06 iyun 2020 10:10
871

Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər mühüm ismarışlardır

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva AZƏRTAC-a müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin cəbhəboyu rayonlara səfəri və səfər zamanı Ali Baş Komandanın verdiyi ismarışların məqsədyönlü xarakter daşıdığını diqqətə çatdırıb.

- Qənirə xanım, Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Tərtər, Ağdam və Ağcabədiyə səfəri zamanı bir sıra mühüm tədbirlərdə iştirak etdi. Dövlətimizin başçısı yerli əhalinin nümayəndələri ilə görüşdə ictimaiyyətə mühüm mesajlar verdi. Bununla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı?

- Prezident İlham Əliyevin bütün səfərləri – istər ölkə daxilində, istərsə də xaricdə – həmişə özünə diqqət tələb edən hadisə olmaq etibarilə çox önəmli mesajlarla yadda qalır. Bu səfər də istisna deyil. Bununla belə, Tərtəri, Ağdamı, eləcə də Ağcabədini və səfər tarixini fərqli qılan bir xeyli səbəblər var. Ən azı onu xatırlayaq ki, Tərtər 2016-cı ilin Aprel döyüşlərində düşmənin diş qıcadığı, öz ağılları ilə yeni işğalçılıq planlarını cızdığı rayon idi. Bu barədə Azərbaycan Prezidentinin Tərtərdəki çıxışında da deyildi. Ağdam işğaldan öncə düşmənin göz dağı olub, işğala uğramamış, yaxud azad edilmiş kəndləri, qəsəbələri ilə yenə göz dağıdır. Ağcabədidə çoxsaylı məcburi köçkün həmvətənimiz məskunlaşıb və hər üç rayon öz ərazisi etibarilə ya ön cəbhədir ya da ön cəbhə üçün çox önəmli rayonlarımızdır. Mən özüm sərhəd rayonunda böyümüşəm, sonra telejurnalist olmuşam. Nəhayət, 2005-ci ildən Milli Məclisin deputatıyam və ön cəbhə, gərgin döyüşlər, ölüm-itim nə deməkdir, yaxşı bilirəm. Ona görə də, nəyi, nə vaxt, harada və necə etmək lazımdır sualının ən doğru cavablarını bilən ali dövlət rəhbərliyimiz, şəxsən Ali Baş Komandanımız bu səfəri təsadüfən planlaşdırmayıb. Prezident İlham Əliyevin məhz bu günlərdə Tərtərdə, Ağcabədidə verdiyi ismarışlar məqsədyönlü xarakter daşıyır.

- Siz daha çox işğalçı ölkəyə ünvanlanmış̧, işğal faktı və bundan irəli gələn məsələlər barədə fikirləri nəzərdə tutursunuz?

- Bəli. Biz səfər müddətində açılışı edilmiş müəssisələrin öz funksiyasına, təyinatına uyğun dəyərini bilirik, alqışlayırıq. Bununla belə, ölkəmizin “bir nömrəli problemi, hər düşünən vətəndaşımız üçün də “bir nömrəli vəzifə” olan ərazi bütövlüyü məsələsinə, düşmən işğalına son vermək barədə görülmüş işlərə daha çox diqqət yetirməliyik, o barədə danışmalı, iş görməliyik. Məhz bu səbəbdən məcburi köçkünlər üçün “Qobu Park - 3” yaşayış̧ kompleksinin açılışının 28 May - Respublika Gününə təsadüf etməsi və bu kompleksdən daha yaxşılarının işğaldan azad edəcəyimiz yaşayış məntəqələrimizdə salınacağı ilə bağlı dövlətimizin başçısının səsləndirdiyi fikirlər və bunun ardınca onun ön cəbhənin yerləşdiyi rayonlara səfər etməsi heç də təsadüfi deyil. Səfər müddətində hərbçilərlə görüş də daxil olmaqla, ümumilikdə bütün görüşlər və bu tədbirlərdə səsləndirilən fikirlər vətəndaşımıza da, torpaqlarımızı işğal altında saxlayanlara da çox aydın və mühüm əhəmiyyətli ismarışlardır. Burada açıqca hiss olunan və vətəndaş̧ olaraq qürur duyduğumuz məqamlardan bəzisini fərqləndirmək üçün belə ümumi mənzərəyə baxmaq kifayətdir. Baxın, əgər dövlət ön cəbhəyə yaxın ərazidə müəssisələr açırsa, bu, özgüvəndir, ordumuzun qüdrətinə əminliyin ifadəsidir, gələcək planların bu günə inikasıdır. Düşmənin qeyri-qanuni məskunlaşma siyasəti, qeyri-qanunu tikintiləri heç bir perspektiv vəd etmir və onların qarantiyası yoxdur, ola da bilməz. Ancaq biz doğma torpaqlarımızda dövlətimizin qüdrətinə və ordumuza güvənərək bu işləri görürük, görəcəyik. Guya, işğalçılar bunu başa düşmürlərmi? Guya, işğalçılar həqiqi statistikaya, ordularının psixoloji durumuna, təminatına, əsgərlərlə komplektləşdirmə problemlərinə bələd deyillərmi? Buna qarşılıq ortada iqtisadiyyatı, ordusu, vətənpərvər gəncliyi, haqq işə inanan əhalisi ilə Azərbaycan var. Biz, mütləq qalib gələcəyik. Bizim işimiz haqq işidir, bizdə dövlət-xalq birliyi mövcuddur və işğalçılardan fərqli olaraq, siyasi qibləmiz öz ölkəmizdədir, xərclərimizi özümüz qarşılayırıq. Ona görə də Prezidentin özünün də vurğuladığı kimi, işğalçılar da, o torpaqları öz güclərinə işğalda saxlamadıqlarının, tutduqları yanlış yoldan nə qədər tez çəkilsələr, bunun məhz özlərinin xeyrinə olduğunu idrak etməlidir. Yoxsa, Paşinyanın iki gündən bir əyninə hərbi səhra geyimi geyib Şuşaya, Xankəndinə gəlməsi ilə, oğlunu Qarabağa xidmətə göndərməsi ilə, torpaqlarımızı işğal altında saxlamaqla “demokrat qiyafəsi”ni də qorumağa çalışması, üstəlik, həyat yoldaşının da qeyri-səmimi sülh çağırışları etməsi həqiqətdən çox uzaqdır.

