31 may 2018 16:12
930

Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizinin rəsmi açılışı göstərdi ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi. Ölkəmiz üçün tarixi hadisə sayılan bu mötəbər tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa ölkələrinin yüksək vəzifəli şəxsləri iştirak edirdilər. Açılışda Böyük Britaniyanın baş naziri xanım Tereza Meyin, qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və ABŞ rəhbərliyinin təbrik məktubları da oxunub.

Cənub Qaz Dəhlizi Azərbaycanın növbəti qlobal enerji layihəsidir və bununla da ölkəmiz daha on milyardlarla dollar vəsait qazanmaq imkanı əldə etməklə həm də Avropanın qaz təchizatını genişləndrəcək.

Qeyd edək ki, bu layihə ilə bağlı 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub Qaz Dəhlizi” haqqında birgə bəyannamə imzalanıb. Son 4 ildə Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilib. Cənub Qaz Dəhlizinin icrasında 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. İndiyədək bu layihənin icrasına 40 milyard dollardan çox sərmayə qoyulub. Bu gün Cənub Qaz Dəhlizi regionun ən böyük qaz ixracı layihəsidir. Eyni zamanda “Şahdəniz”dən hasil olunan qaz və onun həcmi, o cümlədən bu yatağın özü dünyada ən böyük qaz ehtiyatlarına sahib olan yataqlardan biridir. Bu baxımdan Xəzərin qaz ehtiyatlarının Avropaya çatdırılması həm region, həm də Azərbaycan üçün iqtisadi və geosiyasi məna daşısa da, Avropa İttifaqının özü üçün enerji təhlükəsizliyinin təmin edilməsində həyati əhəmiyyət kəsb edir. Çünki məhz Avropanın cənub və cənub-şərq hissəsindəki ölkələrinə Azərbaycan qazını çatdırmağı nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsi bu ölkələrin qazla təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcəkdir. Bu baxımdan layihənin işə düşməsi ilə “Şahdəniz-2” layihəsi, eyni zamanda Azərbaycan və Gürcüstan ərazisindən keçən Cənubi Qafqaz boru kəməri layihəsi tam icra olunmuş vəziyyətdədir. TANAP layihəsinin də bu günlərdə işə düşəcəyi ilə bağlı məlumatlar var. O cümlədən qısa müddətdən sonra TAP layihəsinin işə düşməsi ilə “mavi yanacağ”ın 2020-ci ildə artıq Avropa bazarlarına çatdırılması nəzərdə tutulur. Layihə çərçivəsində elə planlaşdırılıb ki, sonradan onun ixrac həcmini iki dəfəyə yaxın artırmaq mümkündür. Bu layihənin illik ixrac həcmi 30 milyard kubmetrdir. Eyni zamanda, Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə ilkin olaraq 20 milyard kubmetrdən çox qazın ixrac olunması nəzərdə tutulur. Avropa İttifaqının cənub və cənub-şərq ölkələrinin illik tələbatı hazırda 30 milyard kubmetrə yaxındır. Qeyd edilən ölkələr üzrə 2025-ci ildə tələbatın 44 milyard, 2030-cu ildə isə 50 milyard kubmetr olacağı planlaşdırılır ki, bu da əslində Azərbaycan qazı üçün iqtisadi cəhətdən böyük bazarın açılması deməkdir. Təbii ki, Cənub Qaz Dəhlizi layihəsinin açılışı həm Azərbaycanın nüfuzunun, iqtisadi imkanlarının, həm dövlət başçısının siyasi nüfuzunun, həm də Azərbaycan-Avropa İttifaqı arasında yüksək əməkdaşlığın bariz nümunəsidir.  

