30 noyabr 2017 16:48
582

“AzerGold” Londonda beynəlxalq dağ-mədən konfransında təmsil olunub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Londonda təşkil olunan “Mines and Money” adlı beynəlxalq konfransda iştirak edib.

QSC-dən AZƏRTAC-a bildiriblər ki, “AzerGold”un idarə heyətinin sədri Zakir İbrahimov qiymətli və əlvan metal yataqlarının işlənilməsi istiqamətində fəaliyyət göstərən müxtəlif nüfuzlu mədən şirkətləri ilə görüşlər keçirərək yeni tərəfdaşlıq əlaqələri formalaşdırıb, dağ-mədən sahəsində tətbiq olunan innovasiya və texnologiyalar haqqında geniş fikir mübadiləsi aparıb. Tədbirin sərgi hissəsində yerləşdirilən “AzerGold” QSC-nin məlumat stendi müxtəlif xarici mədən şirkətləri və investorlar tərəfindən maraqla qarşılanıb.

“AzerGold” QSC-nin strateji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiri Kənan Salayev konfrans çərçivəsində baş tutan Qızıl Sammitində təqdimatla çıxış edib. O, Azərbaycanın dağ-mədən sənayesi, əlvan metalların hasilat və ixrac potensialı, həmçinin bu sahənin perspektivləri haqqında konfrans iştirakçılarına məlumat verib.

“Mines and Money” konfransı yeni baxış və yanaşmalar, gələcək hasilat işlərinin maliyyələşməsi, investisiya cəlbetmə üsullarının müəyyənləşdirilməsi, innovasiyaların tətbiqi və əməkdaşlığın genişlənməsi mövzularını əhatə edib.

Qeyd edək ki, “Mines and Money” konfransı 75 ölkədən olan 2000-dən çox iştirakçının, dağ-mədən şirkətlərini təmsil edən 900-dən çox nümayəndənin, idarəetməsində 3,6 trilyon dollar dəyərində aktiv olan 800-dən çox investor və maliyyəçinin iştirak etdiyi dağ-mədən sahəsinin ən böyük tədbirlərindən biridir.