2017-ci ilin oktyabr ayı ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 2954 Yaşıl Kart beynəlxalq sığorta müqaviləsi bağlanılıb.
İcbari Sığorta Bürosundan (İSB) AZƏRTAC-a bildiriblər ki, bunlardan 1628 müqavilə Türkiyə və İran İslam Respublikasına, 1285 müqavilə Rusiya, Moldova və Ukraynaya, 41 müqavilə isə Yaşıl Kart sisteminə daxil olan digər ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.
Hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 192 183 manat təşkil edib. Yaşıl Kart müqavilələrinin 2213-ü minik, 343-ü yük, 269-u qoşqu, 129-u avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.
Hazırda Yaşıl Kart sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti fəaliyyət göstərir.