verən Tahirə Məmməd bildirdi ki, bütün əsatirlərdə olduğu kimi, bu qala ilə bağlı əfsanənin də əsas motivi məhəbbətlə bağlıdır:
-Arpaçayın sahillərində yerləşən iki kənd düşmənçilik edirmişlər. Bir kəndin tayfa başçısının gözəl bir qızı, o biri kəndin tayfa başçısının igid oğlu var imiş. Günlərin bir günü onlar çayın sahilində rastlaşırlar, o taydan bu taya bir-birinə vurulurlar. Onlar bir müddət hər axşam çayın sahilində gizlin görüşürlər. Əhd edirlər ki, arada düşmənçilik olsa da, yol tapıb düşmənçiliyi aradan qaldırıb bir-birinə qovuşsunlar. Kim əhdinə dönük çıxsa, özünü oda atıb yandırsın. Günlərin bir günü qız axşam çayın sahilinə gəlmir. Oğlan səhərə qədər onu gözləyir. Ikinci, üçüncü gün də qız gəlib çıxmır. Bir axşam oğlan çayın o tayından toy səsi eşidib anlayır ki, qızın toyudur. Çayın sahilində iti bir od qalayıb özünü bu oda atır, lakin od onu yandırmır, ağ daşa çevirir. Çünki o, öz əhdinə dönük çıxmamışdı. Beləcə, oğlan ağ daşa çevrilib çayın sahilində qalır, o vaxtdan həmin kəndə Oğlanqala deməyə başlayırlar.
Oğlanqalanın otena tayfaları ilə əlaqələndirilməsi, yerləşdiyi dağarası ərazi, otena və asena (qurd ana) arasında səs uyarlılığı, Naxçıvanda qurdla bağlı yer adlarının, tayfanın, əfsanələrin, ayama və inancların mövcudluğu, yaxınlıqdakı Asnı piri, Naxçıvandan qaynaqlanan əsatirlərdən birində Nuhun oğlu kimi verilən Türkə bozqurdun yol göstərməsi belə bir ehtimalın da yaranmasına əsas verir ki, Oğlanqala sakinlərinin qurdla genetik bağlılıqları haqda inancları olub. Nəzərə alsaq ki, Oğlanqala yaxınlığındakı Qız qalası arxeoloji qazıntılara görə ən qədim qız qalasıdır, o zaman hər ikisinə bu adın verilməsi törəyiş miflərinin təsiri ilə izah oluna və oğlanqala-qızqala birlikdə mifoloji konstruksiya kimi götürülə bilər.
Gələn il mötəbər tədbirdə iştirak edəcək qonaqlara bu kimi məlumatların çatdırılması ilə Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın qədim insan məskənlərindən olması barədə aydın təsəvvür yaradılacaq.
Xuraman İsmayılqızı, “İki sahil”