19 sentyabr 2019 10:46
2388

Arif Məmmədov xəyanət və satqınlıq nümunəsidir - FOTO

Azərbaycan xalqının mentalitetində satqınlıq və xəyanət qəbul olunmayan hadisədir. Real həyatda, söz və fikir yaddaşımızda, tarixi hafizəmizin dərinliyindəki hadisələrdə belə xəyanət və satqınlıq ən ağır əməl, cəzası isə çox ağır olan bir hal kimi qəbul edilir. Xəyanətin və satqınlığın ömrü az olduğu kimi, onu həyata keçirənlərin də ifşası hər zaman mütləq xarakter daşıyır.

Xüsusilə də bu xəyanət və satqınlıq dövlətə, xalqa, dövlətçiliyə, insanların rifahı və təhlükəsizliyinə qarşı çevrilirsə, bu cür əməllər və onun icraçıları nəinki ifşa olunmalı, hətta vaxtında layiqli ictimai cavabla qarşılaşmalıdır. Elə uzun müddət Azərbaycan dövlətinin çörəyini yemiş, sonra da ölkəsinə və xalqına qarşı düşmənlərlə eyni cəbhədə yer alan, Avropada oturub dövlətimizin əleyhinə iftiralar atan keçmiş səfir Arif Məmmədov da bu mənada istisna təşkil etməməlidir.

Kimdir Arif Məmmədov? Bəlkə də bir çoxlarınız onu Azərbaycan dilində normal danışmağı bacarmayan, “neftayırma” əvəzinə “neftqayırma” deyən, pəltək frazalarla gah “Azərbaycan saatı”nda, gah da “Osmanqızı” kanallarında ağlına deyil, ağzına gələni danışan bir satqın kimi tanıyırsınız. Lakin istəyirəm ki, erməni bulağından su içən bu xəyanətkarın və siyasi riyakarın haqqında daha çox biləsiniz.

Arif Məmmədov kimilərin təkcə özləri deyil, onların ailə üzvləri də Azərbaycan dövlətinə və xalqına qarşı xəyanət içərisindədirlər. Arif Məmmədovun Azərbaycan xalqına və ölkəmizə nifrəti o qədər böyükdür ki, hətta 15 il müddətində Azərbaycan dövlətini təmsil edən səfir kimi işləyərkən, o, hər dəfə Bakıya gələndə “Təxminən 20 ildir Avropada normal adamların arasındayam... 3 gün Bakıda oldum və artıq qocaldım...” deyirdi.

Bu cür düşüncə təkcə Arif Məmmədova deyil, onun ailəsinin bütün üzvlərinə də aiddir. Elə Arif Məmmədovun həyat yoldaşı da Bakıya qısa səfərləri zamanı bildirirdi ki, savadsız, mədəniyyətsiz “qara” xalqın yaşadığı Azərbaycana heç vaxt qayıtmayacaq.

Arif Məmmədovun səpdiyi xəyanət və satqınlıq toxumu onun Cəmil adlı oğlundan da yan ötməyib. Lakin burada fərq ondan ibarətdir ki, Cəmilin atası və anası Azərbaycan xalqına və dövlətinə nifrət edirsə, Cəmil daha irəli gedərək irqçiliyi, antisemitizmi, əyyaşlığı təlqin edir. Satqın Arif Məmmədovun oğluna verdiyi tərbiyənin nəticəsidir ki, Cəmil Məmmədov aşkar antisemitdir, İsrailə nifrət edir və bu hisslərini gizlətmir. Atalar da yaxşı deyiblər ki, valideynin gəzdiyi ağacı, balası budaq-budaq gəzər...

Arif Məmmədov Belçikada diplomatik missiyada olanda belə oğlu atasının çalışdığı ölkəni və oradakı xalqı aşağılayırdı. Sitat: “Sarsaq, murdar, yaramaz belçikalılar məni hirsləndirdilər! Ölkəni sarsaqlıq və axmaqlıq ikiyə bölüb. Belçikalılar o qədər irqçidirlər ki, ölkələrini Fransa, ABŞ və Çin kimi qüdrətli dövlət hesab edirlər”.

