12 iyun 2019 18:40
264

Azərbaycan-Almaniya parlamentlərarası əlaqələri müzakirə olunub

İyunun 12-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycan-Almaniya əlaqələrinin qədim tarixə malik olduğunu deyib. Bildirib ki, 2016-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzalayıb. Bu gün Almaniya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri bu baxımdan ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır. Ölkələrimizin parlamentləri arasında da əlaqələr inkişaf edir. Bu günədək Azərbaycan ilə Almaniya arasında 77 hüquqi sənəd imzalanıb, 14 sənəd isə baxılmaqdadır.

Sədr qeyd edib ki, iqtisadi sahədə də münasibətlərimiz yüksək səviyyədədir. Ölkələrimiz arasında 2018-ci ildə ticarət dövriyyəsinin həcmi təqribən 1,9 milyard ABŞ dolları olub. Bu rəqəm ötən dövrün göstəricisindən təxminən 40 faiz çoxdur. Cari ilin birinci rübündə ticarət dövriyyəsinin həcmi 590 milyon ABŞ dolları təşkil edib. Təsadüfi deyil ki, Almaniyanın Cənubi Qafqaz regionu ölkələri ilə ümumi ticarətində ötən il Azərbaycanın payı 70 faizdən çox olub. Həmin ilin statistik göstəricilərinə görə, Almaniyanın xam neft idxalında Azərbaycan 8-ci yerdə qərarlaşıb. 2004-2017-ci illərdə ölkəmizdə 201 alman şirkəti qeydiyyata alınıb.

“Müstəqil Azərbaycan Avropa İttifaqı və onun önəmli üzvü olan Almaniya ilə əlaqələrin daha da dərinləşməsində maraqlıdır. Bu gün Azərbaycan Avropanın neft və qaz təchizatında əhəmiyyətli rol oynayır. Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə reallaşmış neft və qaz kəmərləri bunun əyani sübutudur. Ölkəmiz həm də Avropanı Asiya ilə daha da yaxınlaşdıracaq yeni Dəmir İpək yolu ideyasının reallaşmasına öz töhfəsini verib”,- deyə parlament Sədri vurğulayıb.

Oqtay Əsədov bildirib ki, dövlətlərarası münasibətlərdə parlament diplomatiyasının önəmi gündən-günə artmaqdadır. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Almaniyanın hökumət və parlament üzvləri dəfələrlə Milli Məclisin qonağı olublar. Biz nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini əhəmiyyətli hesab edirik.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açan Oqtay Əsədov bildirib ki, Azərbaycan münaqişənin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinin tərəfdarıdır.

Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermann Bakıya ilk dəfə səfər etdiyini və burada gördüklərindən məmnun qaldığını bildirib. Qeyd edib ki, Azərbaycanda dini tolerantlıq, siyasi sabitlik mövcuddur. Azərbaycan və Almaniya arasında ortaq dəyərlər və müxtəlif məsələlər üzrə fikir birliyi var. Tərəfləri düşündürən bir sıra məsələlər üzrə dialoqun aparılması və parlament diplomatiyasının imkanlarından istifadə olunması, münaqişələrin sülh yolu ilə həll edilməsi önəmli məsələlərdəndir. Bu baxımdan Milli Məclisin təşəbbüsü ilə Bakıda keçirilən regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransın əhəmiyyəti böyükdür.

Söhbət zamanı bildirilib ki, Almaniya Cənubi Qafqaz bölgəsində özünəməxsus yer tutan Azərbaycanla əlaqələrin inkişafına böyük diqqət yetirir və gələcəkdə münasibətləri daha da dərinləşdirmək niyyətindədir.

Görüşdə Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Xanlar Fətiyev, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.