Cənub Qaz Dəhlizinin açılışı bir daha göstərdi ki, Azərbaycan dövləti böyük güclərin basqısına və iqtisadi təzyiqlərinə baxmayaraq öz milli mənafeyini qoruya bildi

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin açılışını vaxtında və atılmış müdrik addım hesab edərək bildirib ki, bununla da biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq: “Qeyd etdiyim kimi, 4 il bundan əvvəl bu ərazidə Cənub Qaz Dəhlizinin təməli qoyulub. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır.”

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin uğurla nəticələnməsi bir daha göstərdi ki, Azərbaycan dövləti böyük güclərin basqısına və iqtisadi təzyiqlərinə baxmayaraq öz milli mənafeyini qoruya bildi. Əslində, Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi qətiyyəti və çevik geosiyasi fəaliyyətinin nəticəsidir. Bu bir daha göstərir ki, Azərbaycan müstəqil siyasət yürüdən bir güclü dövlətdir. Prezident İlham Əliyev bu barədə bildirib ki, bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər: “Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik.”

Bu həftə ölkəmizin və ümumilikdə dünya enerji sektoru üçün daha bir diqqətçəkən hadisə ilə yadda qalacaq. Belə ki, Bakıda keçirilən XXV Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisinə yüzlərlə tanınmış neft şirkətlərinin, eyni zamanda, xarici ölkələrin dövlət nümayəndələri qatılıblar. Prezident İlham Əliyev bu yubiley sərginin açılışını yüksək qiymətləndirərək onun ölkəmizin neft strategiyasına önəmli töhfələr verdiyini bildirib. Ölkəmizin başçısı neft-qaz sərgilərinin tarixindən danışaraq bildirib ki, 1994-cü ildə birinci Xəzər Neft-Qaz Sərgisi təşkil edilmişdir. Azərbaycanın dünyada zəngin resurslara malik ölkə kimi tanıdılmasında bu sərginin çox böyük rolu olmuşdur: “1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır. “Azəri-Çıraq-Günəşli” neft yataqları dünyanın ən böyük neft yataqlarından biridir və 24 il bundan əvvəl imzalanmış “Əsrin kontraktı”nın müddəti keçən il 2050-ci ilə qədər uzadıldı. Yəni bu, özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün “Əsrin kontraktı”nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın iri neft strategiyası icra olunmağa başlamışdır.”

Azərbaycan etibarlı tranzit ölkə kimi də beynəlxalq əhəmiyyətə malikdr

Prezident İlham Əliyev Azərbaycan neft sənayesinin inkişafında önəmli olan “Şahdəniz” qaz yatağı barədə də danışıb. Bildirib ki, 1994-cü ildən sonra ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrə imzalanmışdır: “Onu da qeyd etməliyəm ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində məhz Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanmışdır. Beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, həm də qaz ölkəsi kimi təqdim etdi. Onu da yaxşı xatırlayıram ki, o vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili o qədər də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün, bu tarixi gündə Cənub Qaz Dəhlizinin açılışını qeyd edərkən biz görürük ki, bu, nə qədər vaxtında atılmış və müdrik addımdır. “Şahdəniz” qaz yatağı Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır.”

Qeyd edək ki, Azərbaycan etibarlı tranzit ölkə kimi də beynəlxalq əhəmiyyətə malikdir. Bunu biz həm beynəlxalq miqyaslı neft və qaz kəmərlərində, həm də Bakı-Tbilisi Qars dəmiryolu xəttinin timsalında aydın görürük. Məhz həm də tranzit ölkə olmağımız bizə yeni iqtisadi dividentlər gətirir. Tranzit kəmərlərlə bağlı Prezident İlham Əliyev bildirib ki, 2002-ci ildə biz “Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün, eyni zamanda, etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir.”

Cənub Qaz Dəhlizinin açılışını tarixi hadisə hesab edən ölkəmizin başçısı bildirib ki, bu dəhliz  nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur və qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir: “Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri əminəm ki, bunu təsdiqləyəcək.

