02 dekabr 2019 13:08
185

Altmış yaşlı dirijor

Bu il incəsənət tariximizə adını böyük hərflərlə həkk etmiş, musiqimizi respublikanın hüdudlarından kənarda böyük müvəffəqiyyətlə təmsil edən tanınmış dirijor, professor, Xalq artisti, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov 60 illik yubileyi müxtəlif tədbirlərlə qeyd olundu. Professorun yubileyi ilə əlaqədar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təntənəli konsertlər keçirilib.

AZƏRTAC Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşı, musiqişünas Ofelya İsgəndərovanın yubilyara həsr olunmuş yazısını təqdim edir.

Yalçın Adıgözəlovun istedadına böyüyüb, boya-başa çatdığı mühitin böyük təsiri olub. O, 1959-cu ildə Bakı şəhərində doğulub, ziyalı bir ailədə böyüyüb. Onun babası tanınmış xanəndə Zülfü Adıgözəlov, atası Xalq artisti, professor, görkəmli bəstəkar Vasif Adıgözəlovdur. Elə musiqinin incəliklərini də atasından öyrənmiş və onun layiqli davamçısıdır.

İstedadlı musiqiçi orta təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində başa vurduqdan sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olur və fortepiano ixtisası üzrə professor Rauf Atakişiyevdən dərs alır. Sonra təhsilini davam etdirmək üçün Leninqrad şəhərinə gedir və N.M.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasına dirijorluq ixtisası üzrə qəbul olaraq, maestro İ.A.Musindən opera simfonik dirijorluğu ixtisası üzrə dərs alır. Bir müddət də Vyana Musiqi Akademiyasında professor Karl Esterrayxerin yanında təcrübə keçib.

Konservatoriyanı uğurla bitirdikdən sonra dirijor Vətənə qayıdır və 1991-ci ildən 1998-ci ilə qədər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, 1998-2000-ci illərdə Rusiya Televiziya – Dövlət Simfonik Radio Orkestrinin dirijoru olub. 2000-ci ildən də İstanbul Dövlət Opera və Balet Teatrının dirijorudur. O, rəhbərlik etdiyi kollektivlə həm vətəndə, həm də müxtəlif xarici ölkələrdə böyük uğurlara imza atıb.

Qeyd edək ki, dirijor müxtəlif xarici ölkələrdə qastrol səfərlərində olaraq, ABŞ, Braziliya, Meksika, Cənubi Afrika, İspaniya, İngiltərə, İtaliya, Avstriya, Rumıniya, Belçika, Lüksemburq, Macarıstan, Türkiyə, Çin, Sankt-Peterburq Filarmoniyasının orkestri, Rusiya Milli Orkestri, P.İ.Çaykovski adına Böyük Simfonik orkestri və bir çox aparıcı simfonik orkestrlərlə əməkdaşlıq etmiş, M.Rostropoviç, N.Petrovdir, S.Stadler, İ.Moniqetti kimi tanınmış musiqiçilərlə eyni səhnəni bölüşmüşdür.

Moskva Konservatoriyasında 1993-cü ildə Niyazinin 80 illiyinə həsr olunmuş tədbirdə dirijorun Rusiya Milli Simfonik Orkestrinə rəhbərliyi ilə maestro Niyazinin “Rast” simfonik muğamı, Q.Qarayevin “Leyli və Məcnun” simfonik poeması, “İldırımlı yollarla” baletindən “İkinci süita”, F.Əmirovun “Azərbaycan kapriççiosu” çox təntənəli şəkildə tamaşaçılara təqdim olunub. Burada onun görkəmli dirijorumuz Niyazidən bəhrələndiyini, onun üslubuna istinad etdiyini görmək mümkündür.

Y.Adıgözəlov dünya şöhrətli pianoçu Fərhad Bədəlbəyli ilə dahi Norveç bəstəkarı E.Qriqin “Fortepiano və orkestr üçün konsert”ini çox uğurla ifa ediblər.

Dirijor Y.Adıgözəlov Brüsseldə 2000-ci ildə görkəmli bəstəkar F.Əmirova həsr olunmuş müəllif konsertində Brüssel Kral Konservatoriyasının simfonik orkestrinə və həmin ildə, eləcə də Moskva Konservatoriyasında Radio və Televiziyanın Böyük Simfonik orkestrinin ifasında Çaykovskinin “Françeska da Rimini”, Prokofyevin fortepiano və orkestr üçün 2 saylı konsertinə, Raxmaninovun 2 saylı konsertinə məharətlə dirijorluq edib.

2002-ci ildə dirijor Y.Adıgözəlov İstanbul Opera və Balet Teatrında K.Sen-Sansın “Samson və Dalila”, P.İ.Çaykovskinin “Yevgeni Onegin”, Moskvada J.Bizenin “Karmen” operasını ifa etməklə tamaşaçıların böyük rəğbətini qazanıb. Onun İstanbulda Borodinin “Knyaz İqor” operasını ilk dəfə rus dilində səsləndirməsi təqdirəlayiq hal idi. Burada o, həmçinin Puççininin “Madam Batarflay” operasını böyük professionallıqla tamaşaçılara təqdim edib. Y.Adıgözəlovun rəhbərliyilə Ankaranın Prezident Simfonik Orkestrinin ifasında bəstəkar Vasif Adıgözəlovun “Violonçel üçün konsert”i, fortepiano və simfonik orkestrin müşayiəti ilə 4 saylı konserti müvəffəqiyyətlə səsləndirilib.

Dirijor bir çox Orta Asiya şəhərlərində uğurla çıxış edərək, bir müddət “Qaya” kamera orkestrinin bədii rəhbəri olub.

Y.Adıgözəlov Azərbaycan bəstəkarlarının əsərlərini də böyük ustalıqla əcnəbi dinləyicilərə sevdirməyə müvəffəq olub. Belə ki, o, Niyazi, Q.Qarayev, F.Əmirov, V.Adıgözəlov, M.Mirzəyev, M.Quliyev və bir çox görkəmli bəstəkarlarımızın əsərlərini professionallıqla səsləndirərək tamaşaçıların qəlblərini fəth edib.

Y.Adıgözəlovun rəhbərliyi ilə 2003-cü ildə Azərbaycan Opera və Balet Teatrında V.Adıgözəlovun “Natəvan” operasının uğurlu premyerası baş tutub. Professor Y.Adıgözəlov böyük səhnələri fəth etməklə yanaşı, həm də bütün tələbələrinin sevgisini qazanmış bir pedaqoqdur. O, 1997-ci ildən pedaqoji fəaliyyətə başlayıb, Bakı Musiqi Akademiyasında dirijorluq sinfində neçə-neçə istedadlı tələbələr yetişdirməkdədir. Onun tələbələri sırasında müəllimlərinin yolunu uğurla davam etdirən Fəxrəddin Atayev, Sevil Hacıyeva, Əyyub Quliyev və başqaları musiqi mədəniyyətimizin layiqli təmsilçiləridirlər.

Musiqi mədəniyyətimizdəki xidmətlərinə görə Y.Adıgözəlov müxtəlif mükafatlarla təltif olunub. O, 1993-cü ildə “İlin ən yaxşı dirijoru (Humay)” mükafatını alıb, 2019-cu ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.