27 iyun 2018 14:39
859

Monqolustanda ilk emal zavodunun təməli qoyulub

Monqolustanda ilk neft emalı zavodunun tikintisinə artıq başlanılıb. Çoxdan gözlənilən bu layihəni Hindistan maliyyələşdirir. Layihənin reallaşdırılması Monqolustanın Rusiya yanacağından asılılığına son qoymaq məqsədi daşıyır.

“reuters.com” saytı xəbər verir ki, ötən həftə baş tutan təməlqoyma mərasimində Monqolustanın baş naziri Xurelsux Uxnaa və Hindistanın daxili işlər naziri Rajnat Sinq iştirak ediblər.

Ölkənin cənubunda, Dornoqovi əyalətində yerləşən zavod illik 1,5 milyon ton xam neft emal etmək gücünə malik olacaq. Bu gündəlik 30 min barrelə bərabərdir.

Zavod beynəlxalq standartlara nisbətən zəif olsa da, benzinə, dizelə, təyyarə yanacağına olan yerli tələbatı tamamilə təmin edəcək.

Zavodun tikinti işlərinin 2022-ci ildə tamamlanacağı proqnozlaşdırılır.

Baş nazir çıxışında layihənin Monqolustanın ümumidaxili məhsulunu 10 faiz artıracağını güman etdiyini bildirib.

Xatırladaq ki, Monqolustan hər il 1,5 milyon ton neft məhsulları idxal edir. Bu göstərici ölkənin ümumi idxal göstəricisinin 18%-nə bərabərdir. Ölkəyə bütün neft məhsulları Rusiyadan gətirilir.

Layihənin dəyəri 1,35 milyard dollar təşkil edir.

Zavodda Monqolustanın öz xam nefti emal ediləcək. Qeyd edək ki, ölkədə ötən il ümumilikdə 7,6 milyon barrel, gündəlik 21 min barrel neft hasil edilib.