05 yanvar 2018 21:59
1098

“Qərbi Azəri” yatağından hasilata başlanmasından 12 il ötür

2006-cı il yanvarın 5-də “Qərbi Azəri” yatağından hasilat başlanıb. Ötən ilin 3 rübündə yataqdan hasilat gündəlik orta hesabla 120 min barrel olub.

AZƏRTAC xəbər verir ki, “Qərbi Azəri”də ilk quyu 2003-cü ilin mayında qazılıb. 2004-cü ilin avqustunda yataq üçün platformanın qazma hissəsi Bakıya gətirilib. 2005-ci ilin mayında isə platformanın quraşdırılmasına başlanılıb. “Qərbi Azəri”də platformanın quraşdırılması işləri həmin ilin sentyabrında yekunlaşıb. Yataqdan ilk neft nəzərdə tutulduğundan dörd ay əvvəl çıxarılıb. “Qərbi Azəri”dən çıxan neft Səngəçal terminalına 30 düyümlük yeni sualtı boru kəməri ilə nəql olunur.

“Qərbi Azəri” Bakıdan 100 kilometr şərqdə, dənizin təxminən 118 metr dərinliyində yerləşən hasilat, qazma və yaşayış platformasıdır. Bu platforma “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft hasil etmək üçün inşa edilib. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə vurulan AÇG neftində “Qərbi Azəri”nin böyük rolu var.

“Azəri-Çıraq-Günəşli” isə Xəzərin Azərbaycan sektorundakı ən iri neft yatağıdır. İşlənmənin əvvəlindən “Azəri-Çıraq-Günəşli”dən 445 milyon ton neft və 140 milyard kubmetr qaz hasil olunub. Azərbaycan 2017-ci il dekabrın 1-dək AÇG-dən 250 milyon ton mənfəət nefti əldə edib. Bu da dünya bazarında realizə olunmuş bütün mənfəət neftinin 56 faizini təşkil edir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) isə 2001-ci ilin əvvəlindən ötən il dekabrın 1-dək “Azəri-Çıraq-Günəşli” layihəsinin reallaşdırılması çərçivəsində 127 milyard 889 milyon ABŞ dolları gəlir əldə edib. İndiyədək ARDNF-in 87,6 milyon manat vəsaiti AÇG-nin birgə işlənməsi üzrə layihədə SOCAR-ın iştirak payının maliyyələşdirilməsinə yönəldilib. Bu il Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” yatağı üzrə 5 milyard 194,80 milyon ABŞ dolları vəsaitin daxil olması nəzərdə tutulur.

Cari ildə AÇG neft-qaz yataqları blokundan xam neft hasilatının həcminin 204,4 milyon barrel, yəni 28 milyon ton olacağı proqnozlaşdırılır. 2050-ci ilədək isə “Azəri-Çıraq-Günəşli”dən daha 500 milyon tona qədər neftin hasil olunması nəzərdə tutulur. Bu vaxta qədər AÇG-yə təxminən 43 milyard dollar sərmayə qoyulub və bundan sonra da bir o qədər sərmayə qoyulacaq.

AÇG-də iştirak payları belədir: BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “Inpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), “TPAO” (6,8 faiz), “Itochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz).

Xatırladaq ki, ötən il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.

Yeni saziş çərçivəsində ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz olacaq. Həmçinin SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.