25 iyun 2018 15:39
802

Neft sızmasının qarşısı alınıb

ABŞ-ın Miçiqan ştatının İnqham əyalətində neft sızmasının qarşısını almaq üçün aparılan  əməliyyatlar artıq başa çatıb.  Rəsmilərin verdiyi məlumata görə,  hadisənin baş verdiyi ərazi nəzarət altındadır. 

“İki sahil”  “wlns.com”  saytına istinadən xəbər verir ki, sızma cümə axşamı  günorta  Villiamston yolunda aşkar olunub.  Miçiqan Ştatının Ətraf Mühitin Mühafizəsi Departamentindən verilən məlumata görə,  təsərrüfat sahəsi yaxınlığında yerləşən boru xəttinin qırılması nəticəsində neft sızaraq yaxınlıqdakı dərəyə tökülüb.  Sözügedən departament, həmçinin sızmanın mənbəyinin tapılmasının çətin olduğunu qeyd edib və   yaranan çətinliyin boru xəttinin  yeraltı olması və  bir neçə il əvvəl istifadəsinin dayandırılması ilə əlaqələndirib. Mütəxəssislər aparılan əməliyyatlardan sonra ərazinin artıq təhlükəsiz olduğunu  və köhnə boru xəttinin 3 müxtəlif hissəsində deşiklərin aşkar  edildiyini bildiriblər. Hazırda bütün diqqət dərənin təmizlənməsinə yönəldilib. 

Qeyd edək ki, problemin yarandığı boru xətti “Christian Oil”  şirkətinə məxsusdur  və şirkət dəyən ziyana görə cərimə ödəməlidir.