03 noyabr 2017 18:21
945

Balakən “Beynəlxalq xurma festivalı”na hazırlaşır

Noyabrın 4-də Balakən rayonunda ilk dəfə “Beynəlxalq xurma festivalı” keçiriləcək. Festivalda Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, hazırda Balakən şəhərində festivala son hazırlıq işləri görülür. Tədbirlərin keçiriləcəyi məkanlar hazır vəziyyətə gətirilib, şəhərin müxtəlif guşələrində, park və meydanlarda festivalla bağlı reklam lövhələri qoyulub.

Festivala hazırlıq üzrə təşkilat komitəsinin üzvü, rayon icra hakimiyyəti başçısının müavini Mehbarə Nuriyeva AZƏRTAC-a bildirib ki, tədbirin təntənəli açılış mərasimi Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında reallaşacaq.

Tədbir iştirakçıları parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara baxacaq, kənd təsərrüfatı məhsullarının sərgiləri ilə tanış olacaq, Balakən mətbəxinə aid təamları dadacaq, folklor kollektivlərinin, pəhləvanların çıxışlarını izləyəcəklər. Festivalın açılış mərasimində respublikanın tanınmış müğənniləri konsert proqramı ilə çıxış edəcəklər.

Festival iştirakçıları rayonun Katex kəndində yeni yaradılan “Balxurma” müəssisəsinə də baş çəkəcək, emal prosesi ilə tanış olacaqlar.

Həmçinin “Balakəndə meyvəçiliyin inkişaf perspektivləri” mövzusunda konfransın keçirilməsi də nəzərdə tutulur.