03 noyabr 2017 13:54
501

Zərdabda 16 süni mayalama məntəqəsi fəaliyyət göstərir

Zərdab rayonunda əhalinin əsas məşğuliyyət sahələrindən olan heyvandarlıqda inkişaf, məhsul istehsalında intensiv artım davam edir və bu artımın mal-qaranın cins tərkibinin yaxşılaşdırılması hesabına daha da sürətləndirilməsi xüsusilə diqqət mərkəzindədir.

Rayоn statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satılması işinin davam etdirilməsi ilə yanaşı, heyvanlar arasında aparılan süni mayalanma tədbirləri də genişləndirilir. Hazırda bölgədə 16 süni mayalama məntəqəsi var ki, bu məntəqələrdə xüsusi kursları bitirən texniklər fəaliyyət göstərirlər. Təkcə 2017-ci ilin ötən müddəti ərzində 1766 baş inək və düyədə süni mayalama aparılıb, 625 baş sağlam bala alınıb.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər təbii ki, heyvandarlıq məhsullarının istehsalının artımına təsir edir. Təkcə cari ilin doqquz ayında ötən ilin müvafiq dövrünə nisbətən həm ət, həm də süd istehsalında artım qeydə alınıb.