15 noyabr 2017 21:48
713

Rusiya Venesuelanın 3 mlrd. dollar borcunu restrukturizasiya edib

Moskvada Venesuelanın Rusiyaya borcunun restrukturizasiyasına dair iki ölkənin hökumətləri arasında sənəd imzalanıb.

"Report"un RBC agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.

Sənəddə bildirilir ki, Venesuelanın Rusiyaya ümumi borcu 3,15 mlrd. dollar təşkil edir. Anlaşmaya görə, Venesuela bu borcu 10 il ərzində tədricən ödəyəcək. İlk 6 il ərzində isə ödənişlər minimum məbləğdə olacaq.

"Borcun yüngülləşdirilməsi nəticəsində sərbəst qalan vəsaitlər Venesuela iqtisadiyyatının inkişafına yönəldiləcək. Bu da son nəticədə ölkənin borc ödəmə qabiliyyətini yüksəldərək digər kreditorların borcunun ödəmək şansını artıracaq", - deyə sənəddə qeyd edilir.

Xatırladaq ki, Venesuela 2016-ci ilin mart ayında Rusiyaya olan 530 mln. dollar borcunu ödəyə bilməyib və bu məbləğ 2019-2021-ci illərə ertələnib. Lakin daha sonra, cari ilin yazında Venesuela növbəti 362 mln. dollar borcunu da ödəyə bilməyib.