18 yanvar 2020 18:42
912

Azərbaycan Fransa ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqda böyük potensial görür

Azərbaycan Fransa ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqda böyük potensial görür.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Radio France Internationale” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanla Fransa arasında qarşılıqlı anlaşma və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mövcuddur:

"Fransa Avropa İttifaqında bizim üçün əsas partnyorlardan hesab edilir. Fransa, həmçinin Azərbaycanın vacib iqtisadi tərəfdaşı, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Biz həmişə fransız həmkarlarımıza deyirik ki, Prezident Emmanuel Makron üçün Azərbaycan açıq ölkədir, dostluq münasibətləri mövcuddur. Bundan əvvəlki prezidentlər Sarkozi və Olland da Azərbaycana səfərlər ediblər. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev Fransada səfərdə olub. Birinci vitse-prezident Mehriban Əliyeva da Fransaya səfər edib. Birinci vitse-prezident Azərbaycanla Fransa arasında əməkdaşlığa xüsusi önəm verir".

H.Hacıyev qeyd edib ki, iki ölkə bu kimi müsbət amillərin əsasında irəli gedə bilər:

"Biz dialoqa əsaslanan siyasi müzakirələr, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün böyük potensial görürük. Fransa enerji şirkətləri, xüsusən də Total Xəzər regionunda fəaliyyət göstərir. Fransız kompaniyaları ölkəmizdə ictimai layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Bakı və Paris arasında gözəl münasibətlər var. Biz əməkdaşlığı daha da möhkəmləndirmək əzmindəyik".