Naxçıvan Muxtar Respublikasında səfərdə olan İtaliyanın Sienna Universitetinin əməkdaşları bu qədim diyarın bir sıra təhsil, mədəniyyət və istehsal müəssisələrinə, tarixi yerlərinə baş çəkiblər. İtaliyalı qonaqlar təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüblər.
Nümayəndə heyətinin rəhbəri Paolo Konti deyib: “Azərbaycanın dilbər guşəsi olan Naxçıvan müasirliyi və tarixi abidələri ilə bizdə xoş təəssürat yaratdı. Naxçıvanlılar gülərüz və qonaqpərvərdirlər. Naxçıvandakı inkişaf, buradakı səliqə-sahman və abadlıq çox xoşumuza gəldi. Muxtar respublikanın təmiz havası, gözəl təbiəti, güclü infrastrukturu var. Alternativ və bərpaolunan enerji mənbələrindən istifadə sahəsində mühüm işlər görülür. Müqayisə edim ki, hazırda İtaliyada və bir çox Avropa ölkəsində alternativ və bərpaolunan enerji mənbələrində istehsal olunan elektrik enerjisi ümumi istehsalın 10 faizini, Naxçıvan Muxtar Respublikasında isə 60 faizdən çoxunu təşkil edir. Bu, heyrətamiz nəticədir. Mən buna, sadəcə, həsəd aparıram”.
Söhbətə qoşulan nümayəndə heyətinin üzvü Tommaso Kolonna isə qeyd edib ki, Azərbaycanın böyük əhəmiyyətə malik bölgəsi olan Naxçıvan Muxtar Respublikasına səfər onlara bu qədim diyar haqqında ətraflı məlumat almaq imkanı verib. Xüsusilə də təhsil sisteminin müasir avadanlıqlarla təmin olunması, muxtar respublikanın ərazisində müalicəvi suların mövcudluğu Naxçıvanın yüksək inkişafının və turizm potensialının göstəricisidir.
Səfər çərçivəsində muxtar respublikanın bir sıra tarixi yerlərində və mədəniyyət müəssisələrində olduqlarını bildirən Tommaso Kolonna bunların içərisində ən yaddaqalanının “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi olduğunu söyləyib. O, alternativ və bərpaolunan enerji məsələlərindən danışarkən deyib: “Naxçıvan Günəş Elektrik Stansiyası bu baxımdan çox əhəmiyyətlidir və bu məkan bizdə yüksək təəssürat yaratdı. Həqiqətən də Naxçıvanda alternativ enerji mənbələrindən istifadə sahəsində həyata keçirilən tədbirlər nümunəvidir”.
Naxçıvan Muxtar Respublikasına səfərdən məmnunluq duyduğunu vurğulayan Fahimeh Riyazi də Azərbaycan qonaqpərvərliyinə heyran olduğunu vurğulayıb: “Hər yerdə bizi səmimiyyətlə qarşıladılar. Muxtar respublikanın 50 yaşlı təhsil ocağına – Naxçıvan Dövlət Universitetinə də səfər etdik. Müasir informasiya texnologiyalarının tətbiqi, müəllim-tələbə münasibətləri, yeni təlim üsullarından istifadə, tələbələrin elm, bilik öyrənməyə böyük maraqları, onların doğma diyarın tarixi, mədəniyyəti, abidələri barədə bilgiləri bu təhsil ocağında tədrisin günün tələbləri səviyyəsində qurulduğunu təsdiq edir. Səfərimiz çərçivəsində muxtar respublikanın bir sıra mədəniyyət obyektlərinə baş çəkdik. Heydər Əliyev Sarayında fəaliyyət göstərən Rəsm Qalereyasında sərgilənən əsərlər yüksək zövqlə işlənib. Regionun tarixi abidələri, təbiət mənzərələri, müasirliyə qovuşmuş yaşayış məntəqələri, inkişafı rəsm əsərlərində öz əksini tapıb. Naxçıvanlı sənətkarların öz doğma yurd yerlərinə bağlılığını bu əsərlərdə qabarıq hiss etmək mümkündür”.