17 noyabr 2019 14:55
141

"Azərbaycan və Litva münasibətləri..."

Azərbaycan və Litva münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir.

Bunu Trend-ə özəl müsahibəsində Litva parlamentinin sədri, Azərbaycana səfər etmiş Viktoras Pranktsetis deyib.

O bildirib ki, səfərin məqsədi ikitərəfli əlaqələrin aktivləşdirilməsi və münasibətlərin həm siyasi, həm də iqtisadi sahələrdə daha yüksək səviyyəyə qaldırılması idi:

"Litva parlament sədrinin Azərbaycana son səfəri səkkiz il əvvəl baş tutub. Biz indi parlamentlərarası qrup çərçivəsində əlaqələrimizi bərpa etmişik. Qrupa Litva parlamentinin 64 üzvü daxildir ki, bu da parlamentin təxminən yarısı deməkdir. Azərbaycan tərəfindən qrupda 14 nəfər iştirak edir".

Spiker vurğulayıb ki, Litva Avropa İttifaqının (Aİ) üzv ölkəsi olaraq Aİ ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin imzalanmasında maraqlıdır:

"Əlbəttə, bizi Azərbaycanla Aİ arasında sazişin imzalanması, eləcə də tərəflər arasında viza məsələləri maraqlandırır. Azərbaycan həm də bu il 10 yaşı tamam olmuş "Şərq tərəfdaşlığı" proqramının iştirakçılarından biridir".

V.Pranktsetis, həmçinin Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması üzrə mövqeyə dəstəyini ifadə edib:

"Litva Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması mövqeyini dəstəkləyir. Bu münaqişənin həll olunması üçün danışıqlar masasına oturmaq lazımdır. Bu məsələ gündəmdə dayanır. Bu münaqişənin həlli məsələsini bütün Aİ məkanında qaldırmaq lazımdır. Hamı başa düşməlidir ki, bu problemi həll etmək lazımdır".