31 may 2018 15:59
991

Cənub Qaz Dəhlizi Avropada və Cənubi Qafqazda əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək

“Davos Forumunun hesablamalarına əsasən inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq, eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.”

Səngəçal terminalında “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışında çıxış edən Prezident İlham Əliyev bu sözləri ilə bütün dünya ictimaiyyətinə bəyan etdi ki, dünyanın enerji xəritəsini qlobal təşəbbüsləri ilə dəyişən Azərbaycan bu layihələri ilə siyasi, iqtisadi əməkdaşlıq, sabitlik tərəfdarıdır. 4 il bundan əvvəl təməli qoyulan, texniki-iqtisadi cəhətdən çox mürəkkəb, eyni zamanda, regional və beynəlxalq əhəmiyyətli “Cənub Qaz Dəhlizi”nin açılışı onu göstərir ki, müstəqil Azərbaycan uğurlu neft siyasəti ilə və Azərbaycan xalqına məxsus təbii ehtiyatlarından istifadə etməklə Avropanın enerji xəritəsini yenidən tərtib etmək qüdrətindədir.

1993-cü ildə Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrikcəsinə hazırladığı uzunmüddətli neft strategiyasının uğuru, ölkə iqtisadiyyatının əsasını təşkil edən neft-qaz sektorunun inkişafı təkcə Azərbaycanın deyil, eyni zamanda, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında önəmli rolu ilə diqqət çəkir.

1994-cü ildə ilk dəfə keçirilən birinci Xəzər Neft-Qaz Sərgisinin təşkili ilə zəngin enerji resurslarına malik müstəqil ölkə olduğunu bəyan edən Azərbaycan “Əsrin müqaviləsi”nin “ imzalanması, “Azəri-Çıraq-Günəşli” neft yataqlarının birgə işlənməsi üzrə razılıqların əldə olunması ilə ölkənin yeni neft erasının da əsasını qoydu. Beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi özünü doğruldan, enerji layihələri üzrə bağlanmış  müqavilələrdə nəzərdə tutulan şərtlərə əməl edən Azərbaycana inamın nəticəsi “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması oldu. “Yəni, bu özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün “Əsrin kontraktı”nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın iri neft strategiyası icra olunmağa başlamışdır” söyləyən cənab İlham Əliyev ölkəmizin zəngin təbii qaz yataqlarına malik olduğunu da diqqətə çatdırır.

Enerji layihələri arasında daha böyük diqqət çəkən “Şahdəniz”lə bağlı imzalanan layihələr Azərbaycanı dünyada həm də zəngin qaz yataqlarına malik ölkə kimi tanıtdı. Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu sayəsində imzalanan “Əsrin müqaviləsi”ndən sonra ərsəyə gələn Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Azərbaycanın qaz hasil və nəql etmək imkanlarının böyük olduğu dünyaya bəyan edildi. Qaz yataqlarının işlənilməsinə tərəfdaşlarda maraq oyatmaq, belə mühüm layihəyə investorları cəlb etmək o qədər asan olmasa da, düşünülmüş siyasət nəticəsində Azərbaycan qarşısına qoyduğu məqsədə nail oldu.

Tarixi hadisə olan “Cənub Qaz Dəhlizi”nin açılışı təsdiqlədi ki, “Şahdəniz” Azərbaycanın təşəbbüsü ilə reallaşan qaz kəmərlərinin əsas resurs bazasıdır. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi ilə Avropaya təbii qaz nəqlinin mümkün variantlarının işlənməsi ilə bağlı danışıqların səmərəli nəticəsi olaraq Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edildi.

Eyni zamanda “Şahdəniz” yatağının gələcəkdə işlənilməsi ilə bağlı təkliflər irəli sürüldü. “Cənub Qaz Dəhlizi” ilə bağlı danışıqlar aparıldı. 2012-ci ildə Azərbaycan ilə Türkiyənin birgə təşəbbüsü, “Cənub Qaz Dəhlizi”nin önəmli hissəsi olan TANAP - Transanadolu qaz kəməri üzrə müqavilə imzalandı. “Bu gün biz bu layihənin rəsmi açılışını qeyd edirik və bu, doğrudan da böyük və tarixi hadisədir” söyləyən cənab İlham Əliyevin bildirdiyi kimi, gələn ay TANAP layihəsinin istifadəyə verilməsi də  yenilənən enerji xəritəsinə tarixi hadisə kimi yazılacaq.

Nəhəng infrastruktur layihəsi kimi diqqət çəkən “Cənub Qaz Dəhlizi”nin inşasına 40 milyard dollardan çox sərmayə qoyulub.

Təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabər Azərbaycanın bu kəmərin reallaşmasındakı rolu və xidmətləri böyük olsa da beynəlxalq əməkdaşlıq sayəsində layihə üzrə tikinti işləri nəzərdə tutulan plana uyğun davam etdirildi. “Mən, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur. Mən bu gün fürsətdən istifadə edərək həm Türkiyə, həm Gürcüstan rəhbərliyinə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu gün Amerika Birləşmiş Ştatlarının hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Çünki Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək” söyləyən cənab İlham Əliyev layihə üçün gərəkli olan maliyyə resursları ayıran bankların dəstəyini də yüksək qiymətləndirdi.

