“TANAP son illərdə həyata keçirilən və bəlkə də bu əsrin ən böyük layihələrindən biridir. Hətta deyə bilərik ki, dünyada ən böyük iqtisadi layihədir. Çünki TANAP genişmiqyaslı layihədir. 3500 kilometr uzunluğunda boru kəmərləri bir-birinə birləşərək Xəzər hövzəsindəki təbii qaz ehtiyatlarını Avropaya çatdıracaq. İlk mərhələdə Türkiyə Cümhuriyyətinə təbii qaz çatdırılacaq. Artıq bu ildən qardaş ölkəyə təbii qazın nəqlinə başlanılacaq.” Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
İbrahim Əhmədovun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 40 milyard dollar civarında dəyərləndirilir: “TANAP isə 8 milyard dollar civarında qiymətləndirilir. TANAP-ın ilkin dəyərləndirilməsi 11 milyard dollardan yuxarı idi. Ancaq sonradan SOCAR və digər tərəfdaşlar layihənin icrasında bir sıra tədbirlər həyata keçirərək böyük səmərə əldə etdilər. Nəticədə TANAP-ın dəyəri 8 milyard dollardan aşağı salındı. TANAP layihəsinə “Cənub Qaz Dəhlizi” kontekstində baxmaq vacibdir. Çünki TANAP “Cənub Qaz Dəhlizi”ndən təcrid olunsa, layihənin öz-özlüyündə mahiyyəti qalmaz. Azərbaycan “Cənub Qaz Dəhlizi”, o cümlədən TANAP vasitəsilə öz təbii qaz ehtiyatlarını Avropaya ixrac edə biləcək. Bundan sonra 10 illiklər ərzində ölkəmizə böyük gəlirlər gələcək. Əldə olunacaq milyardlarla gəlir bu layihənin ən başlıca əhəmiyyətidir.”
SOCAR rəsmisi qeyd edib ki, layihənin digər bir əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan bununla öz ixrac imkanlarını daha da şaxələndirəcək: “Bu isə Azərbaycanın ixrac sahəsində başqa ölkələrdən asılı olmamasını təmin edəcək, dövlət müstəqilliyimizi daha da möhkəmləndirəcək, beynəlxalq nüfuzumuzu artıracaq. Əgər TANAP olmasaydı, biz hansısa üçüncü dövlətlərin kəmərlərindən istifadə edərək öz enerji resurslarımızı ixrac etmək məcburiyyətində qalacaqdıq. İndi isə bizim “Cənub Qaz Dəhlizi” kimi böyük layihəmiz var və layihənin bütün halqalarında Azərbaycanın SOCAR və digər şirkətlər timsalında payı var. Azərbaycan həm “Cənub Qaz Dəhlizi” vasitəsi ilə öz təbii qaz ehtiyatlarını Avropaya ixrac edəcək, həm də digər tərəflər ölkəmizin təklif etdiyi bu imkandan istifadə edib gələcəkdə “Cənub Qaz Dəhlizi”nə qoşula bilərlər.”
İbrahim Əhmədov vurğulayıb ki, Türkiyə üçün də bu layihənin kifayət qədər böyük əhəmiyyəti var: ”Bu əhəmiyyət tranzit gəlirləri, tikinti, eləcə də istismar prosesində yeni yaradılan iş yerləri ilə bağlıdır. Bundan əlavə, Türkiyədə təbii qaza olan tələbat durmadan artmaqdadır. Bu tələbatı qarşılamaq üçün əlavə təbii qaz həcmlərinə ehtiyac var ki, bu da Azərbaycandan əldə olunacaq. Türkiyə, həmçinin beynəlxalq müstəvidə böyük infrastruktur, daşıma layihələrinin, xətlərinin bir növ mərkəzinə çevrilmək hədəfinə doğru mühüm bir addım atmış olacaq, qardaş ölkənin beynəlxalq mövqeyi daha da möhkəmlənəcək. Təbii ki, bu, Azərbaycanın marağındadır. Çünki Türkiyə bizim üçün dost, qardaş ölkə olmaqla yanaşı, strateji müttəfiqdir. Bu layihə nəticəsində əməkdaşlığımız yeni mərhələyə qədəm qoyacaq.”
SOCAR rəsmisi onu da əlavə edib ki, 2018-ci ilin iyun ayında Türkiyəyə TANAP boru kəməri ilə ilk kommersiya qazının çatdırılması nəzərdə tutulur: “2019-cu ildə bu layihənin Avropaya qədər olan hissəsinin istismarına başlanılacaq. 2019-cu ilin sonuna TANAP-ın Türkiyənin Avropanın sərhədinə kimi olan hissəsi ilə bağlı işlər tamamlanacaq. Bundan sonra təbii qaz TAP boru kəmərinə ötürülməyə hazır olacaq. Düşünürük ki, 2020-ci ildən etibarən təbii qaz həm də TAP vasitəsilə Avropa bazarına ötürülə bilər. İllik 16 milyard kubmetr həcmdən 10 milyard kubmetr Avropa, 6 milyard kubmetr isə Türkiyə bazarı üçün nəzərdə tutulur. Bunun sayəsində biz Türkiyəyə olan ixracımızı təxminən iki dəfə artıracağıq. Bununla da Türkiyənin enerji tələbatının təxminən 12 faizi ödəniləcək.”
Nail Rəhimzadə,
“İki sahil”