01 dekabr 2017 21:57
842

Milli Antidopinq Agentliyi ilə Dövlət Gömrük Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

Dekabrın 1-də Azərbaycan Respublikasının Milli Antidopinq Agentliyi ilə Dövlət Gömrük Komitəsi (DGK) arasında Anlaşma Memorandumu imzalanıb.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, hazırda dünyada idman sahəsinə, idman yarışlarına böyük diqqət var və Azərbaycan da bu sahəyə xüsusi önəm yetirir, beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edir. İdmançılar tərəfindən dopinqin qəbulu çox aktual problemdir.

DGK sədrinin sözlərinə görə, Dövlət Gömrük Komitəsi və Milli Antidopinq Agentliyi arasında bu istiqamətdə imzalanan Anlaşma Memorandumu da bu sahəyə yönələn əməkdaşlıqdır. Əməkdaşlığın 3 əsas istiqaməti var. Bunlardan birincisi vaxtaşırı olaraq işçi görüşlərinin keçirilməsi, ikincisi hər iki qurumun məlumat mübadiləsi aparmasıdır. Burada əsas öhdəlik Gömrük Komitəsinin öhdəliyinə düşür. Biz tərkibində dopinq olar dərmanlar barədə Antidopinq Agentliyini məlumatlandıracağıq. Üçüncü məsələ isə Milli Antidopinq Agentliyi tərəfindən antidopinq, dopinqin qəbulu və bu sahədə dünyada olan yeniliklərlə bağlı Azərbaycan gömrükçüləri üçün treninqlərin təşkil edilməsidir.

"Azərbaycanın bundan sonra da yüksək səviyyəli idman yarışlarına ev sahibliyi edəcəyini, idmana ayrılan diqqəti nəzərə alsaq bu əməkdaşlığın faydalı olacağını qeyd etmək olar", - deyə A.Əliyev vurğulayıb.