Pirallahı Rayon İcra Hakimiyyətində (RİH) 2017-ci ilin üçüncü rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qeyd edib ki, ölkə başçısı qısa bir müddət ərzində rayonumuza iki dəfə səfər etdi. Daha sonra Dövlət proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan Vasif İmanov bildirib ki, Gürgən qəsəbəsində də geniş miqyaslı abadlıq-quruculuq işlərinə start verilib: “Qəsəbənin giriş hissəsində mərkəzi yolun kənarında Abşeron memarlığını özündə əks etdirən qala divarının inşası tamamlanıb və yol kənarı hissədə dekorativ hasarların inşası başa çatdırılıb. Gürgən qəsəbəsində tarixən mövcud olan təbii bulaq yenidən qurulub. Gürgən qəsəbəsinin giriş hissəsində yerləşən mövcud göl çirkab sulardan təmizlənib. Gölün ətrafında abadlıq işləri görülüb.”
Bildirilib ki, rayonun Baş planı Fövqəladə Hallar Nazirliyinin Ekspertiza İdarəsinə təqdim etmək üçün hazırdır. Həmçinin rayonun mərkəzi olan Pirallahı qəsəbəsinin Baş və müfəssəl planı hazırlanır, rayonda salınacaq Yüksək Texnologiyalar Parkında layihələndirmə işləri aparılır. Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasının inşası və Heydər Əliyev Mərkəzinin binasında tikinti işləri davam etdirilir. Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün tikilən yeni inzibati binada birinci mərtəbə inşa olunur. S.Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılmış sahədə yeraltı və yerüstü kommunikasiya xətləri inşaat sahəsindən kənarlaşdırılıb. Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi - uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında işlər tamamlanmaq üzrədir.
Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğulayıb ki, rayon ərazisində yerləşən “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Parkı”nın tikintisi istiqamətində işlər yekunlaşıb. Pirallahı adasının giriş hissəsində özündə balıqyetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksinin yaradılması istiqamətində işlər aparılıb, ticarət məntəqəsi - Balıq bazarı istifadəyə verilib.
Pirallahı Yanalma körpüləri kompleksinin tikintisində işlər dəniz akvatoriyasında və sahil boyu davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılan Pirallahı Sənaye Parkı innovativ sənayenin inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı olmaqla, ölkədə əczaçılıq sənayesinin inkişafı, bu sahədə idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsi və məşğulluğun artırılması məqsədi daşıyır. Əsasən əczaçılıq sahəsində ixtisaslaşacaq Pirallahı Sənaye Parkı ölkəmizdə yaradılan sayca 5-ci sənaye parkıdır.
Hesabat ətrafında çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev, “Abşeronneft” NQÇİ-nin rəisi Şahmar Hüseynov, RİH başçısı aparatının şöbə müdiri Azad Namazov, 186 saylı tam orta məktəbin direktoru Şakir Mikayılov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışıblar, 2017-ci ilin ötən dövrü ərzində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab ediblər.
Tədbirin sonunda RİH başçısı aparatının şöbə müdiri Nizami Nasırova ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif etdiyi “Tərəqqi” medalı təqdim olunub. Həmçinin yığıncaqda neft sənayesinin inkişafında xidmətlərinə görə Yusup Salavatov və Zaur Bağırov “Tərəqqi” medalı, Şahmar Hüseynov isə “Əməkdar mühəndis” fəxri adı almaları münasibətilə təbrik ediliblər.
Orxan Vahidoğlu,
“İki sahil”