08 may 2020 21:34
1599

Azərbaycan Prezidentinin tarixi təşəbbüsləri öz müsbət nəticələrini göstərəcək

Ramil Həsən: Prezident İlham Əliyev qlobal təşəbbüslərin beynəlxalq praktikada tətbiqini uğurla realizə edir

Aprelin 10-da videokonfrans vasitəsilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fövqəladə Zirvə görüşündən sonra fəaliyyətdə olan sədr kimi Prezident İlham Əliyevin təlimatları və təşəbbüsü ilə hökumətin müvafiq strukturları arasında da əməkdaşlığın konkret istiqamətləri üzrə nəticələr əldə edilməsi məqsədilə bir-birinin ardınca Türk Şurasının müxtəlif istiqamətli toplantıları baş tutub. Bunlar aprelin 28-də keçirilmiş Türk Şurasının Səhiyyə nazirlərinin toplantısı, aprelin 30-da keçirilmiş nəqliyyat sahəsi üzrə nazirlərin toplantısı, daha sonra mayın 6-da keçirilmiş üzv ölkələrin İqtisadiyyat nazirləri və Gömrük idarələri rəhbərlərinin toplantısı və mayın 7-də baş tutmuş Miqrasiya sahəsindəki dövlət qurumu rəhbərlərinin toplantısı olub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Ramil Həsənin “Prezident İlham Əliyev qlobal təşəbbüslərin beynəlxalq praktikada tətbiqini uğurla realizə edir” sərlövhəli məqaləsində yer alıb.

Müəllif yazır: “Bütün qeyd olunanlara nəzər yetirdiyimiz zaman biz görürük ki, cənab Prezidentin dünya səviyyəsində irəli sürdüyü təşəbbüslər, pandemiyaya qarşı birgə mübarizə, qlobal bəladan birgə çıxış yollarının axtarılıb tapılması, eyni zamanda, ortaq mübarizə proqramlarının ortaya qoyulması, həmçinin iqtisadi tənəzzüldən və bir çox sahələrdəki çətinliklərdən çıxmaqla bağlı birgə konkret tədbirlər planının hazırlanması, ortaq sənədin qəbul olunması, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İttifaqı, BMT, Qoşulmama Hərəkatı kimi dünyanın bir çox nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlığa çağırışların edilməsi, bu çağırışlara dünya liderləri və beynəlxalq təşkilatlar tərəfindən müsbət rəy verilməsi dövlətimizin başçısının atdığı mühüm addımların tərkib hissəsidir. Burada əsas məqsəd qlobal idarəetmə mexanizmində konkret hədəflərin müəyyənləşdirilməsi və bu hədəflərə doğru birgə fəaliyyət mexanizminin işlənib hazırlanmasıdır. Əlbəttə ki, burada çox vacib faktları görə bilirik”.

Deputat qeyd edir ki, bu beynəlxalq təşəbbüslər içərisində ən sürətli şəkildə reaksiya verən və konkret istiqamətlərdə hökumətlərarası işçi qruplarını işə salaraq addımlar atan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasıdır. Şura, eyni zamanda, digər beynəlxalq təşkilatlar üçün model rolunu oynamaqdadır. Ümumiyyətlə, böhrana qarşı mübarizədə Azərbaycan modelinin yaranmasının əsas təşəbbüskarı qlobal təşəbbüslərin memarı olan Prezident İlham Əliyevdir.

Məlum olduğu kimi, İqtisadiyyat, Ticarət nazirləri və Gömrük idarələri rəhbərlərinin Türk Şurası çərçivəsindəki toplantısında çox önəmli qərarlar qəbul edilib. Həmin qərarlar Azərbaycan liderinin bu sahədə nə qədər uzunmüddətli və konkret hədəfə yönəlmiş təşəbbüslər irəli sürdüyünü bir daha göstərməkdədir.

COVID-19-a qarşı mübarizə çərçivəsində virusun təsirlərinin azaldılması üçün ortaq fəaliyyət strategiyasının həyata keçirilməsi, hökumətlər arasında keçirilən toplantılarda qəbul olunan qərarlardan biri kimi daxili və xarici idxal və ixracın stabilləşdirilməsi, müvafiq qurumların birgə əməkdaşlıq prinsiplərinin meydana çıxması, qida təhlükəsizliyinin çox əhəmiyyət kəsb etdiyi vurğulanaraq zəruri məhsulların üzv və müşahidəçi ölkələr arasında ortaq siyahısının təsdiq edilməsi və əlbəttə ki, dərman və tibbi ləvazimatların, humanitar yardımların və əsas istehlak mallarının gömrüklərdən sürətli keçirilməsi, qeydiyyatının aparılması məqsədilə yeni bir sistemin yaradılması yüklərin daşınması və lazımi yerlərə çatdırılmasında mühüm rol oynayacaq. Bununla bağlı Türk Şurasının İqtisadiyyat nazirlərinin toplantısında qərarlar qəbul edilib.

