23 yanvar 2020 20:16
1134

Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır

“Dünyanın bir illik iqtisadi gündəliyini müəyyən edən Davos İqtisadi Forumunun builki gedişatı bir daha göstərdi ki, Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə öz töhfələrini verməkdədir. Davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə paralel şəkildə əlaqələndirilməsi Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi kimi nüfuzunun artmasına kömək edib.”

Bu fikirləri İkisahil.TV-yə açıqlamasında siyasi analitik Elçin Mirzəbəyli bildirib.

Elçin Mirzəbəyli vurğulayıb ki,  Azərbaycanda bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycanda dinamik inkişafın və iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunmasında böyük işlər görülmüşdür. Davos Dünya İqtisadi Forumu Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət kursunun funksional və praqmatik olduğunu bir daha göstərdi. İsveçrədə işgüzar səfərdə olan ölkə başçısı Davosda dövlət və hökumət başçıları, beynəlxalq şirkətlərin rəhbərləri ilə mühüm görüşlər keçirir. Bu görüşlər zamanı şirkətlərin Azərbaycanla işbirliyi, əlaqələrin daha da şaxələnməsi üçün maraqlı təkliflər irəli sürülür, bəziləri isə qəbul edilir.

Hər  zaman olduğu kimi, görüşlərin sektoru kifayət qədər genişdir.  Dövlət, hökumət başçıları ilə, həmçinin dünyanın nüfuzlu şirkətləri ilə keçirilən görüşlər ilk növbədə Azərbaycanın önəmini ortaya qoyur. Digər tərəfdən isə keçirilən görüşlər Azərbaycana yeni investisiyaların cəlbi, yeni bazarların açılması istiqamətində atılan önəmli bir addımdır. Bildiyiniz kimi cənab Prezident hər zaman prioritet olaraq ölkə iqtisadiyyatının önündə gedən neft sektorunun inkişafı və Azərbaycan iqtisadiyyatının ixracyönümlü olmasını ortaya qoyub. Bu baxımdan prioritetlərin həyata keçirilməsi üçün keçirilən görüşlər geniş imkanlar yaradır və Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də Davos İqtisadi Formunun diqqət mərkəzində oldu.  Azərbaycan Prezidentinin ona ünvanlanan suallara tutarlı cavab verməsi, ölkəmizin maraqlarını önə çəkməsi  hesab edirəm ki, bütövlükdə Davos formatında bu günə qədər səsləndirilən ən önəmli bəyanatlardan biri idi. Burada söhbət təkcə dövlət başçısının səsləndirdiyi fikirlərdən getmir,  bütöv bir konteksdən dəyərləndiriləndə birmənalı şəkildə Azərbaycan nə Şərqin, nə Qərbin,  nə də ki, Şimalın deyil, bilavasitə öz maraqlarını önə çəkir və cənab Prezident İlham Əliyev ilk telefon zənginin Bakıya ediləcəyini bəyan etməklə bir daha xüsusi olaraq moderatorun sualının cavabı  olaraq, Azərbaycan üçün proritet mərkəz hər zaman Bakı olduğunu diqqətə çatdırdı.  Bizim üçün hansısa maraqların geosiyasi mərkəzləri yoxdur. Düşünürəm ki, bu aspektdən səsləndirilən bəyanat bir daha Azərbaycanın prinsiplərini, xarici, iqtisadi siyasət psrinsiplərini önə çəkdi və yenidən ölkəmiz hər zaman olduğu kimi, diqqət mərkəzində oldu.

E.Mirzəbəyli qeyd etdi ki, forum Azərbaycanda həyata keçirilən islahatların müəyyən bir mərhələsindən sonra gerçəkləşib. Azərbaycanda hökumətin yenilənməsi, yeni düşüncəli insanların hökumət nümayandəsi kimi təmsil olunması  dövlət quruculuğu prosesində iştirak etməsi, parlament seçkilərinə yeni yanaşma, cəmiyyətin düşüncəsi, ölkədə könüllülər hərəkatı kompleks şəkildə bir daha sübuta yetirdi ki, Azərbaycanda həyata keçirilən bütün proseslər dünyanın diqqət mərkəzindədir. Bu da öz növbəsində Azərbaycan Prezidentinin yürütdüyü siyasətin nə qədər qlobal xarakter daşıdığını ortaya qoyur.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”