Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi növbəti illərdə də Dünya Bankı ilə əməkdaşlığa önəm verəcək.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu sözləri nazir Heydər Əsədov dekabrın 27-də Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi və əməliyyatlar üzrə baş mütəxəssis Səidə Bağırlı ilə görüşdə deyib.
Görüşdə əsas məqsəd Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq haqqında müzakirələrin aparılması olub.
Nazir Heydər Əsədov Dünya Bankı ilə uzun müddətdir əməkdaşlıq edildiyini, bir çox layihələrin artıq yekunlaşaraq yüksək nəticələr verdiyini, Quba rayonunda yaradılan Fermer Evinin özünü doğrultduğunu, ictimaiyyətin rəğbətini qazandığını, hazırda iki layihənin də uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində 2000 kiçik layihə icra olunub. Layihənin uğurları bu ilin oktyabrında Dünya Bankının Vaşinqtonda keçirilən 17-ci İllik İclasında müzakirə edilib və yüksək dəyərləndirilib. Digər bir layihə - Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində bruselyoza qarşı aparılmış tədbirlər planı isə Çikaqoda “Bruselyoza qarşı mübarizə” üzrə Beynəlxalq Cəmiyyət tərəfindən yüksək dəyərləndirilib və bu təhlükəli xəstəliyin mövcud olduğu digər ölkələrdə də analoji üsulun seçilməsi tövsiyə olunub.
Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi sentyabr ayında keçirilmiş Dünya Bankı ilə tərəfdaşlığın 25-ci ildönümünə həsr olunmuş tədbiri xatırladaraq, daha iki tədbirin keçirilməsinin də planlaşdırıldığını diqqətə çatdırıb. Həmin tədbirlərdən biri 2018-ci ilin əvvəlində Azərbaycan Dövlət Aqrar Universitetində keçiriləcək. Digər tədbir isə Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində aralıq missiya ilə qarşıda duran vəzifələrin müzakirələrinin başlaması olacaq.
Nazir Heydər Əsədov növbəti illərdə də Dünya Bankı ilə əməkdaşlığa önəm verəcəyini diqqətə çatdırıb.