KÖŞƏ

Vəli İlyasov

Alınan və satılan Əli Kərimli...

19 noyabr 2019 20:22
3159

AXCP sədri Əli Kərimlinin Azərbaycanı gözü götürməyən xarici dairələrə, ağalarının pulu və göstərişi ilə ölkəmizin əleyhinə işlədiyi barədə saysız-hesabsız məlumatlar var. Puldan gözü doymayan Kərimlinin xaricdəki şəbəkələri onun saxta arayışları ilə də alver edərək yaxşı pul qazanırlar. Təbii ki, həmin pulun böyük faizi Kərimliyə çatır.

Məlum olduğu kimi, bu günlərdə Almaniya polisi bir qrup azərbaycanlını mühacir alveri və saxta sənəd hazırlamağa görə həbs edib. Belə ki, polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində qırxa qədər ev və iş yerlərində yoxlama aparıb. Nəticədə miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb. Onların da əksəriyyəti radikal müxalifəti təmsil edən nümayəndələrdir.

Həmin şəxslər soydaşlarımızı Almaniyada 1000-3000 avro müqabilində siyasi sığınacaq alacaqları adı ilə aldadıblar. “Siyasi mühacir” adı altında Almaniyaya sığınmış bir qrup radikal müxalifətçinin aşkar kriminal hərəkətləri fonunda müxaliflərin əməllərində cinayətə geniş yer verdiyini qətiyyətlə demək olar. Çünki oradakı müxaliflər buradakı müxalifət partiyaları ilə sıx əlaqədədirlər. Onların bir neçəsi isə AXCP-nin üzvləridir.

“Əziz Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəzi üzvləri, bu gündən sizin üçün də var. Birlikdə AND deyilən təşkilat yaratdığınız Fikrət Hüseynli və vitrinə qoyduğunuz Türkel Azərtürkün əməllərini nə tez unutduz?! Sizlə də bağlı işlər gedir, buna əmin ola bilərsiniz.” Bunu Avropada yaşayan Nahid Cəfərov Müsavat Partiyasının “mühacir alveri” qalmaqalından danışarkən deyib. O, bildirib: “Getdikcə həm çəbhəçilərə, həm də hər kəsə aydın olacaq ki, xalq niyə sizlərə və sizin simanızda bütün müxalifətə nifrət edir”.

Belə ittihamlara və ifşaedici faktları boyun ardına vuran AXCP təmsilçiləri isə “aydan arı, sudan duru” məqsədi ilə hələ də susmağa üstünlük verirlər.

Dediyimiz kimi, mühacir biznesinə radikal müxalifət bir neçə il bundan öncə başlayıb. Konkret olaraq icazəli, icazəsiz mitinqlərdə polislə şəkil çəkdirib və sonra Avropaya gedib sığınacaq alan şəbəkə fəaliyyət göstərir. Buradakı dağıdıcı müxalifətlə həmin qüvvələrin xaricdəki nümayəndələri arasında sıx əməkdaşlığı var . Onlar satdıqları saxta partiya arayışları nəticəsində yüz minlərlə avro “qazanc” əldə ediblər. İndi də Almaniya polisi həmin məsələni araşdıraraq mühacir biznesilə məşğul olan bir qrupu həbs edib. Avropa ölkələrinin polisi də xaricdə yaşayan həmin radikal müxalifət təmsilçilərinin cinayətlə məşğul olduğunu təsdiq edir.

Proses ciddi şəkildə araşdırıldıqca Əli Kərimlinin dəstəsinin saxta sənəd fəaliyyəti daha genişliyi ilə üzə çıxır. Mənəviyyatdan kənar olan bu insanlar yüzlərlə adamı öz tələlərinə salaraq aldadıblar.  Hərəsi əlinə bir kağız alıb cinayət törətmiş insanları “siyasi məhbus” adı ilə beynəlxalq təşkilatlara təqdim edir. Bu məsələyə də qazanc mənbəyi kimi baxırlar. Beləliklə, radikal müxalifət həm mühacir biznesi, həm də “siyasi məhbus” alverilə paralel məşğul olur. Onun müqabilində pul alıb xarici təşkilatlara donos təqdim edirlər ki, bədxahlarımız öz hesabatlarını hazırlayarkən ondan Azərbaycan hökumətinə təzyiq metodu kimi istifadə etsinlər.

Avropa ölkələrinin hüquq-mühafizə orqanları həbs olunanlar barədə kifayət qədər araşdırma aparıblar, Azərbaycana sorğular göndəriblər və onun əsasında da müəyyən ediblər ki, mühacirətə gələnlərin əksəriyyəti sadəcə şəxsi maraqla gəliblər. Bir daha təsdiq olunur ki, həmin adamlar heç də “siyasi məhbus” deyillər.

Əli Kərimlinin uydurduğu yalanlar ayaq tutsa da artıq yeriyə bilmir, aldıqları və satdıqları isə bir-bir üzə çıxır.