- Qənirə xanım, parlamentin Mədəniyyət komitəsinin sədri kimi, “Azərxalça”nın Tərtər filialının açılması və xalçaçılığın inkişafı ilə bağlı fikirlərinizi öyrənmək istərdik.

- “Azərxalça”nın Tərtər filialının açılması çox sevindiricidir. Orada müxtəlif ölçülü 43 dəzgah yerləşdirilib. Həmin dəzgahlarda milli ornamentli Azərbaycan xalçaları toxunacaq və o sırada əsas üstünlük orijinal Qarabağ xalça çeşnilərinə veriləcək. Dövlət başçısına verilən məlumatda deyildiyi kimi, bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın bölgələrindən toplanılan qədim xalçaları əsasında hazırlanıb.

Bildiyiniz kimi, Azərbaycanda xalçaçılıq tətbiqi sənət növü kimi, özündə qədimliyi və çağdaşlığı birləşdirir. Rəsmi və mənəvi sərhədlərimiz daxilində zaman-zaman aparılmış̧ arxeoloji qazıntılara, yazılı qaynaqlara görə, bizim xalça toxuculuğumuz 5 min il bundan öncəyə - uzaq tunc dövrünə gedib çıxır. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada şöhrət qazanıb, xalçalarımız dünyanın ən məşhur muzeylərini bəzəməkdədir. Hazırda xalça sənətimiz özünün dirçəliş dövrünü yaşamaqdadır. Dövlətimizin, şəxsən Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqları, imzaladığı sərəncamlar xüsusi önəm daşıyır.

Artıq ən yeni dövr Azərbaycan mədəniyyət tarixinin, çağdaş̧ mədəniyyətimizin fenomeninə çevrilən “Azərxalça”nın rəssamları tərəfindən görülən işlər yüksək qiymətə layiqdir. Beləliklə, həm əhalinin məşğulluq probleminin həllində ciddi addım atılmış̧ olur, həm bir neçə vətəndaşımız dədə-baba yurdunda yüksək əməkhaqqı ilə çalışmaq və qədim sənət növü ilə məşğul olmaq imkanı qazanır.

Onu da deyək ki, xalçaçılığın inkişafı da mənfur işğalçılara bir zərbədir. Bildiyiniz kimi, düşmən bizim çeşniləri öz adına çıxmaq mərəzindən qurtula bilmir. Biz də oturub onların mərəzdən sağalacağı günü gözləyə bilmərik və dövlətimiz bu istiqamətdə müvafiq addımlar atmaqda davam edir. Bu yerdə, təbii olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın UNESCO və digər beynəlxalq platformalarda milli sənətimizi, mədəni irsimizi yüksək səviyyədə, prinsipial və ardıcıl şəkildə təbliğ etdiyini minnətdarlıqla xatırlatmalıyam. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən müxtəlif layihələr milli sənətə dönüş̧, gənclərimizin milli irsə vaqifliyi və bu kimi vacib sahələri inkişaf etdirilməsi işində vacib rol oynayır. “Azərxalça”nın genişlənən fəaliyyəti də bu addımlarla yaxından səsləşir.