O da vurğulandı ki, Böyük Britaniya hökuməti də həmişə ölkəmizin enerji layihələri ilə bağlı təşəbbüslərini dəstəkləyib, Azərbaycanın yanında olub. BP şirkəti energetika sahəsində ölkəmizin əsas investorudur. Keçən ay Londonda Baş nazir xanım Tereza Mey və Prezident İlham Əliyevin birgə  iştirakı ilə BP ilə SOCAR arasında növbəti kontraktın imzalanması qarşılıqlı strateji əməkdaşlığın nəticəsidir.

“Cənub Qaz Dəhlizi”nin açılış mərasimində ilk gündən layihənin icrasında çox önəmli rol oynamış Avropa İttifaqı ilə əlaqələr də yüksək qiymətləndirildi. Vurğulandı ki, 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub Qaz Dəhlizi” haqqında Birgə Bəyannamənin imzalanması ilə başlanan əlaqələr qarşılıqlı inam əsasında davam etdirilir.

Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə hər il Bakıda “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının iclaslarının keçirilməsi, toplantılarda Aİ-nın yüksək səviyyədə təmsil olunması əməkdaşlıq formatında enerji təhlükəsizliyinə artan diqqətin nümunəsidir.

Qarşılıqlı inama əsaslanan etibarlı əlaqələrə tərəflərin hörmət və ehtiramla yanaşması göstərir ki, münasibətlər nəinki energetika sahəsində, başqa sahələr üzrə də inkişaf etdiriləcək.

“Cənub Qaz Dəhlizi”nin icrasında  Azərbaycanla yanaşı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanın iştirakı geniş beynəlxalq əməkdaşlıq formatı yaradıb. Amma “Cənub Qaz Dəhlizi”nə maraq göstərir ki, gələcəkdə bu formata daxil olan ölkələrin sayı artacaq. Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun növbəti mərhələdə bu layihəyə qoşulacaqları gözləniləndir. Enerji diplomatiyasını şaxələndirmə siyasəti əsasında genişləndirən,  ölkələrin milli təhlükəsizliyinin enerji təhlükəsizliyindən böyük dərəcədə asılılığını zəngin təcrübəsi sayəsində təsdiqləyən Azərbaycanın təşəbbüsü kimi dəyərləndirilən “Cənub Qaz Dəhlizi”nin marşrutlar üzrə şaxələndirilməsinin siyasi, iqtisadi əhəmiyyəti Prezident İlham Əliyevin sözlərində əksini tapır: “Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və “Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib.”

Bu, balanslaşdırma ilə qarşılıqlı faydalı əməkdaşlıq təmin olunur, mənfəətlər qarşılıqlı olaraq nəzərə alınır. Bu baxımdan Azərbaycan çox önəmli tərəfdaş kimi qəbul edilir və imzalanan müqavilələrdə əsas təşəbbüskar kimi Azərbaycanın rolu, mövqeyi dəyərləndirilir. Azərbaycan qarşılıqlı münasibətlərdə məsuliyyətini beynəlxalq normalara uyğun yerinə yetirir, qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrə sadiqdir. Ona görə də Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Gələcəkdə enerji sahəsində görüləcək işlər Avropa İttifaqı ilə Azərbaycan arasında olan əlaqələri daha da yüksək səviyyəyə qaldıracaqdır. Məqsəd budur ki, strateji tərəfdaşlıq formatı təşkil edilsin, maraqlı tərəflərin uzunmüddətli strategiyası ciddi əlaqələndirmə əsasında həll olunsun.

“Cənub Qaz Dəhlizi”nin açılış mərasimində ölkəmizlə bağlı deyilən xoş sözlər, ABŞ Prezidenti Donald Trampın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrikləri, tədbirdə çıxış edən digər qonaqların əməkdaşlığın davamlı olması ilə bağlı söylədikləri bir daha təsdiqlədi ki, zəngin neft-qaz resursları, həm cəsarətli siyasəti və düşünülmüş addımları ilə Avropanın enerji xəritəsini yenidən tərtib edən Azərbaycanın enerji diplomatiyası hasilatçıların, tranzit ölkələrin, istehlakçıların maraqlarına xidmət edir. Mürəkkəb, həllivacib məsələlərin yaratdığı siyasi hadisələrlə daha da gərginləşən dünyamızda sayı artan belə əməkdaşlıq formatlarının yaradılmasını zərurətə çevirir. Bu cür münasibətlər ölkəmizin dünya siyasətində  rolunu artırır, respublikamızı daha da gücləndirir, ölkəmizə həm siyasi, həm iqtisadi dividentlər qazandırır, Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin edir. “Cənub Qaz Dəhlizi”nin açılışı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə ən dəyərli töhfədir. Eyni zamanda ulu öndər Heydər Əliyevin hazırladığı, Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi neft strategiyasının təntənəsidir.

Xuraman İsmayılqızı,

“İki sahil”