Eyni zamanda, idxal vergi dərəcələrinin aşağı salınması, yuxarıda adı çəkilən məhsulların sürətli keçidinin təmin edilməsi məqsədilə türkdilli dövlətlərin üzv və müşahidəçi ölkələri arasında yeni bir Yaşıl Dəhliz sisteminin tətbiq edilməsi bir daha Prezident İlham Əliyevin qlobal pandemiyaya qarşı mübarizə çərçivəsində irəli sürdüyü təşəbbüslərin həyatda tətbiqini göstərməkdədir.

Tərəflər ilk dəfə olaraq qida təhlükəsizliyi istiqamətində ortaq platformanın yaradılmasına qərar veriblər. Bu, çox önəmli amildir. Çünki bütün ölkələrin təhlükəsizlik prinsiplərinin içərisində qida təhlükəsizliyi ən önəmli yerlərdən birini tutur.

Eyni zamanda, aprelin 28-də keçirilmiş Səhiyyə nazirlərinin toplantısında ortaq tədarük sisteminin qurulması, dərman və tibbi materialların ortaq istehsalı, həmçinin bu sahədə atılan addımlara və digər struktur sahələrinə tam dəstək verilməsi qərara alınıb. Bununla yanaşı, məlum olduğu kimi, aprelin 30-da Türk Şurasına üzv dövlətlərin nəqliyyat sahəsi üzrə nazirlərinin toplantısı keçirilib və bu istiqamətdə Nəqliyyat Koordinasiya Mərkəzinin gücləndirilməsi məqsədilə İqtisadiyyat, Ticarət və Gömrük idarələri sahəsində məsul olan nazirlərin də bu koordinasiya qrupuna əlavə olunması qərara alınıb ki, işin sürəti artsın, həmçinin xidmət keyfiyyəti yüksəldilsin. Mal və xidmət dövriyyəsinin dayanıqlılığını daha güclü şəkildə təmin etmək məqsədilə Nəqliyyat Koordinasiya Mərkəzinin yaradılması və gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, tərəflər sənaye bölgələrinin, texnoparkların və ticarət yerlərinin qurulması, bu sahədə mövcud strukturların inkişafı və onların birgə istifadəsi ilə bağlı birgə razılıq əldə ediblər. Misal üçün, Türkiyəyə aid olan bir sənaye parkından birgə istifadə və ya Azərbaycana aid olan bir ticarət evindən birgə istifadə, üzv ölkələrin birgə fəaliyyəti, əslində Avropa İttifaqı modelinin türkdilli dövlətlər arasında tətbiqinə şərait yaradır. Bu, çevikliyi artırır, üzv ölkələrin biri-biriləri ilə iqtisadi, ticarət, enerji, nəqliyyat, vergi və gömrük sahələrindəki münasibətlərinin daha da gücləndirilməsinə böyük imkanlar yaradır.

Eyni zamanda, məlum olduğu kimi, neçə illərdir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ortaq Türk Sərmayə (İnvestisiya) Fondunun yaradılması ilə bağlı işlər aparılmaqdadır. Qlobal çağırışlar zəminində cənab Prezidentin verdiyi tapşırıqlara əsasən İqtisadiyyat nazirlərinin toplantısında bu məsələ xüsusi müzakirə olunub və Ortaq Türk İnvestisiya Fondunun sürətlə qurulması üçün nazir müavinləri səviyyəsində xüsusi komitənin yaradılması qərara alınıb. Milli valyutalardan istifadə olunması və bununla bağlı ortaq strategiyanın tətbiqi də qərarlar içərisində xüsusi yer tutur. Bu məsələ iqtisadi dayanıqlılığın artırılması, tənəzzülün qarşısının alınması və pandemiyadan sonrakı dövrdəki iqtisadi inkişafa mühüm töhfə verə biləcək əsas amillərdəndir.

Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından maksimum şəkildə istifadənin təşviq olunması, ortaq dəhlizlə yükdaşımalar istiqamətində dəstəyin verilməsi, Avropa-Asiya, Şərq və Qərb arasındakı yükdaşımalarda Bakı-Tbilisi-Qars dəmir yolunun rentabelliliyinin, dayanıqlılığının artırılması ilə bağlı üzv ölkələrin birgə addımlar atmasına dair qərarlar da bu istiqamətdə konkret təşəbbüslərin praktik həyatda təsdiqini tapmasının bariz nümunəsi olaraq qəbul oluna bilər.

