Rusiyanın əsas fond indeksi olan RTS bu gün 2014-cü ildən sonra ilk dəfə 1 200 bəndi ötüb. "Report" "Interfax" agentliyinə istinadən xəbər verir ki, RTS indeksi bugünkü hərraclarda 1 203 bənd səviyyəsinə çatıb. Son dəfə RTS indeksi 1 200 bənd səviyyəsində 2014-cü ilin sentyabr ayında olub və daha sonra qlobal maliyyə böhranının mənfi təsiri ilə 578 bəndə qədər azalıb. RTS 2008-ci ilin may ayında 2 498 bəndlə tarixi rekord həddinə çatıb.
İndeksin yüksəlməsinə səbəb qlobal kapital bazarında fond birjalarında sürən müsbət əhval-ruhiyyə və neft qiymətlərinin artması amilləri göstərilir. RTS indeksinin yüksəlməsində əsas rol oynayan səhmlər arasında "Raspadskaya", "Rosneft", "Qazprom", "Aeroflot", "Nornikel" və "Sberbank" yer alıb. Xatırladaq ki, "Sberbank"ın səhmləri 1,9% artımla 236,18 rubla yüksələrək tarixi maksimal həddə çatıb.