13 yanvar 2020 15:33
984

Azərbaycan neftinin rəmzi: Akademik Xoşbəxt Yusifzadə - FOTO

Yanvarın 14-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, Heydər Əliyev Mükafatı laureatı, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Neft sənayesi tarixinin qızıl səhifələrində imzası olan akademik hələ də bu sahəyə töhfələr verməkdə davam edir.

Yanvarın 11-də Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 saylı məktəbdə görkəmli neftçi-alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə tədbir keçirilib.

112 nömrəli məktəb akademikin təhsilə başladığı məktəbdir.

Prezident İlham Əliyevin SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncam çərçivəsində keçirilən tədbirində yubliyar, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, SOCAR-ın nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.

Tədbirə məktəbin şagirdlərinin ifasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə start verilib. Daha sonra yeni ekranlaşdırılmış akademik Xoşbəxt Yusifzadənin həyat və fəaliyyətini əks etdirən "Azərbaycan neftinin rəmzi: Akademik Xoşbəxt Yusifzadə" filmi nümayiş olunub.

Qeyd olunub ki, akademik Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və onun zəngin potensialının üzə çıxarılmasında müstəsna xidmətlər göstərib, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazıb. Xoşbəxt Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən artıq neft-qaz yatağı kəşf edilərək istismara verilib. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi vardır. Geoloq-alimin neft və qaz sənayesinin aktual problemlərinin həllinə dair araşdırmaları layiqincə qiymətləndirilib.

Bundan sonra təhsil müəssisəsinin direktoru Xədicə Babayeva qonaqları salamlayıb, məktəbin tarixi və tanınmış məzunlarından bəhs edib, bu gün də məktəbin hər bir şagirdi üçün akademik Xoşbəxt Yusifzadənin bir ideal olduğunu bildirib. X.Babayeva X.Yusifzadə haqqında xoş sözlər söyləyərək məktəbə akademikin adının verilməsini təklif edib, onun 95 və 100 illik yubileylərinin burada keçirilməsini arzu edib.

Tədbirdə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov  çıxış edərək vurğulayıb ki,  ömrünün demək olar ki hamısını neft sənayesinə həsr edən alim müxtəlif illərdə bir sıra yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülüb.

X.Yusifzadənin keçdiyi ömür yolundan danışan SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti  onun Azərbaycan üçün böyük bir tapıntı olduğunu deyib: “Xəzər dənizinin Azərbaycan sektorunda kəşf edilən bütün yataqlarda X.Yusifzadənin imzası və möhürü var. Xoşbəxt müəllimi hər kəs çox istəyir. Bütün SOCAR kollektivi onun xətrini əziz tutur. Onun yeri SOCAR-da hər zaman görünür və hələ 100 illik yubileyinin də qeyd ediləcəyinə inanıram.”

Daha sonra Yusifzadələr ailəsinin yaxın dostu Akif Quliyev, qonşuları şair Oktay Sultan və Xoşbəxt Yusifzadənin bacısı qızı İradə Əsgərova çıxış edərək akademik haqqında xatirələrini bölüşüblər.

Tədbirdə yubilyara da söz verilib. Akademik Xoşbəxt Yusifzadə qəsəbədə keçən uşaqlıq və gənclik illərindən danışıb, tələbəlik illərini xatırlayıb. O, həmçinin Azərbaycanın neft sənayesində gördüyü işlərdən, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev ilə görüşlərini yada salıb.

Sonda yubilyar hər kəsə təşəkkür edib, xoşbəxtlik və düzgün həyat yolu arzulayıb. 

Orxan Vahidoğlu,
Samir Paşayev (foto),
“İki sahil”