20 fevral 2020 19:26
1459

Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir

Dövlətimizin başçısı İlham Əliyevin İtaliyaya dövlət səfəri bu reallığı bir daha işıq salır

Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Yunanıstan, Polşa, Rumıniya və digər Avropa ölkələri ilə əlaqələrimiz  müxtəlif sahələrdə uğurla inkşaf edir.

Bu günlərdə cənab İlham Əliyevin Almaniya  səfəri, onun ardınca İtaliyaya dövlət  səfəri, səfərlər çərçivəsində əməkdaşlığın inkişafına xidmət edən görüşlər, müzakirə olunan məsələlər  xarici siyasətdə ikitərəfli əməkdaşlığın xüsusi önəmini bir daha təsdiqləyir.  Şübhəsiz ki, qarşılıqlı səfərlər  münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verməklə yanaşı, hər bir ölkənin malik olduğu imkanların təqdimatında, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayır.

2018-ci ildə dövlətimizin başçısı İlham Əliyevin Belçika Krallığına səfəri çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” adlı sənəd istər qurumla ölkəmiz, istərsə də quruma üzv dövlətlərlə Azərbaycanın əlaqələrinin bugünkü səviyyəsinə geniş işıq salır. “Tərəfdaşlıq prioritetləri” sənədində ayrı-ayrı sahələrdə əməkdaşlığın inkişafı  üçün mövcud imkanlar öz əksini tapıb. Azərbaycanın enerji təhlükəsizliyinin təminatında artan rolu Avropa İttifaqına üzv olan ölkələr tərəfindən yüksək dəyərləndirilir. Xatırlasaq, 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Cənub Qaz Dəhlizi haqqında” Birgə Bəyannamə imzalananda qurumun rəsmiləri bu fikri böyük inamla bildirmişdilər ki, bu əlaqələrin  gələcəkdə böyük potensialı vardır.  Məlum sənədi  əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirən  hər iki tərəfin rəsmilərinin çıxışlarında  bu fikir xüsusi yer almışdır ki,   Azərbaycan bu gün Avropa  İttifaqının ən böyük və etibarlı enerji  tərəfdaşlarından biridir. İmzalanmış sənədlər uğurla  həyata keçiriləcək,  Azərbaycan qaz potensialından öz xalqının rifahı,  gələcək inkişafı  və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək.  Tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq. Cənub Qaz Dəhlizinin rəsmi  açılışı mərasimindəki çıxışlarda da bu fikirlər öz əksini tapmışdır ki,   Cənub Qaz Dəhlizi  Xəzər dənizinin qaz resurslarını ilk dəfə birbaşa Avropa bazarlarına çıxaracaq, bütöv regionun enerji xəritəsini dəyişəcək.    

Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan bir ölkə rolunu oynadığını diqqətə çatdıran Avropa İttifaqının, həmçinin quruma üzv dövlətlərin  təmsilçiləri  bildirirlər ki,  Cənub Qaz Dəhlizi yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir.  Azərbaycan Avropa İttifaqına heç  vaxt bu qədər yaxın olmayıb. Onun iqtisadiyyatı Avropa bazarları ilə sıx inteqrasiya olunub və bizim əlaqələrimiz daha geniş, münasibətlərimiz  isə daha fəaldır. Avropa İttifaqı müasirləşmə islahatları ilə bağlı  Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və müxtəlif sahələrdə daha da dərin münasibətlər yaratmaq istəyir.

Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz  hazırda bu təşkilatın bir çox proqramlarında fəal  iştirak edir.  Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Dövlətimizin başçısının məlum səfəri çərçivəsində keçirilən görüşlərdə də bu fikir xüsusi qeyd olunur ki,  Avropa İttifaqı  Azərbaycanın əsas ticarət tərəfdaşı və  investorlarından biridir. “Tərəfdaşlıq prioritetləri” sənədində də qeyd olunub ki,  əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşqdırılıb.

Avropa İttifaqına daxil olan dövlətlərin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün  etibarlı təminatdır. Xarici ölkələrə səfərləri zamanı   Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində  ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına  əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını  artıran  Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi butun layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin  diqqətdə saxlanılacağını  vurğulamaqla qeyd edir ki, Avropa  Azərbaycan qazı üçün mühüm bazara  çevriləcək, eyni zamanda,  Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə  xidmət edəcək önəmli layihədir.