“Holland və flamand dilləri ən murdar, ən eybəcər, ən iyrənc dillərdir”, “İsraili lənətə gəlsin! İsrail şərdir!”, “Netanyahu irqçi liderdir!”, “Donald Trampın sifətinə əla şapalaq vurardım” kimi fikirlər yazan Cəmil Məmmədov həm də Əli Kərimlinin oğlu Türkel Kərimli kimi əylənməyi, kef çəkməyi çox sevir. Nə qədər etikadan kənar səslənsə də, onun sosial şəbəkə hesabında yazdıqlarından sitatlar gətirməyə məcburam: “Bu gün Audi 8-də qızlarla kef etdim”, “Qızların bakirəliklərini itirdiyi anı sevirəm”, “Səhərədək qızla yataqda oynadıq” və s.

Gördüyünüz kimi, Arif Məmmədov özündən də təhlükəli olan, yəhudilərə nifrət edən, İsrailin məhvini istəyən, avropalıları gerizəkalı, ABŞ prezidenti Donald Trampı “ləyaqətsiz” sayan, qızları, əyyaşlığı, əxlaqsızlığı sevdiyini deyən bir gənc yetişdirib. Məhz Cəmil Məmmədov kimi əyyaş və kütbeyin Arif Məmmədovun kimliyi haqqında bizdə əyani təsəvvür yaradır...

Belə bir ailə və oğul sahibi olan Arif Məmmədovun əmək fəaliyyəti də fərqli ola bilməzdi. Ona görə də Arif Məmmədov çalışır ki, özü haqqında müsbət imic formalaşdırsın. Amma artıq gecdir...

Bu gün Arif Məmmədov “möhtəşəm səfir fəaliyyəti” ilə bağlı cəfəngiyyatlar danışsa da, görünür, Brüsseldə dövlətin kirayə üçün ayırdığı pullarla ipoteka ilə aldığı yaşayış yerini xatırlatmağı unudur. O, eyni zamanda, şəxsi məqsədlər üçün göndərilən, lakin istifadə etməyərək satdığı lüks avtomobilləri də yaddan çıxarır. “Mersedes”, “Lexus”, “BMW X5” markalı maşınların saxta yollarla satışından əldə etdiyi 150 000 dolları isə yəqin ki xatırlamır.

Arif Məmmədov iddia etməyə çalışsa ki, guya onun Bakıda heç bir yaşayış yeri olmayıb və o burada valideynləri ilə birlikdə yaşayıb, o zaman ondan soruşmaq lazımdır ki, 2010-cu ildə Binəqədi rayonu, Mir Cəlal küçəsindəki mənzilini satıb, 2011-ci ildə Mərdəkanda 1 hektar sahəli ev aldığını da yaddan çıxarıbmı?

Vaxt var idi ki, Arif Məmmədov ailə güzəranını yaxşılaşdırmaq, oğlunun eyş-işrət xərclərini qarşılamaq məqsədilə Azərbaycanın Avropa Şurası nəzdində nümayəndəliyinin vəsaitlərini həyəsızcasına mənimsəyirdi. Ayrı-ayrı qurumların hesablarından tədbirlər üçün çıxılan vəsaitlərə görə Arif Məmmədov dəfələrlə səfirliyin 20-25 min avro pulunu bir gündə göyə sovururdu. İstər Brüssellə istərsə də Strasburqla bağlı bu cür faktlar kifayət qədərdir, lakin sizi yormaq istəməzdim.

Sosial şəbəkələrdə şoular nümayiş etdirərək, AND adlı “təlxək” təşkilatı və Ağ Qərənfillər hərəkatını yaradan Arif Məmmədov Azərbaycanın ünvanına təhqirlər yağdırır, radikal islamçı Taleh Bağırovun müdafiəsinə qalxır, radikal müxalifətçilər - Əli Kərimli və Cəmil Həsənlini yaxın dostu, AXCP sədrini isə “lider” hesab edir. Lakin bir zamanlar həmin Arif Məmmədov iclaslarda səfir kimi çıxışları zamanı onları açıq şəkildə qınayıb və avropalı diplomatlar qarşısında ifşa etdiyindən qürurlanırmış.

