17 noyabr 2017 22:26
1656

Azərbaycanda qadın sahibkarlığının inkişafı yolları müzakirə olunub

Noyabrın 17-də Bakıda 2017-ci il Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Azərbaycanda qadın sahibkarlığın inkişafı” adlı konfrans keçirilib. Tədbir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə ABŞ hökumətinin və BMT-nin İnkişaf Proqramının (UNDP) maliyyə dəstəyi ilə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları Azərbaycanda qadın sahibkarlığının inkişafı yollarını müzakirə edib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Bakıdakı nümayəndəliyinin rəhbəri Mikaela Meredis qeyd edib ki, qadınlar öz biznesini yarada, inkişaf etdirə və idarə edə bildikdə ölkənin iqtisadiyyatında güclü rol oynayırlar. Qadınlar möhtəşəm ideya və əzmkarlıqla öz ideyalarını reallığa çevirə və ətraflarındakı dünyanı dəyişə bilərlər, yetər ki, onlara bunun üçün resurslar verilsin. Missiya rəhbəri sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan hökumətinin atdığı addımları müsbət qiymətləndirib.

BMT-nin rezident əlaqələndiricisi və UNDP-nin rezident nümayəndəsi Qulam İsaqzai qeyd edib ki, 2030-cu ilə kimi Davamlı İnkişaf Gündəliyi qadın sahibkarlığının genişlənməsini, yoxsulluq probleminin həlli, bərabərsizliyin aradan qaldırılması, qlobal universal təhsil istiqamətində irəliləyiş və hər kəsə keyfiyyətli səhiyyə imkanlarını təmin etmək üçün vacib katalizator kimi nəzərdən keçirir. "Qadın sahibkarlığını gücləndirmək üçün BMT sistemi, aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti, media və mütəxəssis icması da daxil olmaqla bütün iştirakçıların davamlı dəstəyinə ehtiyacımız var. Fəxr edirik ki, UNDP-nin Azərbaycan nümayəndəliyi olaraq, resurslarımızın əhəmiyyətli qismini qadın sahibkarlara kömək etmək, işgüzar qadınları nümunə kimi təşviq etmək və qadınların özəl sektorda fəal və faydalı fəaliyyətini gücləndirmək üçün daha yaxşı siyasətləri təbliğ etmək üçün sərf edirik”, - deyə İ.İsaqzai bildirib.

Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva bildirib ki, son illər qadın sahibkarların inkişafı üçün geniş imkanlar yaradılıb. İnkişaf edən cəmiyyətimizdə qadınların iqtisadi diversifikasiyada oynadığı rol xüsusi əhəmiyyətə malikdir.