Həmçinin burada çox önəmli məsələlərdən biri də XXI əsrdəki müasir texnologiyalar və innovativ yanaşmalara üzv ölkələrin hökumətlərinin sürətli reaksiya verməsidir. Burada rəqəmsal iqtisadiyyatın və onlayn ticarət sahələri üçün ortaq sistemin yaradılması meyarları əsas yer tutur. Bu məqsədlə onlayn ticarət sahələrinin genişləndirilməsi, əhalimiz və üzv ölkələrdəki vətəndaşlar arasında bu ticarət sahəsinin inkişaf etdirilməsi həm əsas məqsəd daşıyır, həm də rəqəmsal iqtisadiyyatın gücləndirilməsi və keçidi ilə bağlı münbit şərait yaradılmasına kömək edir.

Eyni zamanda, məlum olduğu kimi, Avropa İttifaqının üzvü olan Macarıstan Türk Şurasının tamhüquqlu müşahidəçi üzvüdür. Macarıstanın təklifi ilə maraqlı bir ideya ortaya çıxıb - Türk Şurasına üzv ölkələrin iş adamlarının fəallığını təşviq edərək ortaq şirkətlərin qurulması. Macarıstanın Avropa İttifaqında imkanlarından istifadə edərək imtiyazlı sərmayə imkanlarından faydalanması üçün ortaq fəaliyyət planının hazırlanması ilə bağlı məsələlər də üzv ölkələrin nazirləri arasındakı razılaşdırılıb.

Məlum olduğu kimi, miqrasiya sahəsindəki dövlət qurumu rəhbərlərinin toplantısı mayın 7-də baş tutub və pandemiya səbəbindən üzv ölkələrdə qalmış vətəndaşların müvəqqəti qeydiyyat proseslərində xüsusi yanaşmanın tətbiq olunması, onların karantin bitənə qədər həmin ölkələrdə rahat yaşaya bilmələri üçün müvafiq qanuni şəraitin və dəstəyin təmin edilməsi də qardaş dövlətlərin miqrasiya sahəsində birgə fəaliyyətinin əsas nəticəsi kimi ortaya çıxa bilər. Toplantı çərçivəsində iştirakçılar viza və yaşayış-iş icazələrinin verilməsi üçün görülən tədbirlər, tətbiq olunan prosedurlar və statistika haqqında məlumat mübadiləsi həyata keçirməklə, bir-birilərinin ərazilərində müxtəlif səbəblərə görə müvəqqəti qalan üzv və müşahidəçi ölkələrin vətəndaşlarına dəstək yollarını da müzakirə ediblər. Tərəflər bu müddətdə viza və yaşayış icazəsini pozan vətəndaşlara qarşı hər hansı bir inzibati və ya cinayət işi qaldırılmayacağı haqqında razılığa gəliblər.

Toplantının sonunda tərəflər bir-birilərinin ərazilərində yaşayan çox sayda vətəndaşı nəzərə alaraq, zamanında qarşılıqlı məlumat mübadiləsi, vətəndaşların viza və miqrasiya problemlərinin həlli üçün lazımlı tədbirlərin əlaqələndirilməsi, eyni zamanda, qəbul edilmiş qərarların icrası, epidemiya və ondan sonrakı dövrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün Miqrasiya Koordinasiya Qrupunun yaradılması haqqında razılığa gəliblər.

Deputat vurğulayır ki, yuxarıda qeyd olunanlar, eyni zamanda, yaxın günlərdə Qoşulmama Hərəkatının Səhiyyə nazirlərinin ortaq toplantısının keçirilməsi ilə bağlı qərar da Prezident İlham Əliyevin təşəbbüslərinin, təkliflərinin konkret nəticələri kimi qəbul edilməlidir. Bütün dünyanın koronavirus bəlası ilə mübarizə apardığı, supergüclərin belə çətinliklərlə üzləşdiyi bir dövrdə Azərbaycan Prezidentinin mühüm təşəbbüslərlə çıxış etməsi, ideyalar verməsi onun idarə edilənlər deyil, idarə edənlər siyahısındakı liderlər sırasına daxil olmasının əsasını qoyub. Ona görə də bu gün dünya liderləri, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan Prezidentinə çox hörmətlə yanaşır, onun təşəbbüslərinin əhəmiyyətini görür. Əminik ki, ölkələrin bu bəladan qurtulmasında, böhranın idarə olunmasında və postpandemiya dövründəki iqtisadi dirçəlişdə Azərbaycan Prezidentinin tarixi təşəbbüsləri öz müsbət nəticələrini göstərəcək.