İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 7-ci iclası işə başlayıb.
"Report"un Türkiyə bürosu xəbər verir ki, toplantıda Azərbaycanı iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Türkiyənin İqtisadiyyat Nazirliyinin ev sahibliyi ilə keçirilən iclasa Türk Şurasının baş katibi Ramil Həsənov, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci, Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Baurzhan Bekishev, Qırğızıstanın iqtisadiyyat nazirinin birinci müavini Daniyar İmanaliyev və Özbəkistanın iqtisadiyyat nazirinin birinci müavini Sanutalla Bekenov da qatılıblar.
Toplantıda Türk Şurasına üzv ölkələr arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, üzv ölkələr arasında ticarət əlaqələrinin artırılması və birgə iqtisadi layihələrin həyata keçirilməsi, ortaq sərmayə qoyuluşuna dair imkanların araşdırılması, ikitərəfli ticarət və iqtisadi əməkdaşlıq zamanı qarşıya çıxan əngəllərin aradan qaldırılması və həlli yolları məsələləri müzakirə olunub.
N.Zeybekçi çıxışı zamanı Azərbaycan və Türkiyə arasında xüsusilə son illərdə aparılan iqtisadi layihələrdən danışıb, Xəzər dənizinin türk coğrafiyasının iqtisadi imkanlarının artırılmasında əhəmiyyətli rolu olduğunu deyib. Nazir Bakı-Tiblisi-Qars layihəsinin dünya iqtisadiyyatının inkişafına böyük töhfə verəcəyinə də əmin olduğunu ifadə edib.
Ş.Mustafayev isə TANAP, "Star" və TAP layihələrinə Azərbaycanın qoyduğu investisiyalardan bəhs edib. Nazir Azərbaycan və Türkiyə arasında sərmayə qoyuluşu, ticarət dövriyyəsinin sürətlə artması, sağlam biznes mühitinin formalaşmasına dair fikir və mülahizələrini bölüşərək yaxın gələcəkdə türkdilli ölkələr arasında əlaqələrin daha da genişlənəcəyini vurğulayıb. Ş.Mustafayev dekabrın 1-də Ankarada imzalanacaq referensial ticarət sazişinin Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin artımına təkan verəcəyini bildirib.
Qeyd edək ki, toplantı çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi arasında ikitərəfli görüş keçiriləcək və müqavilələr imzalanacaq.