SOCAR istiqrazlarından yeni üsulla faydalanmaq olacaq

10 noyabr 2017 19:49
653

Azərbaycanın qiymətli kağızlar bazarında ilk dəfə olaraq SOCAR istiqrazları ilə müntəzəm REPO əməliyyatlarına başlanıb.

“SOCAR Capital”dan AZƏRTAC-a bildirilib ki, SOCAR istiqrazlarının marketmeykeri olan “PSG Kapital” şirkətinin məlumatına görə, artıq noyabrın 10-dan etibarən SOCAR istiqrazlarının sahibləri olan fiziki və hüquqi şəxslər Bakı Fond Birjasında (BFB) istiqrazlar üzrə REPO əməliyyatlarından istifadə edərək qısamüddətli kreditlər əldə edə biləcəklər.

Xatırladaq ki, REPO əməliyyatı – qiymətli kağızın sonradan geri satılmaq şərtilə alqı-satqı əməliyyatıdır. Bu zaman qiymətli kağızın geri alınma qiyməti də əvvəlcədən müəyyən edilir. REPO əməliyyatı vasitəsilə qiymətli kağız sahibi olan fiziki və hüquqi şəxslər ehtiyac yarandığı halda qısa müddətdə və olduqca aşağı faiz dərəcəsi ilə vəsait (ani likvidlik) cəlb edə bilirlər.

REPO əməliyyatları qiymətli kağızlar bazarında aparılan əsas əməliyyatlardan və kağız sahibləri üçün yaradılan mühüm imkanlardan biri sayılır. İnkişaf etmiş qiymətli kağızlar bazarlarında REPO əməliyyatları və onlar vasitəsilə vəsait cəlb olunması geniş yayılıb.

Adətən REPO əməliyyatlarının müddəti (yəni bu əməliyyat çərçivəsində cəlb edilən vəsaitin qaytarılması müddəti) bir neçə gün davam edir. “PSG Kapital”dan verilən məlumata görə, SOCAR istiqrazları ilə REPO əməliyyatları ilkin olaraq 3 və 7 günlük nəzərdə tutulub.

3 günlük REPO əməliyyatları illik 3,5 faizlə, 7 günlük əməliyyatlar isə illik 3,75 faizlə aparılacaq. Başqa sözlə, istiqraz sahibləri REPO əməliyyatlarından istifadə etməklə 3 və 7 günlük müddətlərdə illik 3,5-3,75 faizlə qısa müddətli kreditlər ala (vəsaitlər cəlb edə) biləcəklər.

İlkin olaraq gündəlik 2 milyon dollarlıq REPO “pəncərəsi” açılıb. Bu vəsaitin 1 milyon dolları 3 günlük, 1 milyon dolar isə 7 günlük əməliyyatlar üçün nəzərdə tutulub.

“Amma müştərilərin tələbatından asılı olaraq həm REPO üçün vəsaitlərin həcmi, həm də REPO əməliyyatının müddəti dəyişə və bir ayadək uzadıla bilər”, - deyə “PSG Kapital”dan bildirilib.

Digər mühüm məqam, REPO əməliyyatları vasitəsilə istiqraz sahiblərinin cəlb edə biləcəyi vəsaitin həcmi ilə bağlıdır. Qeyd edək ki, müxtəlif qiymətli kağızlar üzrə REPO məbləğləri fərqlənir. SOCAR istiqrazları etibarlı qiymətli kağız sayıldığına və BFB-nin əsas listinqində əməliyyat edildiyinə görə, bu kağızlar üzrə “hair cut” (təminat əmsalı) cəmi 5 faiz təşkil edir. Yəni istiqraz sahibləri REPO əməliyyatları vasitəsilə sahib olduğu istiqrazların dəyərinin 95 faizi həcmində vəsait cəlb edə biləcəklər. Xatırladaq ki, hazırda Azərbaycanın qiymətli kağızlar bazarındakı digər korporativ istiqrazlarda “hair cut” 40 faiz təşkil edir, başqa sözlə, həmin istiqrazların sahibləri REPO əməliyyatları vasitəsilə sahib olduğu istiqrazların nominal qiymətinin cəmi 60 faizi qədər vəsait cəlb edə bilərlər.

REPO əməliyyatlarının istiqraz sahibləri üçün digər üstünlüyü vəsaitlərin olduqca aşağı faizlə cəlb edilməsidir. Belə ki, illik 5 faiz gəlirliyə malik olan SOCAR istiqrazlarının sahibləri vəsaitləri daha aşağı faizlərlə cəlb edə biləcək, bununla da onların qazancları heç bir halda azalmayacaq.

“PSG Kapital”da bildirilib ki, REPO əməliyyatları xüsusilə ani likvidliyə ehtiyac yaranan hüquqi şəxslər, bank və sığorta şirkətləri üçün faydalı olacaq. “SOCAR istiqrazları ilə REPO əməliyyatlarının başlanması likvidliyin təminatına dəstəklə yanaşı, ümumilikdə qiymətli kağızlar sektoruna inamı yüksəldəcək”.

SOCAR istiqrazları ilə REPO əməliyyatlarının başlanması Azərbaycanın qiymətli kağızlar bazarı və qiymətli kağızların sahibləri, ümumilikdə ölkə iqtisadiyyatı üçün mühüm yenilikdir. Bu əməliyyat vasitəsilə istiqraz sahibləri digər mənbələrə ehtiyac olmadan özlərinin likvid vəsaitlərə olan tələbatlarını ödəyəcəklər. Başqa sözlə, REPO əməliyyatları vasitəsilə şirkət və fiziki şəxslər yeni maliyyələşmə imkanı qazanırlar.