“Boeing Commercial Airplanes” şirkətinin prezidenti Bakıya işgüzar səfərə gələcək.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov “Cargolux” yük aviaşirkətinin prezidenti və icraçı direktoru Riçard Forson ilə görüşdə deyib.
AZAL QSC-nin prezidenti Forsona bildirib ki, onun dəvəti ilə yaxın həftələrdə “Boeing Commercial Airplanes”in prezidenti və baş icraçı direktoru Kevin Makalister Bakıya işgüzar səfərə gələcək. Cahangir Əsgərov Riçard Forsona görüşə qoşulmağı və geniş füzelyajlı yük laynerinin gələcəyini müzakirə etməyi təklif edib.
Eyni zamanda Cahangir Əsgərov “Boeing” şirkətinin “Boeing 747-8F” təyyarələrinin istehsalı proqramının bağlanması barədə potensial qərarından təəssüfləndiyini bildirib. Belə ki, Azərbaycanın mülki aviasiya üçün yaxın 10 il ərzində 20 ədəd “Boeing 747-8F” təyyarəsinin alınmasına ehtiyac olacaq və bununla da əlaqədar olaraq Cahangir Əsgərov bu tipli hava gəmisinin istehsalının davam etdirilməsi üçün “Boeing” Korporasiyasına müraciət etməyi təklif edib.