Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında 2018-ci ilin məhsulu üçün 65,5 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Hazırda təsərrüfatlarda taxıl səpini mütəşəkkil şəkildə davam etdirilir. Fermerlər indiyədək 30 min 414 hektarı buğda, 18 min 223 hektarı arpa olmaqla, ümumilikdə, 48 min 637 hektar sahəyə toxum səpiblər. Keçən ilin müvafiq dövründə isə bu göstərici yalnız 16,8 min hektar təşkil edirdi.
Bu barədə AZƏRTAC-a şəhər icra hakimiyyəti aparatının məsul nümayəndəsi Rafik Məmmədov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, payızlıq dənlilərin səpini üçün indiyədək təsərrüfatlarda 57 min hektardan çox sahədə şum çıxarılıb və bu iş sürətlə davam etdirilir.
Xatırladaq ki, Şəki taxılçıları ötən mövsüm 66 min 634 hektar sahədən 214 min tondan çox məhsul əldə ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 21 min 568 ton artıb.