20 oktyabr 2017 15:53
1188

Bürclərə inanaq?

“Çox təəccüblüdür! Biz demək olar ki, eyni xasiyyətdəyik. Bağışlayın, sizin bürcünüz nədir? Və ya bilirdim başıma bədbəxt hadisə gələcək, çünki səhər ulduz falımda dedilər. Biz onsuz da boşanmalıydıq. Axı bizim bürclərimiz bir-birinə uyğun deyildi?! Bürcə görə evlənənlər, boşananlar, dost olanlar, münasibət quranlar, qida qəbul edənlər və s.” Bu sözlər artıq cəmiyyətimizdə ən çox rastlaşdığımız fikirlərdir.

2-3 il bundan əvvəl saytların birindən oxumuşdum ki, Qız bürcü ilə Oxatan bürcü heç yola getmirlər və elə həmin vaxt da hər qarşılaşdığımızda “sözümüz çəp gələn” tanışım vardı. Bu təsadüfə yaman inanmışdım. Təsadüflər zərurətdən doğur deyirlər. Yazmağı zəruri hesab etdiyim bir şeyi də nəzərinizə çatdırım ki, indi iki sirdaşım varsa, onlardan biri Oxatan bürcü altında dünyaya gəlib.

Şərqdə ilmi-nücum adlanan astrologiya inkişaf etdirilərək elm halına gətirilsə də, akademik mətbuatda ona heç zaman ciddi yanaşılmır. O daha çox fal və batil inanc kimi hesab edilir. Buna baxmayaraq insanların əksəriyyəti bürclərin söylədiklərinə inanmaqda davam edir. Bəzi astroloqlara görə, astrologiya heç də fal demək deyildir. Çünki astrologiya da digər elmlər kimi hesablamalara, müşahidə əsasında mühakimələrə əsaslanır.

Astrologiya böyük elmdir, biz ancaq onun bir qolundan-qoroskopdan söz açırıq. İnsanların tələbatı ulduz proqnozuna daha çoxdur. Çünki müasir dünyada onların ümidi o qədər azdır ki, ancaq qoroskopla özlərinə təsəlli verirlər. Orta əsrlərdə astrologiyanı sənəti-tənzim adlandırırdılar. Bu, kifayət qədər ciddi elmdir. Çoxlarımız elə bilirik ki, astroloqun işi yalnız ulduz falı tərtib etmək, ilin başlanğıcında və sonunda yeni təqvimlə bağlı proqnozlar verməkdən ibarətdir. Biz bununla astroloqun fəaliyyətini məhdudlaşdırırıq. Əslində isə, astroloqların işi insan taleyini, müxtəlif planetlərin, səma cismlərinin yer sakinlərinə göstərdiyi təsiri, onların həyatında oynadığı rolu və s. araşdırmaqdan ibarətdir. Söhbət bu məsələlərə elmi yanaşmadan gedir. Amma astroloqların bu fikirlərini yalan olduğunu təsdiqləyən, bürclərin xarakteristikasını, yaşam tərzinin iki insan arasında heç də eyni olmadığını göstərən kifayət qədər faktlar var.

ABŞ-ın Miçiqan Universitetinin professoru Bernard Silverman 1967-1968-ci illərdə 2978 evliliyi və 478 boşanma halını tədqiq etmişdi. Professor Bernard hər şəxsin doğum tarixini nərəzə almaq şərtilə astrologiyada uyğun və bir-birinə zidd bürcləri müqayisə etdi. Lakin nəticə gözlənilən kimi olmadı və astroloji qanunlarla reallıq üst-üstə düşmədi. “Uyğun olmayan” bürclü cütlüklər xoşbəxt ailə həyatı sürdükləri halda, “bir-birini dəstəkləyən”lər isə artıq boşanmışdılar.

Amerikalı fizik Con Mak-Cervi təxminən 6000 siyasətçinin və 17000 alimin bioqrafiyasını araşdırmaqla onu düşündürən suala cavab tapmaq istəyirdi. Doğrudanmı, dahi insanlar eyni bürclər altında doğulurlar. Tədqiqatın sonunda məlum oldu ki, istər alimlər, istərsə də siyasətçilər tam fərqli zodiak bürcündə dünyaya gəliblər. 2-3 siyasətçinin bürclərindəki oxşarlıq isə sadəcə bir təsadüfdür. Fransız psixoloq, statistik Mişel Qoklen arxiv materialları əsasında 41 min avropalının xarakterlərini, doğum günlərini və saatlarını araşdırmağa başladı. “Araşdırılan insanların” 16 mini məşhur aktyor, idmançı, alim, yazıçı, 25 mini isə sadə vətəndaşlar idi. Bəli, yenə də nəticə astroloqları yalançı çıxardı. Hətta Qoklen “Kosmik saatlar” kitabında da bürclərin korrelyasiyasını öyrənərək, sübut üçün müxtəlif tarixlər də göstərmişdi.

“Barnum effekti”nə görə isə insana deyilən yalan, banal fikirlər əgər ona inandırılsa, gizli və şəxsi faktorlarının tədqiqatının nəticəsi olaraq ortaya çıxdığı deyilsə, o zaman böyük bir qisim deyilənləri reallıq kimi qəbul edəcək. Sözügedən effekt, XIX əsr məşhur amerikalı antreprenör Fineasa Teylor Barnumun “Hər dəqiqə dünyada bir səfeh doğulur və mənim onlara münasib təkliflərim var” ifadəsinə əsasən məşhurlaşıb.

Bürcə inanmaq və ya inanmamaq, əlinə qəzet, jurnal keçən kimi axtarıb zodiak bürcünü tapıb oxumaq gününü, ayını, ilini orada yazılanlara görə qurmaq bəzilərinə görə normal, digər qisim insanlar üçün isə anormaldır. İslam dini nöqteyi- nəzərindən də baxsaq görərik ki, gələcəyi  yeri, göyü yaradan ulu Tanrıdan başqa heç kəs bilməz!

Günel Eyyubova,

“İki sahil”