KÖŞƏ

Vəli İlyasov

Azərbaycan Qoşulmama Hərəkatının lideridir

29 oktyabr 2019 19:50
142

Beynəlxalq arenada qısa müddətdə böyük nüfuz qazanmış Qoşulmama Hərəkatı zaman keçdikcə öz sıralarını daha da genişləndirir. Sülhsevər ölkələr bu Hərəkatda  təmsil olunmağa üstünlük verirlər. Ölkəmiz artıq bu təsisatda da möhkəm mövqeyə malikdir.  Xatırladaq ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən çox sayda dövlətini bir araya gətirən ikinci böyük təşkilatdır. Burada 120 üzv ölkədən əlavə  müşahidəçi statusu ilə 17 dövlət də təmsil olunur. Həmçinin BMT də daxil olmaqla 10 beynəlxalq təşkilat müşahidəçi qismində iştirak edir.

Bu mövzu ilə bağlı həmsöhbətimiz,  siyasi şərhçi Elçin Mirzəbəyli bildirdi ki, belə bir təşkilatda Azərbaycanın qısa  müddətdə uğur qazanması ölkə Prezidentinin yürütdüyü xarici siyasətin və zamanın çağırışlarına cavab verən fəaliyyətinin  göstəricisidir: “Zirvə görüşünün ölkəmizdə keçirilməsi və Azərbaycan Prezidentinin belə nəhəng təşkilata  üç  il müddətində sədr seçilməsi, o cümlədən ölkənin ərazi  bütövlüyü ilə bağlı birmənalı bəyanatın qəbul olunması Azərbaycanın ən böyük uğurlarından biridir. Yəni, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində 120 dövlət Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin həllinə dəstək verib. Bu, çox ciddi bir beynəlxalq uğurdur. Nəzərə almaq lazımdır ki, bu dövlətlərin hamısı, eyni zamanda, BMT Baş Assambleyasında da təmsil olunurlar. Həm də bu, o deməkdir ki, Baş Assambleyada Azərbaycanla bağlı yenidən hər hansı məsələ gündəliyə gələrsə, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması müzakirəyə çıxarılarsa, o zaman artıq 120 dövlətin mövqeyi ortalıqda olacaq. Düşünürəm ki, bu, ölkəmizin xarici siyasətində əldə olunmuş uğur kimi qəbul olunmalıdır”.

Əlbəttə, bu, Prezidentimizin on altı ildən bəri apardığı məqsədyönlü siyasətin nəticəsidir.  Belə böyük tədbirə ev sahibliyi etmək Azərbaycanın dünya dövlətləri arasında tutduğu mövqedən və  layiq olduğu qiymətdən xəbər verir.

Siyasi şərhçi qeyd etdi ki, prinsip etibarilə, bu,  təkcə Azərbaycanın ədalətli mövqeyinə dəstək olmaqla bərabər, eyni zamanda, Ermənistanın işğalçılıq mövqeyinin qınanmasıdır: “Hər hansı bir dövlət, xüsusilə  dövlətçilik anlayışını, beynəlxalq hüququ özü üçün prinsipial mövqe hesab edən və qəbul etdiyi qərarları öz siyasətində prioritet görən dövlətlər bu məsələdə Ermənistanla münasibətlərində müəyyən mənada ehtiyatlı davranacaqlar və Ermənistana işğalçılıq siyasətinə son qoyması üçün müvafiq qaydada təzyiq göstərəcəklər”.

Bütün bunlar  yüksək qiymətləndirilməli, Azərbaycanın yaxın gələcəkdəki siyasi fəaliyyətində öz müsbət təsirini göstərəcəyi xüsusi qeyd edilməlidir. Qoşulmama Hərəkatına üzvlük və onun sıralarında fəallıq göstərməyin özü Azərbaycanın uğurlu müstəqil xarici siyasət yeritməsinə ən bariz nümunədir.

Vəli İlyasov
Qiymət: O
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...