15 yanvar 2018 14:29
1241

Kanadada aktiv neft-qaz quyularının sayında kəskin artım qeydə alınıb

Dünya bazarında "Brent" markalı neftin qiymətinin 70 dollar/barel həddini keçməsi ABŞ-la yanaşı Kanadanın da neft-qaz sektoruna təsir göstərməyə başlayıb. "Report" "Baker Hughes" şirkətinin həftəlik hesabatına istinadən xəbər verir ki, 8-12 yanvar tarixlərində Kanadada aktiv neft-qaz quyularının sayı 102 ədəd və ya 58,6% artaraq 276-ya yüksəlib.

Hesabat həftəsində Kanadada aktiv neft quyularının sayı 87 ədəd və ya 88,8% artaraq 185-ə, aktiv qaz quyularının sayı isə 15 ədəd və ya 19,7% artaraq 91-ə çatıb.

Qeyd edək ki, ötən həftə ABŞ aktiv neft quyularının sayı da 10 ədəd və ya 1,3% artaraq 752-yə çatıb və ötən ilin maksimum həddi olan 768 ədəddən 2,1% aşağıdır. 2016-cı il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub ki, bu da son 7 ilin minimal həddi deməkdir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,38 dəfə çoxdur. Bu göstərici rekord həddə isə 2014-cü ilin oktyabr ayında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 53,3% aşağıdır.

"Report"un analitik qrupu yaxın zamanda ABŞ və Kanadaın neft sektorunda aktivliyin artmasının hasilata müsbət təsir edəcəyini və qiymətlərin azalmağa başlayacağını ehtimal edir. Lakin "Brent" markalı neftin qiymətinin 60 dollar/barelə qədər azalması istisna edilmir.