ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta dekabrın 20-də keçiriləcək 9-cu “CEO Lunch Baku”da iştirak edəcək.
“Report” xəbər verir ki, bu barədə “Caspian European Club” və “Caspian American Club”un sədrinin I müavini Telman Əliyev məlumat verib.
Onun sözlərinə görə, bu “CEO Lunch Baku” Azərbaycan-Amerika münasibətlərinə həsr olunub. Tədbirəd iştirak etmək üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevə rəsmi dəvət göndərilib.
T.Əliyev vurğulayıb ki, ABŞ Azərbaycanın strateji partnyorudur və ölkənin həyata keçirdiyi beynəlxalq səviyyəli layihələri dəstəkləyir: “Bu gün Amerika şirkətlərinin əksəriyyəti Xəzər-Qara dəniz regionu ölkələrinin ərazisində uğurla fəaliyyət göstərir. Bundan əlavə, ikitərəfli biznes əlaqələrinin inkişafında, əməkdaşlığın qurulmasında və birgə layihələrin həyata keçirilməsində böyük maraq var. Biz bundan çox məmnunuq. Ümid edirik ki, gələcəkdə əməkdaşlığımız öz bəhrəsini və Xəzər-Qara dəniz regionu ölkələrinin ABŞ ilə ticari-iqtisadi münasibətlərinə öz töhfəsini verəcək”.
“Caspian American Club”un ötən ilin dekabrında yaradıldığını xatırladan T.Əliyev onun fəaliyyətinə və gələn il iyunun 4-də keçiriləcək “Caspian American Forum Baku”ya göstərilən diqqətə görə ABŞ səfirliyinə öz minnətdarlığını bildirib.
Xatırladaq ki, “Caspian European Club” və “Caspian American Club”un sədri Prezident İlham Əliyevdir.