Arif Məmmədov və onun tərəfdaşları üçün şəxsi mənfəət, Qərbdə problemsiz yaşamaq daha üstündür. Onları azərbaycanlı qaçqınların taleyi maraqlandırmır. Ölkənin müstəqil daxili və xarici siyasəti ürəklərincə deyil, çünki onlar üçün tək müqəddəs - puldur. “Vətən üçün pis olan, mənə faydalıdır” prinsipi ilə yaşayan Arif Məmmədov kimilər şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqteyi-nəzərdən xəyanətkardan və satqından başqa biri deyillər.

Odur ki, Arif Məmmədov Əli Kərimlidən tutmuş Sevinc Osmanqızına, Qənimət Zahidə qədər antiazərbaycan təbliğat şəbəkəsinin hər bir üzvü kimi vaxtaşırı erməni sevgisini nümayiş etdirir. Dəfələrlə şahidi olmuşuq ki, Əli Kərimli kimi, Arif Məmmədov da Paşinyanın mətbuat xidməti kimi Ermənistanı tərifləyib. Erməni sevgisini göstərən Arif Məmmədov daha irəli gedərək “erməni şəhid ailələri” ifadəsindən də istifadə edir. Erməni işğalçılarına şəhid deməklə Azərbaycan şəhidlərinin ruhuna və ailələrinə hörmətsizlik edən Arif Məmmədov bir daha sıralarında durduğu qrupun Azərbaycan xalqına olan düşmən münasibətini sərgiləyir. Azərbaycan əsgərinə “kloun” deyən, idmançılarımızı isə meşədən çıxmış heyvana bənzədən Arif Məmmədov şərəfsizliyinin son həddində olduğunu dəfələrlə nümayiş etdirib.

Gördüyünüz kimi, bu da “Milli Şura”nın və AXCP-nin ətrafına topladığı “mədəni demokratlardan” biri. Xaricdə işlədiyi müddətdə mühasibatlıq sənədlərini saxtalaşdıraraq büdcə xərclərini mənimsəyən, bu vəsaitlərə Brüsseldə ev və maşınlar alan Arif Məmmədov bu gün özünü “vicdanlı adam” kimi qələmə verir. Bu pullar hesabına onun oğlu ABŞ-da təhsil alır. Hərbi xidmət yaşına çatmasına baxmayaraq, o, Azərbaycan Ordusunda xidmət etməyə tələsmir. Bütün bu illər ərzində Məmmədovun ailə üzvləri bir dəfə də Bakıya gəlməyiblər. Həyatının 24 ilini ailəsilə birlikdə xaricdə yaşayan və ölkədə az müddətdə olan Arif Məmmədov Azərbaycanın bugünkü vəziyyətini necə “dərin təhlil” edə bilər? İstirahət zamanı belə o, Azərbaycanda bir həftədən çox yaşamayıb.

İndi siz deyin, “3 gün Bakıda oldum və artıq qocaldım” söyləyən Arif Məmmədov kimilər hakimiyyətə gəlsələr, insanlara münasibətləri necə olacaq? Vətəndaşları meşələrdə yaşamağa məcburmu edəcəklər? Üstəlik də, Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə danışığını bilməyən bu başabəla diplomata xarici işlər naziri vəzifəsini söz verib...

P.S. Arif Məmmədov eyni zamanda, dostuna xəyanət edəndir. “Oyan” hərəkatından Nahid Cəfərov dələduz Fikrət Hüseynlinin agent ittihamı ilə qarşılaşanda, eləcə də “Milli Şura”nın sədri Cəmil Həsənli də onun agent olduğunu yazanda Arif Məmmədov nəinki bunlara etiraz edib, hətta, həmin statusları bəyənib. Bu vəziyyətdən peşman olduğunu və giley-güzar etdiyini ifadə edən Nahid Cəfərov Arif Məmmədovu siravi, orta təhsilli cəbhə trolu adlandırıb...

Ramil Vəlibəyov,

YAP Nizami RT GB sədrinin müavini,

siyasi elmlər üzrə fəlsəfə doktoru