Daşkənddə keçirilən MDB Elektroenergetika Şurasının 51-ci iclasında Azərbaycan da təmsil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan nümayəndələri iştirak ediblər.
Yığıncaqda iştirakçı dövlətlərdə 2016-2017-ci illərin payız-qış mövsümü üçün enerji sistemlərinin hazırlığı haqqında məruzələr dinlənilib. İclasda bu dövlətlərin elektroenergetika sahəsinin aktual məsələləri, MDB çərçivəsində bu sferada imzalanan müqavilələr, Şuranın normativ və texniki sənədləri, “Enerjinin səmərəliliyi və bərpa edilən energetika üzrə işçi qrupunun sənədləri haqında” sənəd və digər məsələlər müzakirə edilib. Tədbirdə MDB-nin üzvü olan ölkələrin elektroenergetika obyektlərində qəza-bərpa işləri apararkən qarşılıqlı yardımın təşkili üzrə tövsiyələr təsdiq edilib.
Məruzələrdə qeyd edilib ki, Birlik ölkələrində energetika sahəsində işlərin etibarlılığını və səmərəliliyini təmin etmək məqsədilə inteqrasiya əməkdaşlığı çox vacibdir.
Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov çıxış edərək ölkəmizdə bu sahədə görülən işlər haqqında məlumat verib. O deyib ki, Balaxanı və İsmayıllıda kiçik hidroelektrik stansiyalar istifadəyə verilib. Gücü 409 meqavat olan “Şimal” İstilik Elektrik Stansiyasının tikintisi başa çatıb, şimal və cənub istiqamətlərində bütün istilik elektrik stansiyalarında plan üzrə hazırlıq işləri aparılır.
İclasın sonunda yekun sənəd-protokol qəbul edilib.