09 oktyabr 2017 14:58
676

Avstraliyada günəş batareyası ilə işləyən avtomobillərin beynəlxalq yarışı başlayıb

Avstraliyada günəş batareyası ilə işləyən avtomobillərin dünya üzrə ən böyük yarışı başlayıb.

AZƏRTAC xəbər verir ki, oktyabrın 8-də başlayan və iki ildən bir keçirilən “World Solar Challenge” adlı yarışda 19 ölkənin 38 komandası iştirak edir. Yarış zamanı komandalar Avstraliyanın şimalında yerləşən Darvin şəhərindən cənubdakı Adelaidayadək 3 min kilometr məsafəni qət etməlidirlər. Komandaların başlama ardıcıllığı bir gün əvvəl baş tutan yarışda müəyyən edilib.

Yarışın şərtlərinə görə, avtomobillər yalnız gün ərzində, saat 8-dən 17-dək yarışda iştirak edə bilərlər. Bu avtomobillərin maksimum sürətinin saatda 100 kilometrdən bir qədər çox olduğu bildirilir.

Qalib komandanın finiş xəttinə oktyabrın 12-də çatacağı gözlənilir.