Cənub Qaz Dəhlizi yalnız tranzit xətt deyil, eyni zamanda, iqtisadi və siyasi münasibətlərin və əməkdaşlıqların inkişafı layihəsidir

Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi yalnız tranzit xətt deyil, eyni zamanda iqtisadi və siyasi münasibətlərin və əməkdaşlıqların inkişafı layihəsidir. Belə ki,  bu, Avropada və Cənubi Qafqaz bölgəsində əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcəkdir. Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün deyildi. Prezident İlham Əliyev çıxışında bununla bağlı vurğulayıb ki, mən, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq istərdim: “Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur. Mən bu gün fürsətdən istifadə edərək həm Türkiyə, həm Gürcüstan rəhbərliyinə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm.”

Prezident İlham Əliyev ölkəmizin müəllifi olduğu qlobal layihələrin reallaşmasında böyük dövlətlərin həm siyasi, həm də iqtisadi dəstək verdiyini vurğulayaraq bildirib ki, mən bu gün Amerika Birləşmiş Ştatlarının hökumətinə təşəkkürümü bildirmək istəyirəm: “Çünki Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək. Əlbəttə, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. Amerika hökumətinin bu işdə çox böyük səyləri olub. Biz bu dəstəyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və “Cənub Qaz Dəhlizi” layihələrinin reallaşmasında həmişə hiss etmişik və hiss edirik. Bu dəstək bu layihələrin icra edilməsində çox böyük rol oynamışdır. Böyük Britaniya hökuməti də həmişə bizim yanımızda olub. Bildiyiniz kimi, BP şirkəti energetika sahəsində bizim əsas investorumuzdur. Böyük Britaniya hökuməti bu layihələrin reallaşmasında həmişə bizə dəstək göstərmişdir, biz bu dəstəyi bu gün də hiss edirik. Keçən ay Londonda Baş nazir xanım Mey ilə mənim iştirakımla BP ilə SOCAR arasında növbəti kontrakt imzalanmışdır. Bu, bizim strateji əlaqələrimizi bir daha əks etdirir.”

İlham Əliyev: Bu gün Azərbaycan ayaqda möhkəm dayanan müstəqil ölkədir

Təbii ki, bütün bu uğurların təməlində Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət durur. Balanslı xarici siyasət, iqtisadi və siyasi islahatların davamlılığı, ölkəmizdəki ictimai və siyasi sabitlik xarici ölkələri və nüfuzlu şirkətləri ölkəmizlə hərtərəfli iqtisadi tərəfdaşlığa marağını artırıb. Çıxışında bu önəmli məqamlara toxunan Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan ölkədir, güclü iqtisadiyyata malik olan bir ölkədir: “Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Ölkə iqtisadiyyatına son 15 il ərzində 230 milyard dollardan çox sərmayə qoyulmuşdur. Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni biz istənilən vaxtda bütün borcları rahatlıqla ödəyə bilərik. Azərbaycanda son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir. Bu, onu göstərir ki, qara qızıl, neft və qaz insan kapitalına çevrilib. Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək.”

 Ölkəmizin başçısı Azərbaycan dövlətinin beynəlxalq aləmdə artan iqtisadi qüdrətini də xüsusi vurğulayaraq bildirib ki, Dünya Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb: “Bu onu göstərir ki, biz iqtisadi şaxələndirmə siyasətini uğurla aparırıq. Neftdən əldə edilmiş gəlirlər iqtisadiyyatın qeyri-neft sektoruna yönəlib. Davos Forumunun hesablamalarına əsasən inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq, eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir.

 Təbii ki, Prezident İlham Əliyevin çıxışında davamlı vurğulandığı kimi, ölkəmiz bu uğurlara heç də asanlıqla çatmayıb. İlk növbədə ən çətin və təlatümlü dövrlərdə düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət Azərbaycana yeni inkişaf imkanları yaradıb. Bu inkişafın davamlı olması üçün artıq çox mühüm iqtisadi və siyasi təməllər mövcuddur.

Elçin Zaman,

“İki sahil”