Azərbaycan üçün indiki məqamda ən vacib strateji hədəflər, bu zamana qədər olduğu kimi, düzgün siyasət yürütməklə ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin işləməsinə əngəl ola biləcək mövcud risklərin önlənməsi, bu layihələrlə bağlı inteqrasiya və əməkdaşlıq trendinin saxlanılması, bütün maraqlı tərəflər üçün fayda verəcək imkanların gündəliyə gətirilməsi və təşviqdir.
Axar.az xəbər verir ki, bu sözləri analitik Elçin Mirzəbəyli qeyd edib. O bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bütövlükdə Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən meqa layihədir:
“Layihə 3 əsas marşrut üzrə – Transxəzər, Şərq və Qərb marşrutu üzrə həyata keçirilir. Bu dəhlizlə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 km daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzil başına çatdırılacaq. Təqribi hesablamalara görə, hər 15 ton yükün daşınmasında 2500 dolardan çox vəsaitin qənaət edilməsi imkanı var. Bir sözlə, Avropa və Hind okeanı hövzəsi arasında tranzit yükdaşımalardan böyük həcmli dividentlər əldə olunmasına imkan yaradır. Layihənin Qərb marşrutu, yəni Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya, daha sonra inşası davam etdirilən Astara-Rəşt-Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşən xəttin işləməsi strateji əhəmiyyət kəsb edir. Dəhliz vasitəsilə Azərbaycan üzərindən yüklərin böyük əksəriyyətinin daşınmasında dəmir yolunun və avtomobil nəqliyyatının iştirakı nəzərdə tutulur ki, burada əsas amil kimi yüklərin bir nəqliyyat növü ilə böyük həcmdə, tez bir zamanda və uzaq məsafəyə daşınması götürülür. Lahiyə Cənubi Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır, Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının üzərindən xətt çəkir. Azərbaycan Rusiyanın Cənuba, İranın isə Şimala önünü açmaqla region üçün geosiyasi sabitliyin təmin edilməsi və risklərin önlənməsidə mühüm rola malik olur”.
Bu marşrutun Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının və bu müstəvidə bəzi dövlətlərin ölkəmizə qarşı manipulyativ davranışlarının üzərindən xətt çəkdiyini söyləyən Elçin Mirzəbəyli onun Azərbaycan-İran-Rusiya üçtərəfli formatının inkişafı baxımından da önəmli olduğunu və hər 3 ölkənin konkret layihə müstəvisində strateji maraqlarının uzlaşmasına xidmət etdiyini bildirib:
“Sirr deyil ki, Ermənistan mütəmadi olaraq real perspektivi olmayan layihələri gündəmə gətirməklə Azərbaycan-İran, Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaratmağa cəhd göstərir. Ermənistanın ayrı-ayrı rəsmi səfərlər çərçivəsində ortaya atdığı İran-Ermənistan-Gürcüstan-Rusiya, yaxud İran-Ermənistan-Gürcüstan-Bolqarıstan-Yunanıstan və bu qəbildən olan digər nəqliyyat dəhlizləri təşəbbüsləri əslində Azərbaycanın iştirakçısı olduğu real layihələr ətrafında ziddiyyətlərin yaranmasına xidmət edən təxribat xarakterli mülahizələrdən başqa bir şey deyil.
Ermənistanın təşəbbüsləri ilə bağlı ən maraqlı deyimlərdən biri Rusiya Dəmir Yollarının sabiq prezidenti Vladimir Yakuninə məxsusdur. Onun qənaətinə görə, İran-Ermənistan dəmir yolu xətti layihəsi ideyası öz divarından qonşunun divarına doğru dəlik açmaqdan başqa bir şey deyil. Qonşunun divarında dəlik açmaq isə ermənilərin köhnə ənənəsidir. Əslində ermənilərin qonşunun divarında dəlik açmaqdan uzağa gedə bilməyəcək təşəbbüslərinin fantastik olduğunu da söyləmək olar. Amma təəssüf ki, bəzən bir sıra dövlətlər öz geosiyasi maraqları üçün hətta fantastik mülahizələrdən də istifadə etməyi məqbul sayırlar. Bu beynəlxalq nəqliyyat dəhlizi isə Ermənistanın fantastik təşəbbüsləri ilə yanaşı, bu təşəbbüslərdən yararlanmağa çalışan dairələrin iddialarını da sıradan çıxarır və region dövlətlərinin real perspektivlər üzərindən əməkdaşlığına zəmin yaradır, ölkəmiz geosiyasi qitədən-qitəyə körpü statusunu daha da möhkəmləndirir. Və təbii ki, divardakı bütün dəlikləri qapadır. Azərbaycan ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin işə salınmasını strateji hədəflər kimi nəzərdən keçirir və bu müstəvidə öz mühüm rolunun gündəlikdə qalması üçün maksimum səylər göstərir”.
Qeyd edək ki, İranın paytaxtı Tehran şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran Prezidenti Həsən Ruhani arasında üçtərəfli Zirvə görüşü keçirilib. Görüşdə “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyətindən danışılıb.