Yaponiyanın kənd təsərrüfatı sahəsində populyarlığı ilə seçilən “Nihon Nogyo Shimbun“ qəzetində Bakıda keçirilmiş “JAPAN EXPO-2017” sərgisi haqqında “Azərbaycanda biznes danışıqları Çiba prefekturasının məhsullarının bu ölkədə satışı üçün ilk uğurlu addımdır” başlıqlı məqalə yer alıb. Məqalədə vurğulanır ki, JAPAN EXPO-2017 sərgisi Azərbaycan ilə əlaqələrin inkişafına mühüm töhfədir.
AZƏRTAC xəbər verir ki, məqalədə Qafqaz regionunun aparıcı dövləti olan Azərbaycanın əldə etdiyi iqtisadi uğurlardan danışılır. Bildirilir ki, neft-qaz yataqlarından çıxarılan karbohidrogen ehtiyatlarının ixracından əldə edilən gəlirlərin ölkənin inkişafına yönəldilməsi nəticəsində Azərbaycan sürətli inkişafa nail olub. Məhz bu inkişaf yapon iş adamlarının diqqətini Azərbaycana cəlb edib.
“Cross Border Club” şirkətinin təşkilatçılığı ilə Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycanda oktyabrın 27-28-də “Japan Expo-2017” yapon məhsulları sərgisi təşkil edilib. Azərbaycanın aparıcı dövlət xəbərlər agentliyi AZƏRTAC-ın informasiya dəstəyi ilə Bakı Biznes Mərkəzində keçirilən sərgidə Yaponiyanın prefekturalarından gətirilən qida və içkilər, kosmetik vasitələr, suvenirlər, mətbəx avadanlığı və digər məhsullar Azərbaycan ziyarətçilərə təqdim olunub.
Məqalədə bildirilir ki, digər prefekturalarla yanaşı, Çiba prefekturasından gətirilən qida məhsulları da ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Bildirilib ki, yerli əhalinin alıcılıq qabiliyyətinin yüksək olması yapon qida məhsullarının Azərbaycan bazarında yer tutacağını deməyə əsas verir. Məmnuniyyətlə yapon qida məhsullarının, içkilərin tamına baxan yerli sakinlər onların spesifikliyi ilə fərqləndiyini qeyd ediblər. Sərgi zamanı satışa çıxarılan məhsulların bir çoxu alınıb.
Qeyd olunur ki, Çiba prefekturasından olan xanım Miki Asano Cənub-Şərqi Asiya ölkələrinə ixrac edilən kənd təsərrüfatı məhsullarının Azərbaycana göndərilməsi barədə də danışıqlar aparıb. Azərbaycan iş adamları ilə aparılan bu danışıqlar zamanı həmin məhsulların Bakıdakı marketlərdə satışının təşkili barədə razılıq əldə edilib. Bu məqsədlə həmin marketlərdə “yapon güşə”lərinin yaradılması qərara alınıb.
Məqalədə bildirilir ki, Azərbaycan xalqının yapon məhsullarına marağı olduqca yüksəkdir və bu ölkə Yaponiyada hələ az tanindığına görə ixracatda rəqabət də azdır. Məhz bu amil Çiba iş adamlarının Azərbaycan bazarında yer tutmaları üçün yaxşı şərait yarada bilər.