23 yanvar 2020 17:21
989

Amerika nəşrində Qara Yanvar haqqında məqalə dərc olunub

Los-Ancelesdə yerləşən və xarici siyasət məsələləri ilə məşğul olan “Pacific Council on International Policy” (“Beynəlxalq Siyasət üzrə Sakit Okean Şurası”) analitik mərkəzinin saytında Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin “Azərbaycanda baş vermiş Qara Yanvar hadisələrinin ibrət dərsləri: 30 il sonra” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə deyilir: “Həmin günlərdə Sovet İttifaqı dağılmaq üzrə idi. Yetmiş illik sovet işğalından və əsarətindən sonra Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxdı. Mixail Qorbaçov Azərbaycanda bu hərəkatı boğmaq üçün yüzlərlə kişi, qadın, uşaq və qocanın kütləvi qətlə yetirilməsində tanklardan istifadə olunmasına görə özünə haqq qazandırdı. Öldürülənlər arasında bir çox millətlərin və dinlərin nümayəndələri vardı. Bu gün olduğu kimi, 1990-cı ildə də Bakı çoxmillətli şəhər təcəssümü idi. Həmin günlərdə müsəlmanlar, yəhudilər, xristianlar bizim hamımıza qarşı çıxış edən rejimin zorakılığının qurbanı oldu”.

N.Ağayev 20 Yanvardan sonrakı günlərdən danışarkən yazır ki, qanlı hadisələrdən sonra komendant saatı tətbiq edildi. Komendant saatını pozanları ciddi cəza gözləyirdi. Buna baxmayaraq, şəhidlərin dəfn olunduğu gün bir milyondan çox azərbaycanlı sovet terrorunun müqavimətini qıraraq küçələrə çıxdı və misli görünməmiş tarixi həmrəylik və hüzn nümayiş etdirdi. Diplomat yazır: “Müsəlman, yəhudi və xristian kişilər, qadınlar, uşaqlar qəlbimizə və xalqımıza bu dərəcədə əziz olan, hətta amansız qırğının da məhv edə bilmədiyi azadlığa sadiqliyimizin əlaməti olaraq 40 gün matəm saxladılar”.

Nəticədə faciədən cəmi ilyarım sonra Azərbaycan azadlığına qovuşdu. O, müstəqilliyini elan etmiş ilk sovet respublikalarından biri oldu.

Qara Yanvar hadisələrindən sonra dəfn mərasimində həmrəyliyin nümayiş etdirilməsi bütün tarixi ərzində nifrətə və amansızlığa həmişə kəskin reaksiya vermiş Azərbaycan və onun xalqı üçün səciyyəvi idi. Əsrlərboyu Azərbaycan regionda yəhudilərə və digər etnik azlıqlara qarşı zorakılığa müqavimət göstərib, onlara sığınacaq verib, təhlükəsizliklərini təmin edib.

Müəllif qeyd edir ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan əhalisinin təqribən beşdəbir hissəsi Hitlerə və nasistlərə qarşı vuruşub. Bu mübarizədə 400 mindən çox azərbaycanlı həlak olub. N.Ağayev sonda yazır ki, cəsarətimiz, harmoniyaya və dözümlülüyə sarsılmaz sadiqliyimiz bir çox faciələrin öhdəsindən gəlməyimizə kömək edib və bu gün də xalqımızı müdafiə etməyə və möhkəmləndirməyə davam edir”. //AZƏRTAC