16 noyabr 2017 21:37
820

Dövlət Gömrük Komitəsi büdcə öhdəliyini vaxtından əvvəl və 102 faiz yerinə yetirib

Dövlət Gömrük Komitəsi illik büdcə öhdəliyini noyabrın 16-da 102 faiz yerinə yetirib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan dərin islahatlar gömrük sistemində də müsbət dəyişikliklərə səbəb olub. Azərbaycanda yaşanan iqtisadi inkişaf prosesləri gömrük xidmətindən də yan keçməyib, ölkəmizin ümumi tərəqqisində aparıcı qüvvəyə çevrilən gömrük orqanlarının fəaliyyəti günün tələbləri səviyyəsində qurulub.

Ötən dövrdə Azərbaycan gömrüyü gömrük nəzarətinin təşkili, qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi, gömrük sisteminin yenidən qurulması və maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi, eləcə də fiskal siyasətin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib.

Azərbaycan gömrüyü hər il olduğu kimi, bu il də fiskal siyasətin həyata keçirilməsi, idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsi və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb.

2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununa əsasən, Dövlət Gömrük Komitəsi üçün 2 milyard 250 milyon manat illik büdcə öhdəliyi müəyyənləşdirilib. Bu il noyabrın 16-da faktiki olaraq 2 milyard 300 milyon manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməklə 2017-ci il üzrə müəyyən olunan 2 milyard 250 milyon manat illik büdcə öhdəliyi vaxtından əvvəl 50 milyon manat artıq və ya 102 faiz yerinə yetirilib.

2017-ci il noyabrın 16-dək olan dövr ərzində idxal əməliyyatlarının həcmi 7 milyard 341 milyon ABŞ dolları olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 milyon ABŞ dolları məbləğində azalmasına baxmayaraq, 2017-ci il noyabrın 16-dək dövlət büdcəsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 355,5 milyon manat artıq gömrük ödənişləri yığılaraq köçürülməsi təmin olunub. Cari ilin qalan dövrü ərzində də idxal mallarına tətbiq olunacaq gömrük vergi və rüsumlarına görə alınacaq ödənişlər illik proqnozun daha böyük məbləğdə yerinə yetirilməsini şərtləndirəcək.

Təhlildən göründüyü kimi, 2016-cı və 2017-ci illərin müvafiq dövrü ərzində idxalın həcminin azalması ilə müşahidə olunduğu halda, illik büdcə öhdəliyi 16 noyabr 2017-ci il tarixinə artıqlaması ilə icra olunub.