2018-ci ildə Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP istifadəyə verildi, 2019-cu ildə Avropa sərhədinə çatması qeyd olundu. Digər hissəsi olan TAP-ın istifadəsi isə cari  ilə gözlənilir. TAP Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə  İtaliyaya çatdıracaq. Dəyəri 2,2 milyard dollar həcmində proqnozlaşdırılan, əsas mənbəyi “Şahdəniz”in ikinci layihəsi olan TAP-ın səhmdarları  İsveçrənin “AXPO”,  Norveçin  “Statoyl”  və Almaniyanın “E.ON Ruhrqas” şirkətləridir. TAP layihəsinin  ölkələr arasında əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminlik ifadə olunur. “TAP Azərbaycan, Yunanıstan, İtaliya və və Albaniya arasında münasibətləri daha da  gücləndirəcəkdir. Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq. Bu, bizim hamımıza fayda verəcəkdir. TAP layihəsinin reallaşması nəticəsində  çoxlu işlər olacaq, minlərlə yeni iş yeri  yaradılacaqdır.  Bu da Azərbaycana Avropa bazarına enerjini təchiz etmək üçün yeni marşrutun yaradılmasından ibarət strateji  məqsədləri tam yerinə yetirmək imkanını verəcəkdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz bu məqsədə nail olacağıq, çünki bu günədək işlər qrafik üzrə gedir. İtaliya rəsmiləri də Azərbaycan qazının Avropaya nəqli üçün TAP-ın seçilməsini alqışlayaraq bildirmişdilər ki, bu, Avropanın enerji təhlükəsizliyi və rəqabət qabiliyyətinin gücləndirilməsi, eləcə də  İtaliyanın aparıcı ticarət tərəfdaşlarından olan Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsi yolunda  mühüm addımdır.

Xatırlasaq, İtaliya Prezidenti Sercio Mattarellanın  Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlərdə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolundan geniş bəhs edilərək, bu inam ifadə edilmişdir ki, Azərbaycanın qarşıdakı illərdə bu rolunu daha da artıracaq. “İtaliya bizim üçün birinci  ticarət tərəfdaşıdır.  Azərbaycan böyük həcmdə  neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var” söyləyən dövlətimizin başçısı İlham Əliyev əminliklə bildirmişdir ki,  gələcəkdə bu əməkdaşlıq dərinləşəcək.  Azərbaycan tərəfdaş ölkələrlə birlikdə  Cənub Qaz Dəhlizini uğurla icra edir. Atılan addımlar Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayır.  Dövlətimizin başçısı İlham Əliyevin məlum səfəri çərçivəsində İtaliya prezidenti Sercio Mattarella ilə görüşündə də iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud imkanlara diqqət yönəldilib.

Göründüyü kimi, dünya enerji bazarında  mövqeləri möhkəmlənən, investisiya imkanları  artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi, mövqeləri də möhkəmlənməkdədir. Dövlətimizin başçısı bir məqamı da xüsusi qeyd edir ki, birinci böyük layihələrin icrası nəticəsində  bizim şirkətlərimiz, demək olar ki,  ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Azərbaycanda  belə bir şərait yaratmışıq ki,  buraya  investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki,  lazımdır və biz də dövlət kimi  bunu edirik.

Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafına dövlətimizin göstərdiyi diqqət və qayğı dövlətimizin başçısı İlham Əliyevin bu və ya digər ölkələrə, həmçinin digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri zamanı keçirilən görüşlərdə də  xüsusi olaraq vurğulanır. İtaliya  Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə çox böyük önəm verir və bu, əminlik ifadə edilir ki,  İtaliya şirkətləri Azərbaycanda  energetika sahəsindən başqa digər sahələrdə də  öz fəaliyyətini qura bilər. Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır.

Hər bir səfər əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin İtaliyaya dövlət səfəri münasibətlərdə yeni mərhələnin əsasını qoymaqla yanaşı, Avropa İttifaqı ilə möhkəmlənən əlaqələrimizə də yeni əlavələr edəcək. Eyni zamanda,  Azərbaycan reallıqlarının  təqdimatına öz töhfəsini verən ikitərəfli əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi əvvəldə qeyd etdiyimiz kimi, xarici siyasətimizin prioritet  məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dəstəklənməsinə də öz müsbət təsirini göstərir.

Yeganə Əliyeva, “İki sahil”