KÖŞƏ

Vəli İlyasov

ABŞ Senatı qondarma “erməni soyqırımı”nı tanıyacaqmı?

31 oktyabr 2019 19:50
1768

ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nı rəsmi şəkildə tanıyan qərar layihəsini təsdiq edib.

Xəbər verilir ki, layihə qısa müddətdən  sonra ABŞ Senatında səsverməyə çıxarılacaq.

Qeyd edək ki, Palatanın Kəşfiyyat Komitəsinin sədri və Kaliforniya ştatının  senatoru Adam Şiff  bu ilin aprelində sözügedən qərar layihəsini təqdim etmişdi.

Senator Şiffin və tərəfdarlarının məhz indi fəallaşmasının səbəbləri var. Türkiyənin mövqelərinin Yaxın Şərqdə xeyli güclənməsi, qardaş ölkənin Suriyada terrorşulara qarşı apardığı müvəffəqiyyətli döyüşlər, ABŞ-ın bu regionda təsir dairəsinin kiçilməsi və s. ermənipərəst konqresmenləri və senatorları qıcıqlandırır. Prezident Ərdoğanın fəal xarici siyasəti onların gözləntilərinin üzərindən xətt çəkmiş olur, Türkiyə regionda əsas güc mərkəzinə çevrilir. Suriyadakı yurdlarından didərgin salınmış insanları öz ev-eşiklərinə qaytarmaq, sərhədlərinin təhlükəsizliyini təmin etmək və terror dəstələrini zərərsizləşdirmək okeanın o tayındakıları narahat edir. Türk ordusunun və Azad Suriya ordusunun əraziləri quldurlardan təmizləməsi onlarda allergeya yaradır. Bütün bunları gözləri götürməyən erməni lakeyləri Türkiyəni qorxutmaq və cilovlamaq məqsədi ilə uydurma “erməni soyqırımı”nı yenidən gündəmə gətirirlər. Özü də uydurma “soyqırımı” biabırçılığını o şəxslər yenidən canlandırmağa çalışırlar ki, Amerika kimi bir qitənin yerli sakinlərini iki yüz əvvəl amansızcasına qırıb -çataraq oraya guya Qərb demokratiyası gətirmişlər. Zəncilərin və hinduların qanı və sümükləri üzərində qurduqları zor aparatını sonradan dövlətə çevirən Şiffin ulu babaları son vaxtlaradək həmin xalqları qul vəziyyətində, hüquqları əllərindən alınmış kölə şəklində saxlayırdılar. Bu barədə müxtəlif ölkələrdə yüzlərlə bədii və sənədli filmlər çəkilib və onlara bütün dünya tamaşa edib.

Yaxın Şərqdə balanslaşdırılmış siyasət apara bilməyən ABŞ rəsmiləri çıxış yolunu  onda görürlər ki, yüz on dörd il əvvəl baş verən hadisələri ortaya atmaqla Türkiyəni dayandırsınlar. Qeyd edək ki, ABŞ prezidentləri indiyədək uydurma “soyqırımı” rəsmən tanımayıblar. Dövlət başçıları hər il erməni lobbisinin iddiaları ölməsin deyə  birinci Dünya müharibəsi dövründə Türkiyədə baş verən hadisələri “faciə” adlandırmışlar. Təbii ki, bu da Türkiyəni təsirdə saxlamaq üçün atılan diplomatik addımlardır. Ancaq Türkiyə ilə oynadıqları iki-üçbaşlı oyunlar gözlədikləri effekti vermədi.

Əvvəla, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ, Ermənistan və bu işdə maraqlı olan bir neçə dövlət qarşısında qətiyyətlə məsələ qaldırdı ki,  1915-ci ildə baş verənlərin düzgün müəyyənləşdirilməsi üçün arxivlər açılmalı və əsl  həqiqətlər üzə çıxarılmalıdır. Ancaq həmin ölkələr, o cümlədən Ermənistan buna razı olmadılar. Burada “xoruzun quyruğu” göründü və əks mövqelərdə sanki “qurbağanın gölünə daş atdılar.”

Ermənipərəst konqresmenləri və senatorları başa düşmək çətin deyil. Onlar erməni lobbisini “sağmal inək” kimi “sağırlar,” yəni dünya ermənilərinin lobbinin xəzinəsinə yığdıqları böyük pullarla ciblərini doldururlar. Ona görə də lazım bildikləri məqamda ermənilərin “üzünü sığallayır”, mənafelərini müdafiə etməyə təşəbbüs göstərirlər.

Siyasi ekspertlərin və politoloqların fikrincə,  ABŞ Prezidenti Donald Tramp bu təşəbbüsləri qəbul etməz. Çünki onun özünün xəyanətkar ermənilərlə xüsusi “haqq-hesabı” var. Ona görə də Donald Tpamp hakimiyyətə gəldiyi gündən ermənilərin ayağı Ağ evin kandarına belə dəymir. Prezident seçkilərində xanım Klintona quyruq bulayan ermənilər onun rəqibinin qalib gəlmək şansı olduğunu öyrənən kimi,  Trampa da kömək etmək istədiklərini bildirəndə o, təklifi rədd etmiş və ermənilərdən birdəfəlik üz çevirmişdir.

Beləliklə, sadə  siyasi analiz açıq göstərir ki,  Adam Şiffin və tərəfdarlarının oynadıqları birpərdəli  ssenari siyasi şoudan başqa heç nə deyil. Çünki belə ssenarilərin dəfələrlə iflasa uğradığına bütün dünya şahiddir.